Bir cəbhə kəndində - REPORTAJ

Bir cəbhə kəndində - REPORTAJ
15:14 26 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Qoşunların təmas xəttində gərginlik davam edir. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər cəbhəyanı kəndlərdə dinc əhalini atəşə tutmaqdan çəkinmir.
 
Ermənilər yaşayış məntəqələrini minaatanlardan, qumbaraatanlardan, topdan və hətta tankdan belə atəşə tutur.
 
Məcburi köçkün Nurəddin Sadıqov: "Qabaqlar yenə avtomatdan atırdılar. İndi yekə silahlardan atırlar. Atırlar səhərdən bəri. Görə-görə gəlmişik. Heç nədən qorxub eləmirik".
 
Çəkiliş zamanı yolun kənarında qarşılaşdığımız 85 yaşlı İsmayıl baba rayonun Baş Qərvənd kəndindən məcbur köçkün düşdükdən sonra Ayaq Qərvənd kəndində oğlu ilə birlikdə yaşayır. İsmayıl babanın 7 övladından 6-sı məcburi köçkün kimi respublikanın müxtəlif şəhər və rayonunda məskunlaşıb. Uşaqları çox çalışsa da, onu başqa yerə apara bilməyiblər: "Gedəndə də bir gün, iki gün qalıram, ondan sonra gəlirəm. Qala bilmirəm, çox qala bilmirəm. Torpaq çəkib gətirir. Burda məni saxlayan öz torpağımdı. Bax, o kənddən sonra Şıxlardır, sonra Qərvənddir. Mən Qərvənddənəm. Bura köçkün gəlmişəm".
 
İsmayıl baba bu ahıl vaxtında kərpic daxmada yaşayır. Deyir ki, hər gün burdan öz kəndimə baxmaq, ora geri qayıtmaq ümidi onu yaşadır: "Bizim körpümüz var orda. Körpüyə baxmasam, mənim ürəyimə yatmır. Körpüyə baxıram, görürəm salamatdır, canım rahat olur".
 
Cəbhə kəndində hər bir kadr müharibənin izlərini daşıyır. Həyətlərdən keçən səngərlər, torpaqdan yaradılmış, daşdan hörülmüş istinad divarları. Qolu-qıçı sınmış gəlincik, başını itirmiş Şaxta baba....
 
Cəbhə kəndinin insanları həyatları bahasına yaşam mücadiləsini davam etdirir. Hər şey o qədər adiləşib ki, traktora qoşulmuş yük qoşqusunda daşınan ot bağlamalarının üstündə oturan bu yeniyetmə həyatının təhlükə qarşısında olduğunun fərqində deyil. Halbuki düşmən hər an atəş açaraq bu oğlanın həyatına son qoya bilər.
 
Cəbhə kəndində yaşayanlar axşama doğru ermənilərin fəallaşacağını bilir. Hava qaralmadan hər kəs mal-qarasını sahədən gətirir, uşaqlar evə toplanır. Qaranlıq düşər-düşməz kəndin cavanları bir yerə yığılır. Ola biləcəklərdən kəndi agah etmək üçün səhəri dirigözlü açırlar. Bu səksəkəli həyata son verilməsini səbirsizliklə gözləyirlər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR