Dollar qıtlığının gətirəcəyi qlobal problemlər

Dollar qıtlığının gətirəcəyi qlobal problemlər
16:47 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Honq-Konqda yerləşən "Bocom İnternational Holdings" investisiya şirkətinin Çin bazarları üzrə əsas strateqi Xao Xun Çində dollar likvidliyinin yarandığını bildirib. O qeyd edib ki, dollar qıtlığının yaranması son 40 ildə dəfələrlə böhranların xəbərçisi olub. Dollar qıtlığı əsasən 1970-ci illərdə neft bazarının çökməsinə, 1980-ci illərdə Latın Amerikasında borc böhranına, 1997-ci ildə Asiya valyuta bazarlarında iflaslara və 2008-ci ildə qlobal böhrana gətirib çıxarıb. Qeyd edək ki, Xao Xun Çin fond bazarının yüksəlməsi və düşməsini ən dəqiq proqnozlaşdıran bir neçə iqtisadçıdan biridir.
İqtisadçı bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini artırması, ABŞ-ın tədiyyə balansının yaxşılaşması və dolların möhkəmlənməsi 2016-cı ildə yüksək borc əmsalına sahib Çin iqtisadiyyatına ciddi təsir göstərəcək. Dollar likvidliyi qıtlığı yüksək ehtimalla Honq-Konqun əmlak bazarında və Çinin onlayn-kreditləşmə ilə yüksək gəlirli korporativ istiqrazlarında görüləcək. Yuan uzun illər carry-treyd əməliyyatları üçün Asiyanın ən sərfəli valyutası hesab olunub. Qeyd edək ki, carry-treyd əməliyyatları bir ölkənin aşağı faizlə milli valyutasında borc alıb o biri ölkənin valyutasında faiz qazanmaqdır. Lakin 2015-ci ildə o, dollarla müqayisədə 4,2% zəifləyib və nəticədə Çin və ABŞ dövlət qiymətli kağızları arasındakı fərq son 5 ilin minimum səviyyəsinə enib. Son 3 ildə Çin şirkətləri rekord tempdə valyuta borclanmasına getdiyi halda, hazırda zərərdən sığortalanmaq üçün dollar almağa başlayıblar.
"Müsbət carry-treyd ilə cəhənnəmə gedən yol artıq açıqdır", - Xao Xun bildirib. Son illərdə yuanın möhkəmlənməsi fonunda investorlar dollar istiqrazları ilə borclanıb yuan istiqrazlarına investisiya ediblər. Həm faizdən qazanıblar, həm də yuanın möhkəmlənməsindən. 2014-cü ildən isə vəziyyət dəyişib. Yuan 2014-cü ildə 2,4%, 2015-ci ildə isə 4,2% ucuzlaşıb. Bu da investorları tezliklə yuan mövqelərindən çıxaraq dollar borclarını bağlamağa sövq edir. Nəticədə dollar qıtlığı daha da artır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dollar-qitligi-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR