Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təhlükəsizliyimiz necə qorunur?

Təhlükəsizliyimiz necə qorunur?

Date: 26 December 2015 17:37

Təhlükəsizlik müasir dünyanın prioritet məsələlərindədir.

Həyatımızı hər an təhdid edən terror, obyektiv və subyektiv səbəblərdən baş verəcək faciələrdən sığortalanmaq üçün ölkələr təhlükəsizlik məsələsinə xüsusi önəm vermək məcburiyyətindədir.

Müharibə şəraitində yaşadığımızdan, yerləşdiyimiz coğrafi məkanın mürəkkəbliyindən Azərbaycan da bu məqama xüsusi diqqət yetirməyə məhkumdur.

Təhlükəsiziliyin təmini olduqca mürəkkəb məsələdir, birmənalı. Çünki faciənin nə zaman haradan, kimdən gələcəyini bilmirsən. Bu səbəbdən də daim sayıq olmaq şərtdir.

Ölkədə təhlükəsizlik məsələsi son Nardaran hadisələrindən sonra yenidən aktuallaşdı. Bu məsələyə MTN olaylarını da əlavə etsək, bu mənada vəziyyətin ciddiliyi, yəqin ki, çoxlarına əyan olar.

Nardaran qəsəbəsində baş verən məlum hadisələrdən sonra orada və yaxın yaşayış məntəqələrində məktəblərə nəzarət gücləndirilib və bu nəzarəti dövlətin güc strukturları həyata keçirir.

Lakin məlum məsələdir ki, insanların kütləvi istifadəsində olan obyektlərə yanlız dövlət orqanlarının əməkdaşları tərəfindən deyil, həm də təhlükəsizlik şirkətləri tərəfindən nəzarət edilir. Maraqlıdır, hazırkı həssas dönəmdə qeyri-dövlət (özəl) müəssisələrinə təhlükəsizliyimizi nə dərəcədə etibar edə bilərik. Onların peşəkarlıq, texniki imkanları hansı səviyyədədir?

Təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyevlə söhbətimiz zamanı bu suallara cavab almağa çalışdıq. Açıqlamasına Nardaran olaylarından sonra yaranmış vəziyyətin izahı ilə başlayan ekspert məlum hadisələrdən sonra ölkədə insanların daha çox cəmləşdiyi, strateji obyeklərdə, qapalı məkanlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təbii hesab edir: "Praktikada həmişə bu kimi hadisələrdən sonra təhlükəsizlik tədbirləri gücləndirilər. Polis postları qurulur, əlavə növbəyə işçilər cəlb olunur. Eləcə də, dövlət-özəl müəssislərində, şirkətlərdə, iaşə və ticarət obyeklərində daha ciddi nəzarət həyata keçirilir. Əsas da nəzarətin gücləndirildiyi təhsil müəssisələridir".

Onun sözlərinə görə, təhsil müəssisələri polis nəzarətində və qeyri-dövlət (özəl) müəssisələrinin mühafizə xidməti tərəfindən mühafizə oluna bilər:

"Bizdə, əsasən, fövqəladə vəziyyət olanda polis nəzarətində stasionar postlar qurulub mühafizə olunur. Digər vaxtlar təhsil müssisələri özəl mühafizə xidməti və təhsil müəssisəsinin daxili nəzarətçiləri tərəfindən mühafizə olunur. Əsasən, içəri girən tələbələrdən tələbə bileti, şagirdlərdən vəsiqə göstərib keçmələri tələb olunur. Kənar şəxlərin buraxılmaması təmin edilir".

E.Nurəliyev bu mənada Avropa təcrübəsini də diqqətə çatdırdı:  

Avropada olan orta və ali təhsil müəssisələri xüsusi kurs keçmiş özəl mühafizə (security) tərəfindən mühafizə edilir. Lakin xüsusi statuslu nüfuzlu universitetlər, Böyük Britaniyanın Oxsford, ABŞ-ın Harvard və s., bu kimi ali məktəblər həm polis, həm də xüsusi kurs keçmiş silahlı mühafizə tərəfindən mühafizə olunur. Demək olar ki, universitet ən son model texnoloji avadanlıqlarla, elektron və İP kamera sistemi ilə təchiz edilib. Siqnalizasiya sistemi, fövqəladə vəziyyətdə SOS siqnal sistemi (bütün mərtəbələrdə istiqamət göstərən "traparetler"), tibbi yardım briqadası, internetsiz məlumat mesaj sistemi və.s. var.

Ekspertin sözlərinə görə, Azərbaycanda özəl mühafizə işi Prezident İlham Əliyev tərəfindən 10 aprel, 2007-ci il tarixli "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" təsdiq olunmuş qanunla tənzimlənir. Mühafizə xidmətinin əməkdaşları xüsusi kurs keçəndən sonra onlara sertifikat verilir və obyektlərə xidmətə göndərilir".

E.Nurəliyev etiraf edir ki, hər sahədə olduğu kimi özəl mühafizə sahəsində də qeyri-peşəkar, səhlənkar mühafizəçilər var. Ona görə də bu sahəyə cəmiyyətdə baxış o qədər də qənaətbəxs deyil: "Mühafizəçi xidmətdə olduğu şirkətin güzgüsüdür. Geyimindən tutmuş, davranış qaydalarına, nəzakət qaydalarına, daxili nizamnaməyə əməl etməli, həm gələn qonaqların, həm də şirkətdaxili işçilərin hörmət və inamını qazanmalıdır. Əgər mühafizəçiyə xidmətdə olduğu obyekdə hörmət, inam olmasa, hər hansı fövqəladə vəziyyət zamanı davranış qaydalarını həyata keçirə bilməz və bu, çox ciddi, xoşa gəlməz nəticə ilə bitər".

Ekspert deyir ki, özəl mühafizə xidmətinə silahların verilməsi onun təyinatı, istifadə qaydası haqqında yalnız xüsusi kurs kecmiş və sertifikat veriləndən sonra həyata keçirilir: "Təbii ki, silahdan istifadə üçün xüsusi kurs kecmiş mühafizəçilərə silahların verilməsi müsbət haldır. İnkisaf etmiş ölkələrdə mühafizə sistemi daha müasir qurulur. Demək olar ki, insan əməyindən maksimum az istifadə edilir. Əsas üstünlük texniki, elektron, video-nəzarət müşahidə kameralarına verilir. Hətta ən strateji obyekt olan banklarda mühafizə olmur. Bütün obyekt video-nəzarət, kamera-siqnalizasiya sistemləri, yanğın təhlükəsizlik sistemleri ilə təchiz olunub. Hər hansı bir hadisə baş verərsə, siqnal məlumatı ötürür və polis tərəfindən nəzarətə götürülür".

E.Nurəliyev hesab edir ki, təhlükəsizliyin təminində vətəndaşların üzərinə də məsuliyyət düşür: "Təhlükəsizlik hər bir işdə, həm də şəxsi həyatda bizim üçün önəmlidir. Bunun üçün əsasən cəmiyyətdə ictimai təhlükəsizlik anlayışını formalaşdırmaq lazımdır. Gordüyü, qabaqcadan planlaşdırılan hadisələr barədə məlumatlı olduqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməklə ictimai təhlükəsizliyi, öz təhlükəsizliyimizi qorumuş oluruq".

Ömər
Milli.Az


Tags:  Təhlükəsizliyimiz qorunur


RƏYLƏR


Top news