Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Əl-Omah”: Azərbaycan dünyada həmrəyliyi təbliğ etməyə çalışır

“Əl-Omah”: Azərbaycan dünyada həmrəyliyi təbliğ etməyə çalışır

Date: 26 December 2015 17:53


Qahirə, 26 dekabr, AZƏRTAC
Bu il Bakıda birinci Avropa Oyunları müvəffəqiyyətlə keçiriləndən sonra Azərbaycan fəal surətdə IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə hazırlaşır. Misirdə çıxan “Əl-Omah” nəşrinin yazdığına görə, İslam Oyunlarının hələ il yarımdan sonra keçiriləcəyinə baxmayaraq, Azərbaycan artıq bu Oyunları qəbul etməyə tam hazır olduğunu bəyan edib.
AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırdır” sərlövhəli məqaləsində bildirilir ki, İslam Həmrəylik İdman Federasiyasının (ISSF) Baş Assambleyası Oyunların Bakıda keçirilməsi barədə qərar qəbul edəndən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Birinci Avropa Oyunlarında olduğu kimi bu dəfə də Təşkilat Komitəsinə Mehriban Əliyeva başçılıq edir.
Nəşr yazır ki, artıq Bakıda Təşkilat Komitəsinin birinci iclası keçirilib. İclasda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkəmiz İslam dünyasının bir hissəsidir. Bu Oyunların da ən yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcək. Azərbaycan dövlətinin başçısı xüsusi vurğulayıb ki, İslam Oyunları istər planetimiz, istərsə də İslam dünyası üçün böyük beynəlxalq tədbir və əhəmiyyətli idman yarışıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha nümayiş etdirir ki, ölkəmiz dünya miqyasında böyük hörmət qazanıb. Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan dinamik inkişaf edən müasir və demokratik ölkədir, multikulturalizm mərkəzidir, dostluq və əməkdaşlıq diyarıdır. Burada bütün xalqların və dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Yaxın gələcəkdə Azərbaycanda “Formula-1”, Dünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlar keçiriləcək və bu yarışların təşkili ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət edəcək.
Sonra nəşr İslam Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadan sitat gətirir. Azərbaycanın birinci xanımı əmin olduğunu bildirib ki, bu Oyunlar ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının etimadını doğruldacaq. M.Əliyeva xüsusi vurğulayıb ki, Təşkilat Komitəsi birinci Avropa Oyunlarına hazırlıq və bu Oyunların keçirilməsi dövründə böyük təcrübə toplayıb. Bu günə qədər keçirilən tədbirlər Azərbaycanın qüdrətini, potensialını və təşkilatçılıq qabiliyyətini nümayiş etdirib. Təşkilat Komitəsi başçısının sözlərinə görə, qarşıdan gələn İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Məqalədə İslam Həmrəylik İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Krallığın Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərindən danışılır. O, Azərbaycan Prezidenti ilə görüşündə ölkənin coşqun inkişafını, Azərbaycanda ən yüksək səviyyədə idman strukturunun yaradılmasını yüksək qiymətləndirib, ölkəmizin İslam Həmrəylik Oyunlarının keçirilməsinə tam hazır olduğunu məmnunluq hissi ilə qeyd edib.
Nəşr 40-dan çox ölkənin təqribən 90 nümayəndəsinin iştirakı ilə Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasının keçirilməsi barədə də ətraflı məlumat verib. ISSF-in vitse-prezidenti Hamad Kalkaba Malboum iclas iştirakçılarının ümumi fikrini ifadə edərək bildirib ki, ISSF ölkəmizin IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini, dünyada həmrəyliyi təbliğ etmək səylərini yüksək qiymətləndirir.
Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan İslam dünyasında həmrəyliyin və müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanın inkişafına həmişə böyük töhfə verir.
Sonda bildirilir ki, 57 İslam ölkəsindən 5 mindən çox idmançının iştirak edəcəyi İslam Həmrəylik Oyunları 2017-ci il mayın 12-22-də keçiriləcək.

Tags:  Əl-Omah Azərbaycan dünyada həmrəyliyi təbliğ etməyə çalışır


RƏYLƏR


Top news