Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Aktauda qeyd edilib

Date: 26 December 2015 18:38


Aktau, 26 dekabr, AZƏRTAC 
Azərbaycanın Aktaudakı baş konsulluğu Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə Prezident İlham Əliyevin 31 Dekabr - Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunub.
Sonra Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Həmrəylik Günü haqqında məlumat verib. O, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən, xaricdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından söhbət açıb.
Daha sonra azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, istefada olan mayor Bəxtiyar Məsimov, Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzinin sədri Zakir Əkbərov, Türkiyənin Aktaudakı baş konsulu Korxan Küngerü çıxışlar ediblər. Onlar Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyi bir vaxtda azərbaycanlıların daha sıx birləşməsinin vacibliyini qeyd ediblər.
Çıxışlardan sonra Aktauda təhsil alan azərbaycanlı tələbələr, şəhərdəki 6 nömrəli məktəbdə fəaliyyət göstərən, Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri və azərbaycanlı musiqiçilər tərəfindən ölkəmizlə bağlı şeirlər səslənib, musiqilər ifa olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau

Tags:  Dünya Azərbaycanlılarının Həmrəylik Günü Aktauda qeyd edilib


RƏYLƏR


Top news