Gücünüzü içinizdə axtarın

Gücünüzü içinizdə axtarın
19:17 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hələ qloballaşma deyilən mövzu ortaya çıxandan sonra məsələ bir az da qəlizləşib. Nədir qloballaşma? - Dünyada ortaq mədəniyyət, ortaq düşüncə və həyat tərzi təmin etmək cəhdi. Bütün bunlar nə qədər özünü doğruldacaq, bu, əlbəttə gələcəyin işidir. Ancaq bizim bildiyimiz elə şeylər var ki, onlardan güzəştə getmək çətindir. Həqiqətən, həyatımızda elə məqamlar var ki, bir qədər fərqli yaşasaq, güzəştə getsək, bəlkə də qazanarıq. Ancaq elə məqamlar da var ki, bir addım belə güzəşt yeri yoxdur. Min illərdən bəri sınanıb qəbul olunmuş keyfiyyətlər var. Məsələn, insan heç vaxt doğruluqdan, ədalətdən güzəştə gedə bilməz. Bunlar bizim əsas prinsiplərimizdir. İnsan həmişə böyüyünə ehtiramla, kiçiyinə mərhəmətlə yanaşmalıdır. Bunlar da bizim milli dəyərlərimiz, pozulmaz normalarımızdır. Namus anlayışı var, xeyirxahlıq düşüncəsi var, yardım etmək var, əldən tutmaq var - bunlar da bizim dəyərlərimizdir. Yəni, məsələyə kompleks yanaşdıqda bizim pozulmaz bir əxlaq sisteminə sahib olduğumuz ortaya çıxır. Belə olan halda, dünya ilə qloballaşarkən hansı prinsiplərimizdən keçməli olduğumuzu yaxşı düşünməliyik. Bəşər tarixində dəfələrlə isbat olunub ki, insanlıq öz məcrasından çıxanda fəlakətə uğrayır. Bu mövzuda kifayət qədər nümunələr göstərmək olar. Ancaq onlara ehtiyac görmədən bir şeyi vurğulamaq istəyirik ki, fərdlərin gücü cəmiyyətin düzgün qanunlarla idarə olunmasındadır. Buna görə də, istər qloballaşmaya gedək, istər bütövləşməyə, bütün hallarda fitrəti və fitrətin qarşımıza qoyduğu vəzifələri unutmamalıyıq. İki adam döyüş meydanında üz-üzə gələndə özünə güvənən, güclü olan sakit olur, hay-küy salmır, qorxan isə qarşı tərəfə psixoloji təsir göstərməyə çalışır, onun gözünü qorxutmaq üçün cürbəcür oyunlardan çıxır. Qloballaşma müəyyən mənada elə o döyüş meydanına girmək kimidir. Gücümüzü içimizdə axtaraq. Çünki gücümüzdən kifayət qədər istifadə edə bilsək, inanın ki, ləyaqətimizdən heç bir şey əskilməyəcək. Onda qarşı tərəfi doğru yola qaytarmaq da asan olacaq. Bizim də əsas vəzifəmiz bu yolda siz əziz oxucularımıza işıq tutmaqdır. İçinizə baxın, əziz oxucular, gücü, dəyanəti içinizdə tapın.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR