Dünyanın ən xeyirlisi

Dünyanın ən xeyirlisi
21:57 26 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Allahın Ona səlatı onu dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.

O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir;

O, Allahın Elçisi, Sevimlisidir; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfidir;

O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibidir;

O, Bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşiddir;

O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nurdur;

O, Allah-Təalanın Qurani-Kərimdə "Allaha iman etdim deyənlər Ona itaət etsinlər" buyurduğu Böyük Vəkil, Xəlifədir;

O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçidir;

O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustadır; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.

O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, Günəşdən də, Aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cisimlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir.

O, Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir, amma dediyimiz kimi, Onun gözəlliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər.

Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.

Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər.

Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada Ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzuli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:

Suya versin bağban, bihudə zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə, onun adını öz şeirlərinə qatıb, yazdıqlarına da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.

***

Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.

O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirdisə, vermək üçün istəyirdi; Onun yolunu tutmaq Ondan çox bizə qazandırar, bizi qurtuluşa çıxarar; bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki,  Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək, Pəsulullahı sevmək, həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.

Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa, bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.

***

Qurani-Kərim Onu bizə təqdim edir, tanıdır:

- Biz Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya surəsi-197).

- And olsun, sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməniz Ona çox ağır gəlir. O, sizdən ötrü (sizin iman gətirməyiniz üçün) çox təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir (Tövbə-128).

- (Ey Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim yolumu tutun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, mərhəmət edəndir.

***

Uşaqları sevər, onların başına sığal çəkər, kiçikləri qucağına alardı. Azad-kölə, varlı-kasıb, kim olursa-olsun, bütün insanlar onun nəzərində bərabər idi, kimin əxlaqı üstün idisə, o daha üstün idi. Hamı ilə hal-əhval tutar, xətrini soruşardı. Mədinənin kənar məhəllələrindəki xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların ona salam verməsini gözləmədən birinci özü salam verərdi. "Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz" deyərdi. Namaz qıldığı zaman birisi gələrdisə, namazını qısa kəsərək onu gözlətməz, istədiyini öyrənərdi. Hamıya gülərüzlə, şirin dillə cavab verərdi. Dodaqlarında daima xoş bir təbəssüm olardı, xoş sözün də, təbəssümün də sədəqə olduğunu bildirirdi.

Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə möhtac olan sinfinə - yoxsullara və zavallılara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Xüsusilə, kiçik uşaqları çox istəyərdi. Qızlarının kiçik uşaqları namaz qılanda üstünə dırmaşar, O, onlara hirslənməz, bir şey deməzdi.

***

Ailə həyatında da gözəl rəftarı ilə hamının könlünü alar, heç kimi incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını yamayar, ya da qoyunlarını öz əli ilə sağardı. Heç işsiz oturmazdı. Həzrəti-Xədicə ona:

- Ya Əbül Qasim, özünü yorma, evdə iş görənlər var, sən dincəl, - deyərdi.

O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:

- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.

Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə qoyub ona əlindən gələn yardımı edərdi. Ona əl açanları boş qaytarmaz, evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir şey olmayanda bir başqasından borc alıb verərdi.

***

Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.

Ona, nəslinə və Əshabına səlatü-salam olsun.

***

Bir nəfər peyğəmbərimizlə üzbəüz gələrək Ondan soruşur:

- Ya Rəsulullah, hansı əməl daha fəzilətlidir?

- Gözəl əxlaq, - buyurdu.

Adam sağ tərəfdən, sol tərəfdən və arxa tərəfdən gələrək yenə eyni sualı soruşdu və peyğəmbərimiz hər dəfə eyni cavabı verdi və axırıncı dəfə belə cavab verdi:

- Niyə anlamırsan, gözəl əxlaqdır, o da gücün çatarsa, hirslənməməkdir.

Süleyman Çələbi

Sevimli Peyğəmbərimizin (s.ə.s.)

Mövludi-şərifindən parçalar

Allah adın zikr edəlim əvvəla,

Vacib oldu cümlə iştə hər qula.

Allah adın hər kim ol əvvəl ana.

Hər işi asan edər Allah ona.

Allah adı olsa hər işin önü,

Hərgiz əbtər olmaya anın sonu.

Bir kəz Allah dersə şövq ilə lisan,

Tökülür cümlə günah misli-xəzan.

İsmi-Pakin pak olur zikr eyləyən

Hər murada yetişir Allah deyən.

Eşq ilə gəl indi Allah deyəlim,

Dərd ilə, göz yaş ilə ah edəlim.

Ola kim rəhmət qıla ol padişah,

Ol Kərimü, ol Rahimü ol ilah.

***

Bu gələn elmi-lədun sultanıdır,

Bu gələn tövhidi-irfan kanıdır.

Bu gələn eşqinə dövreylər fələk,

Yüzünə müştaqdürür insü-mələk.

Bu gecə ol gecədir kim, ol şərif,

Nur ilə aləmləri eylər lətif.

Bu gecə şadan olub ərbabi-dil,

Bu gecəyə can verir əshabi-dil.

Rahmətən lil-aləmindir Mustafa,

Həm şəfi ül-müznibindir Mustafa.

***

Cümlə zərrati-cahan edib səda,

Çağrışuban dedilər kim, mərhəba!

Mərhəba ey ali-sultan, mərhəba!

Mərhəba ey kani-ürfan, mərhəba!

Mərhəba ey sirri-Furkan, mərhəba!

Mərhəba ey dərdə dərman, mərhəba!

Mərhəba ey bülbülü-bağı-cəmal,

Mərhəba ey dərdə dərman, mərhəba!

Mərhəba ey mahü xurşidi-Xuda,

Mərhəba ey Haqdan olmayan cüda!

Mərhəba ey asi ümmət məlcəi,

Mərhəba ey çarəsizlər əşfai!

Mərhəba ey cani-baqi, mərhəba,

Mərhəba uşşaqə saki, mərhəba!

Mərhəba ey qüdrəti ayni-Xəlil,

Mərhəba ey xasi-məhbubi-Cəlil!

Mərhəba ey rahmətən lil aləmin.

Mərhəba sənsin şəfi əl-münzibin.

Mərhəba ey padişahi-du cahan,

Sənin üçün oldu kövn ilə məkan.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR