Dibçəyə əkilmiş çinar kimiyəm

Dibçəyə əkilmiş çinar kimiyəm
22:17 26 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Şeytan kasıb düşərsiniz deyə qorxudaraq sizə xəsisliyi, çirkin işləri əmr edər, sədəqə verməyinizi istəməz. Allah isə lütfündən sizə məğfirət və bol nemət vəd edir. Allahın ehsanı genişdir, hər şeyi haqqı ilə biləndir (Bəqərə surəsi- 268). 

O rayonlardan sovrulub xəzəl kimi Bakının küçələrinə töküldüyümüz ilk illərdə hər il işğal günündə məlum yerdə toplaşır, dərdləşir, olan-qalandan danışırdıq. Əldə-ovucda bir şey yox, gözlərdə hürkək baxışlar, adamın dörd bir yanından ağrı, ehtiyac oxunurdu. Ən çox da yas yerlərində görüşərdik. Birini axtarmaq istəyəndə də "Bakı" mehmanxanasının qarşısındakı bağa gedərdik. Bir də rayonumuzun işğal günündə Şəhidlər xiyabanının qarşısında yığışardıq.

İllər keçdikcə Sabirin o məşhur sözünü özümə şamil eləməyə başladım: "Ağladıqca kişi qeyrətsiz olur". Özümdən utanmağa başladım, istədiyim nədir yəni, yasamı gəlmişəm, görüşəmi? Dərdin var, get bir yerdə otur çək də. Bir gün tam anladım ki, mən duyğuların, ağrıların kollektiv yaşanmasına inanmıram. Dərdi olan dərdin çəkər, biz dərdimizlə şəkil çəkdiririk. Və beləcə, o görüşlərdən ayağımı çəkdim.

Üzə deyilməsə də, arxada çox deyilib: "Torpaqlarını verib, gəlib Bakıda adam olublar". Yanımda başqası haqqında söylənsə də, o sözü tamamilə öz üstümə götürmüşəm, özümə aid eləmişəm. Nə fərqi var axı, o, ya mən? Ağrı çəkənin, dərd götürənindir. Doğrudur, nə köçkün statusum var, nə də hər hansı imtiyazım, amma doğulduğun torpağa, oynadığın həyət-bacaya, atanın məzarına gedə bilmirsənsə, kim olursan-ol... Mənliyi olan və o torpaqlardan məhrum qalmış hər bir kişi dibçəyə əkilmiş çinar fidanı kimidir. Mən çinar fidanıyam, dibçəyə əkilmişəm; elə bilirəm ki, ötən bu 22 ildə bir arpa boyu qədər uzanmamışam, yarpaq açmamışam, böyüməmişəm. Yaşlanmamışam, əskimişəm, köhnəlmişəm; qocalmamışam, nimdaş olmuşam...

Hərdən üzümü ovcuma alıb bir tərəfdə büzüşür, xəyalımda o kənd-kəsəyə qayıdıram. Kimlər gözümün qabağına gəlir, İlahi! Qarış-quruş Bəhrəm, Privet Mustafa, dəllək Qüdülüş... Ölənlər, ölməyənlər bir-bir gözlərim önündən keçir. Nə qədər  səmimi, nə qədər təbii adamlar idilər.

Bakıda yeddi il tələbə oldum, Bakıda yeddi dəfə baş qırxdırmadım. Uşaqlar zarafatla deyirdilər ki, milyoner başını 3 manata qırxdırır, Əli 13 manata. Yalan da demirdilər, 6 manat o başa, 6 manat bu başa, bir manat da Qüdülüşə. Yastı-yastı, şirin-şirin danışmağı vardı Qüdülüşün; kəndin ağsaqqallarının siyahısını tutmuşdu, bu gün kimin üzü, başı qırxılmalıdır. İndi deyirlər, Zabrat tərəfdə, haradasa bir budkası var. Sağlığınıza daha mənim də başımda Qüdülüşlük bir şey qalmayıb.

İllər ötür, o qanlı-qadalı günlər, üzünün qanı torpağa yapışmış o qəhrəman oğullar aybaay, günbəgün bizdən uzaqlaşır. Ad çəkməyə qorxuram, qorxuram ki, birisini unudub qəlbini qırım. O qədər fədakar, ürəkli oğullar idilər ki! Allah hamısına rəhmət eləsin!

Bəlkə də bu 22 ildə qoyub gəldiyim o torpaqlar haqqında yazdığım ilk elegiyadır bu. Əslində yazmağa niyyətim də yox idi; bir agentlikdən tanımadığım gənc bir əməkdaş zəng edib israrla yazı istədi. Mənim üçün hər ağrıdan yazı çıxmır, bəzi mövzuları yazırsan, bəzi mövzuları ağlayırsan. Mən Cəbrayıl mövzusunu hər dəfə ağlayıb içimə yazmışam. Bu dəfə də hələ tanımadığım o gənc qardaşımızın təşviqi ilə özümdən bir neçə sətir oğurlamaq istədim.

Bəlkə də ona görə yaza bildim ki, başımıza gələnlərdən artıq fərqli qənaətlər çıxarmağa başlamışam. Bilmirəm, bir daha o yerlərə dönmək mənə nəsib olacaq, ya yox. Amma bildiyim bir şey var ki, bu hadisələr bizim üçün çox ciddi bir imtahandır.

Allah-Təala Qurani-Kərimdə buyurur ki, əgər bir toplum öz niyyətini, istiqamətini düzəltməzsə, yəni haqqa doğru yönəlməzsə, Allah-Təala o toplumun səmtini xeyrə çevirməz.

Şəhidlik ölümün zirvəsidir. Allah-Təala bu üzüqara quluna şəhidlik nəsib eləsin. Amma şəhid ola bilmək üçün öncə cihad ruhu, şəhidlik anlayışı lazımdır. Ölüm gerçəyi hər birimizlə üz-üzə, göz-gözədir, zamanı yetdimi, bir andaca ley kimi qapıb aparacaq. Amma bu ölüm məsələsi kiminə ayrılıqdırsa, kiminə də təsəllidir. Heç bu mənzərəni göz önünə gətirə bilirsinizmi?

Bir qoca uşağa baxıb düşünür: "Eh, hələ bunun qarşısında nə qədər çətin yollar var, bu dünyanın nə qədər dərdini-sərini çəkəcək, bizim yaşımıza yetişəcəkmi görəsən, dirigözlü gor evinə gedə biləcəkmi?" Sonra da qəlbində dua edir: "Allah köməyin olsun, balaca. Biz heç, biz artıq ömür deyilən bu yükü birtəhər soyub quyruğuna gətirdik, sən gör nələr çəkirsən".

Uşaq da qocaya baxıb təxminən belə düşünür: "Yazıq qoca, gözləri görmür, qulaqları eşitmir, bu gün-sabahlıqdır. Bu işıqlı dünyadan köçüb, qaranlıq bir qəbrə girəcək".

Mən indi özümü təxminən o qocanın yerində görürəm. Bu söhbəti də ona görə danışdım ki, həqiqətə hər kəs durduğu yerdən baxır və gördüyündən də qənaət çıxarır. Üç il, beş il deyil, o yurddan qopduğumuz 22 ili də ötdü. O bayatıda deyildiyi kimi,

Bir gününə dözməzdik, Olduq illər ayrısı.

Yerliçilik, o rayondan, bu kənddən, filan məhlədən... Mənim üçün o qədər bəsit və iyrənc söhbətlərdir ki, bu barədə heç danışmaq istəmirəm. Amma etiraf edim ki, Cəbrayılın hansısa kəndindən bir adama rast gələndə saxlayıb 3-5 dəqiqə danışdırmaq, hal-əhval tutmaq istəyirəm. İstəyirəm ki, o kənd adlarını, o yoxuşları, o adamların danışığındakı mənə doğma olan o ləhcəni yaddaşımda, ruhumda yeniləyim, möhkəmləndirim. Yəni bu mənada hər cəbrayıllı mənim üçün bir ovuc yovşan qoxulu torpaq kimidir.

Bəlkə də dostların gözü axtardı, "Əli bu il gəlmədi" dedilər. Nə deyirlər, desinlər, elə bilirəm ki, duyğularımı, ağrılarımı başa düşəcəklər...

Mən bir çinar fidanıyam, dibçəyə əkilmişəm; həm də ötən bu 22 ildə nə bir arpa boyu boy atmışam, nə bir yarpaq açmışam. Beləcə, sozala-sozala durmuşam, kökü dibçəkdə olanın ömrü-günü nə olacaq axı? Mən dibçək çinarıyam.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR