Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakının məşhur qonaqları: "KQB"nin izlətdiyi Nazim Hikmət Bakıda niyə ağlamışdı... - FOTO

Date: 27 December 2015 14:42

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

"Bakının məşhur qonaqları" layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Budəfəki yazımızda türk inqilabi poeziyasının banisi, romantik kommunist Nazim Hikmət haqqında danışacağıq.

Nazim Hikmət ruhən, qəlbən həmişə Azərbaycana yaxın olub.

O, 1902-ci ilin yanvarında Osmanlı imperatorluğuna daxil olan Saloniki şəhərində (indiki Yunanıstanın ərazisi - red.) anadan olub. Atası Hikmət diplomat, anası Ayişə Cəlilə incəsənətlə, xüsusilə rəssamlıqla bağlı, elmli, müasir bir qadın imiş. 
Nazim Hikmət 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olub. Lakin Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığıba görə 1919-cu ildə bu məktəbdən xaric edilib. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. 1920-ci ildə o, işğal olunmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadolu bölgəsinə gedib.  1921-ci ildə Sovet Rusiyasına gələn Nazim Hikmət 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. Universiteti bitirdikdən sonra Türkiyəyə qayıdan Nazim Hikmət inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il müddətinə həbsə məhkum edilən şair 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlib. 
1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı çapdan çıxıb. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatıb və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilib. 

Nazim Hikmət 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılıb. Öz ölkəsində yasaqlanıb. Yazdıqlarına görə, 11 ayrı iddiadan mühakimə olunub. İstanbul, Ankara, Çankırı və Bursa həbsxanalarında 12 ildən çox yatmağa məcbur olub. Türkiyədə yaşadığı illərdə həyatının uzun qismini həbsxanada keçirən Nazim Hikmət 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni saydığı SSRİ-də yaşayıb. 

Nazim Hikmət 1950-ci ildə həbsdən çıxdıqdan sonra 1951-ci ildə arvadı Münəvvər xanımı və 3 yaşlı oğlu Mehmeti tərk edərək Türkiyədən SSRİ-yə getməyə məcbur qalmışdı.

Xaricdə keçirdiyi illərdə Bolqarıstan, Macarıstan, Fransa, Kuba, Misir kimi ölkələri gəzən, müharibə və imperializm əleyhinə olan hərəkatlarda iştirak edən, radio proqramları təşkil edən Nazim Hikmət heç vaxt öz məmləkətini unutmur, həmişə vətən həsrəti çəkirdi...
 
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Onun Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri olub.

Nazim Hikmət Azərbaycanda şeirin və sənətin sevildiyi bir zamanlarda tez-tez Bakıya gəlirdi. Onun yaxın dostlarından Süleyman Rüstəm xatirələrində Nazim Hikmətin ilk dəfə Bakıya 1927-ci ildə gəldiyini qeyd edir.

"Vaxtilə katibi olduğum "Maarif və mədəniyyət" jurnalına şeirlər göndərirdi. Onunla məktublaşırdıq. Onu Bakıya dəvət etdim. 1927-ci ilin yayında ilk dəfə Bakıya gəlib, xalqımızın sosializm quruculuğu sahəsində əldə etdiyi müvəffəqiyyətlərin canlı şahidi olub".

N.Hikmət 1951-ci ildə Moskvada daimi yaşayarkən tez-tez Azərbaycana, Bakıya səfər etməyə başlayır.  O, Bakıda olduğu müddətdə məşhur müğənni Bülbülün ifasında "Koroğlu"nu izləyib, "Yeddi gözəl"dən zövq aldığını yazıb, Filarmoniyada xalq mahnılarına, muğamlarına qulaq asdığını bildirib. Ən bəyəndiyi isə Musiqili Komediya Teatrı olub. 

Nazim Hikmətin Bakı ilə bağlılığına dair araşdırmaların müəllifi Aqşin Babayev onun bir çox xatirələrini qələmə alıb. Məsələn, Nazim Hikmət Bakı ilə bağlı xatirələrinin birində deyirdi: ""Məşədi İbad"ı, o ölməz əsəri, sonra Səid Rüstəmovla Süleyman Rüstəmin "Durna"sını gördüm. Ömrümün ən nəşəli iki gecəsini keçirdim. Rejissor Şəmsi Bədəlbəyliyə, aktyor Lütfəli Abdullayev, aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən də varam".

Ən maraqlı hadisələrdən biri də Nazim Hikmətin "İldırımlı yollarla" baletini izləmək üçün Leninqrada getməsidir. 

Nazim Hikmət Azərbaycan ədəbiyyatını yaxşı bilirdi. Həm Nizami, Füzuli, M. F. Axundov, Sabir haqqında, həm də müasirləri Səməd Vurğun, Süleyman Rüstəm, Əhməd Cəmil, Rəsul Rza, Mikayıl Rəfili haqqında məqalələr yazıbt. Eyni zamanda Bakının gözəlliyi haqqında müqayisəli yazılar dərc etdirib.

1957-ci il 15 oktyabr tarixli "Vışka" qəzetinə verdiyi müsahibəsində Nazim Hikmət deyirdi: "Bakı ilə məni köhnə dostluq əlaqələri bağlayır. Axı bu şəhərdə 1927-ci ildə mənim ilk kitabım nəşr olunub. Yalnız bundan iki il sonra onu mənim vətənim Türkiyədə az tirajla buraxıblar. Bu şəhərdə düz 30 il bundan əvvəl olmuşam. 1937-ci ildə Xəzər dənizində təkcə balıq tutulurdu, indi neft də çıxarılır...".

Həmin ilin 20 oktyabr tarixli "Azərbaycan gəncləri" qəzetində Nazim Hikmət İstanbulda qadağan olunan, Bakıda tamaşaya qoyulan əsərindən danışıb: "Bakıda mənim "Qəribə adam" əsərimi tamaşaya qoydular. Lakin eynilə dənizin sahilində başqa bir şəhər də var. Bu şəhər mənim doğma İstanbulumdur. Bu şəhərdə mənim əsərlərimi tamaşaya qoymurlar, onları yasaq edirlər... Mən belə hesab edirəm ki, bugünkü gənclər mənim yaşıma çatmazdan əvvəl onları mən İstanbulda qarşılayacağam".

Nazim Hikmətin Azərbaycan haqqında xeyli şeiri var. O şeirlərdən bəziləri Azərbaycana, xüsusən Bakıya, bəziləri isə azərbaycanlı şair dostlarına yazılıb. 

"Bakıda oyanmaq" adlı şeirində Bakını həm İstanbula, həm də həm İzmirə bənzədib. Vətəndən didərgin düşən şair daim vətən eşqilə yaşayırdı. 

Azərbaycan haqqında yazdığı şeirlər içində "Neftə doğru", "Neftin cavabı", "Arpa çayının iki yanı", "Xəzər dənizi", "Bakıya gedirəm", "Otuz il sonra", "Gecə vaxtı Bakı", azərbaycanlı yazıçı-şairlər üçün yazdıqları içində isə "Səməd Vurğuna", "Mikayıl Rəfiliyə" şeirlərini qeyd etmək olar. 

Nazim Hikmət haqqında xatirələrini "Nazim Hikmət. Kərəm kimi" kitabında toplayan xalq yazıçısı Anar onu ilk dəfə 1957-ci ildə Bakıda universitetdə oxuduğu illərdə gördüyünü qeyd edib.

"Daha sonra onu evimizdə (atası Rəsul Rzanın evində), Cəfər Cabbarlının məzarı başında və onun muzeyə çevrilmiş evində görmüşəm. 1957-ci ildən sonra Nazim Hikmət Bakıya hər gəlişində bizim evdə qonaq olurdu. Bizim Moskvaya səfərimizdə isə ya Nazim Hikmətin Moskvadakı evində, ya da bağ evində görüşmüşdük. Onunla bir neçə dəfə də telefonla danışmışıq. Son danışığımız isə onun ölümündən bir neçə gün öncə oldu".

Anar xatirələrində bildirir ki, Nazim Hikmət Bakını İzmirə oxşatdığına görə çox sevirdi, Xəzər dənizinə şeirlər yazırdı.

"Nazim ona yaxın olan Azərbaycan türkcəsinin danışıldığı bir yerdə özünü çox rahat hiss edirdi. O deyirdi ki, "Azərbaycan mədəniyyətinə bağlıyam. Bu bağlılıq yalnız Sovet Azərbaycan mədəniyyətinə deyil, çevrilişdən əvvəlki Azərbaycan mədəniyyətinə aiddir. Məsələn, Dədə Qorqud bir Azərbaycan yazıçısı üçün böyük abidədir, mənim üçün də! Koroğlu həm Azərbaycan xalqının qəhrəmanıdır, həm mənim. Sabir Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı satirik şairi, heyran olduğum ustaddır. Üzeyir Hacıbəyovun musiqisi öz musiqimiz qədər mənə yaxındır". O, bizə belə qiymət verirdi".

Xalq şairi Nəriman Həsənzadə Modern.az-a müsahibəsində bildirib ki, Nazim Hikmətlə bağlı  xatirələr onun həyatında silinməz izlər qoyub..

"Moskvada oxuduğum illərdə Nazim Hikmətlə 4 il qonşu olmuşuq. Biz hər gün, həftədə bir-iki dəfə görüşürdük. Nazim Hikmət Azərbaycana gələndə Bakı Sovetindən mənə ev aldı, məni oğlu qədər çox istəyirdi. O öləndə dəfnində iştirak etdim və ölümündən 3 il sonra dünyaya gələn oğluma da Nazim adı verdim".
N.Həsənzadənin sözlərinə görə, Nazim Hikmət onun həyatında, tərcümeyi-halında çox böyük rol oynayıb. 
"Bakıda Nizami adına Ədəbiyyat İnsititunu, AMEA-nın Rəyasət Heyətinin binasına və bir neçə bu tipli binaya qiymət verirdi və deyirdi ki, əvəzsiz memarlıq nümunələridir. Eyni zamanda,  "İnturist" restoranını da arxitektura baxmından bəyənirdi. Hətta orada menyuların rus dilində yazıldığını görüb deyirdi ki, "niyə bunlar azərbaycanca yazılmır?" və bununla bağlı şikayət də yazırdı. Elə bilirdi ki, o münyuları tez Azərbaycan dilinə dəyişəcəklər".

Nəriman Həsənzadə Nazim Hikmətin Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında da iştirak etdiyini deyir.

"Nazim Hikmət iki dəfə bizim evdə olub. Rəsul Rza ilə görüşürdü, Səməd Vurğunun evinə getmişdi. Azərbaycan yazıçıları ilə daim görüşürdü, Rəsul müəllimin yaxın dostu idi, ailələri ilə əlaqəsi var idi. Bakı Dövlət Universitetində aspiranturada oxuduğum illərdə Nazim Hikmət bura gəlmişdi. Yadımdadır, onun ürəyi ağrıyırdı, kresloda əyləşdi və biz tələbələr əlimizdə 3-cü mərtəbə qaldırdıq".

Nazimin Bakıya hər gəlişi böyük hadisəyə çevrilərmiş. Azərbaycanın görkəmli sənətkarları onunla bir yerdə olmaqdan, bir süfrə başında əyləşməkdən zövq alarmışlar. 
Nəriman Həsənzadə qızların xarici görünüş baxımından yaraşıqlı olan Nazim Hikməti çox sevdiyini və türk şairin də onlara qarşı laqeyd qalmadığını vurğulayır.

"Nazim Hikmət bura gələndə hamı, yazıçılar sevinirdilər. O vaxt ədəbiyyatçılara, yazıçılara, şairlərə eşq, həvəs o qədər güclü idi ki, onun görüşləri sanki bayram idi. O vaxt "Azərnəşr"lə müqavilə bağladıq ki, onun "İnsan hər yaşda gəncdir" adlı kitabı burda çap edilsin. Lakin sonra bu kitab işıq üzü görmədi".

Müsahibimizin sözlərinə görə, Nazim Hikmət Azərbaycan yeməklərini çox sevirmiş və onlara gələrkən bəzi xörəklərin hazırlanması üçün sifariş verirmiş.

"Azərbaycan yeməklərini bəyənirdi, özü də sifariş verirdi. Bizim evə gələndə sifariş verirdi ki, Qazax halvası çalınsın, dolmanın isə düşbərə kimi balaca-balaca bükülməsini istəyirdi".

Həyat yoldaşıVera Tulyakova yazır ki, Nazim Hikmətin dünyanın dörd bir yanı ilə telefon danışıqlarının qiymətini ödəməsi elə bir dünya olurmuş. Elə buna görə də o, bir dəfə 1960-cı ildə "Volqa" alarkən belə məktub yazır: 

"Üç qardaşımdan: Süleyman Rüstəm, Mehdi Hüseyn və Rəsul Rzadan maşın almaq üçün mənə pul vermələrini xahiş edirəm. Borc qaytarılana qədər ölməyəcəyimə söz verirəm". 

Amma bu məktubdan təqribən iki il sonra Nazim Hikmət Mehdi Hüseynə bərk qəzəblənir. Səbəb isə azərbaycanlı yazarın anlaşılmaz simicliyi olur. O, Türkiyəyə gedəndə Nazimdən oradan ona nə alıb gətirməsini soruşur. Nazim Hikmət "açıqca" istəyir. Mehdi Hüseyn də gələndə alıb gətirir. Nazim onlara bir-bir baxır və hər birini gördükcə, uşaq kimi sevinir. Mehdi Hüseyn isə onları Nazimin əlindən alır və deyir ki, "incimə, çox adama söz vermişəm, sən birini seç, qalanlarını aparmalıyam".  Nazim Hikmət sarsılır, hamısını qaytarır. Sonra isə siyasi söhbətdə "söz güləşməsi" edib, acığını başqa formada Mehdi Hüseynin üstünə tökür".

Nazim Hikmət həmişə doğulduğu şəhər, böyüyüb boya-başa çatdığı vətəni üçün darıxdığını biruzə verirdi. Bir dəfə Bakıda tələbələr önündə çıxış edərkən deyir: "Mən indi burada düşünürəm ki, bəlkə, görmədim, amma oğlum görəcək, İstanbulda - bizim oradakı universitetdə də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək. Siz məni necə qarşılayırsınızsa, onu da elə qarşılayacaqlar. O şairdən bir istəyim var, getdiyi vaxt istanbullu gənclərə desin ki, "bizə də sizin Nazim gəlmişdi. Biz qardaş kimi bağrımıza basdıq və biz ona çox şey öyrətdik. Nə öyrəndisə, bu dünyada çoxunu bizdən öyrəndi". Bunu söyləməyi unutmasın. Və məndən məmləkətə salam söyləsin. Çünki, bəlkə, mən məmləkətə qovuşa bilmədim. Amma o mənim məmləkətimi görə biləcək".

Nazim Hikmət Bakıda ağlamışdı da...

1957-ci ildə Bakını ziyarət etməyə gələrkən Nazim Hikmət burada böyük təntənə ilə qarşılanıb və Bakı Dövlət Universitetində tələbələrlə görüşüb. Görüşdə çıxış edən rektor Yusif Məmmədəliyev şairin Bakıya gəlişini "böyük və əhəmiyyətli hadisə" adlandırıb.

Həmin vaxt türk əsilli iki qız onun "Yeriyən adam" və "Dəvət" şeirlərini oxuyub, əsərlərini ana dilində eşidən şair isə göz yaşlarını saxlaya bilməyərək, qızları bağrına basıb.

Daha sonra şair çıxışında Bakıya 30 ildir gəlmədiyini, şəhərin çox dəyişdiyini deyib: "Bu gün ömrümün ən gözəl günlərindən biridir. Bakıya gəlməyəli düz 30 il olur. Bakını tanıya bilmirəm. Yoldaşlar, siz çox xoşbəxtsiniz. Mən Türkiyəmi də belə görmək istəyirəm".

1958-ci ildə yenidən Bakıya gələn Nazim Hikmətə bəstəkar Arif Məlikovun onun pyesi əsasında balet yazmaq istədiyi deyilib. Nazim Hikmət isə "gəncdir, yazacaq" deyə cavab verib. Bundan sonra "Məhəbbət əfsanəsi" baleti yaranıb.

Ümumiyyətlə, onun Azərbaycanla bağlı yaradıcılıq işləri bununla yekunlaşmayıb. Nazim Hikmətin Bakıya səfərləri zamanı Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları daim onu nəzarətdə saxlayırmış. Bunu həmişə yadda saxlayan Nazim Hikmət Bakı Dövlət Universitetində çıxışı zamanı bir tələbənin ona ünvanladığı "Azərbaycan dilini bilməyən və ya bilib bu dildə danışmayan ziyalılara münasibətiniz necədir" sualını qəsdən cavabsız qoyub. Şairin türk olması və azərbaycanlılar arasındakı nüfuzu, həmin vaxt dövlət orqanlarını narahat edirmiş...

Nazim Hikmət ömrü boyu müxtəlif təzyiq və təqiblərə məruz qalmışdı. İnandığı ideyaların ucbatından canı qədər sevdiyi Türkiyəsindən ayrı düşən Nazim Hikmət cəmi 61 il yaşadı və həsrətlə naxışlanan bir ömrün sahibi oldu... Nazim sonralar kommunizm mövzusunda böyük xəyal qırıqlığı yaşadığını dərk etdi... 
"Sovetlər Nazim Hikmətin kommunizmə olan inancından sui-istifadə etdi, ancaq ölən kimi onu unutdu. Atam kommunizmə çox inanırdı. Ancaq sonra böyük xıyal qırıqlığı yaşadı və buna görə də öldü",-deyə şairin Vera Tulyakovayadan olan qızı Anna xatirələrində yazıb.
"Mən vətənimdə ölməliyəm",- tez-tez belə deyirmiş Nazim Hikmət. İçində yurd həsrəti, vətən niskili daşıyırdı, bu sevgiylə alışıb-yanırdı. Hətta "Anadoluda bir kənd qəbiristanlığında basdırın məni" deyə, ətrafındakılara vəsiyyət də etmişdi. 
Amma bunlar mümkün olmadı. 1963-cü il iyunun 3-də Moskvada dünyasını dəyişdi... Cənazəsi Moskvadakı Novodeviçye qəbiristanlığında torpağa tapşırıldı..

Nazim Hikmətin sevdiyi qadınlara ən gözəl eşq şeirlərini yazmışdı. O, bir neçə qadınla rəsmi və qeyri-rəsmi evli olmuşdu: Nüzhet, Pirayə, Münəvvər, Qalina və Vera... 
Nazim Hikmət ömrünün son illərində rusiyalı həyat yoldaşı Vera Tulyakovaya yazdığı şeirdə deyirdi: 

Gelsene dedi bana,
Kalsana dedi bana,
Gülsene dedi bana,
Ölsene dedi bana.
Geldim,
Kaldım, 
Güldüm, 
Öldüm. 

Uzun illərdən sonra, 2009-cu ildə Türkiyə hökuməti Nazim Hikmətə yenidən Türkiyə vətəndaşlığı hüququ verdi və bu qərar 10 yanvar 2009-cu il tarixli "Resmi Gazete"də yayımlandı. Onun vəsiyətlərindən biri də məzarının doğma vətəninə aparılması idi... Amma bəzi səbəblərdən bu, gerçəkləşməyib...

Milli.Az


Tags:  Bakının məşhur qonaqları KQBnin izlətdiyi Nazim Hikmət Bakıda niyə ağlamışdı FOTO


RƏYLƏR


Top news