Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəbələ”: Yubiley ilinin 11 məqamı

Date: 27 December 2015 15:29

Son günlərini yaşadığımız 2015-ci il “Qəbələ” İdman Klubu üçün kifayət qədər uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, təkcə futbolçular deyil, digər növlərdəki təmsilçilər də başa çatmaqda olan ildə bir sıra nailiyyətlər qazanıb.

 

“Qırmızı-qaralar” yaşıl meydanlarda ilklərə imza atmaqla azarkeşlərini sevindirib. 2015-ci ilin ən yaddaqalan 11 məqamını sizlərə təqdim edirik.
 

1. “Qəbələ” 10 yaşında

2015-ci il “Qəbələ”nin ilk böyük yubileyi ilə əlamətdar olub. 2005-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən və Azərbaycan çempionatının I dəstəsinə qatılan “qırmızı-qaralar” yubileyini sentyabrın 1-də qeyd edib. Əslində 20 il əvvəl – 1995-ci ildə “Göy-Göl” adı altında yaradılan klub 2005-ci ildən peşəkar səviyyədə fəaliyyət göstərib. 10 il öncə yalnız futbol bölməsi olan “Qəbələ” artıq İdman Klubu kimi fəaliyyət göstərir.

 

2. Tarixi uğur

Ardıcıl 2-ci mövsüm qazanılan bürünc medal “Qəbələ”nin UEFA Avropa Liqasına yolunu açıb. 1 il əvvəl yarışı 2 məğlubiyyətlə tərk edən “qırmızı-qaralar” I təsnifat mərhələsində ilkləri gerçəkləşdirib. İyulun 2-də Gürcüstan “Dinamo”su ilə səfər qarşılaşmasında 1:2 hesabı ilə uduzan komandanın heyətində fərqlənən Cavid Hüseynov klubun avrokuboklar tarixinə ilk qolun müəllifi kimi düşüb. İlk qələbə isə bir həftə sonra Qəbələdəki cavab oyununa təsadüf edib. Aleksey Antonovla Asif Məmmədovun cavabsız qolları ilk qələbə və ilk adlanan mərhələ üçün yetərli olub. Avrokuboklarda ikinci dəfə iştirak etməsinə baxmayaraq, “Qəbələ” tarixi uğura imza atıb. 4 mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “qırmızı-qaralar” Avropada 102 komanda arasından buna nail olan iki klubdan biri olub. Norveç “Rusenborq”u kimi 4 təsnifat mərhələsi, o cümlədən pley-offu adlayan Roman Qriqorçukun yetirmələri UEFA Avropa Liqasının əsas raunduna yüksəlib.

 

Bunun üçün komanda “Dinamo”nun ardından Serbiya “Çukariçki”sini (0:1, 2:0), Kipr “Apollon”u (1:1, 1:0), Yunanıstan “Panatinaikos”unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb. Sonuncu matçını avqustun 28-də keçirən “Qəbələ” Afinadakı uğuru ilə 5 gün sonra qeyd olunan 10 illik yubileyinə də hədiyyə edib.

 

Sentyabrın 17-də “Qəbələ” avrokubokların əsas mərhələsində debüt edən 3-cü Azərbaycan klubu kimi tarixə düşüb. “Neftçi” və “Qarabağ”ın ardından UEFA Avropa Liqasının qrup mərhələsinə çıxan “qırmızı-qaralar” Yunanıstan PAOK-u ilə “Bakcell Arena”da qarşılaşdı. Ellada təmsilçisi ilə hər iki matçda qolsuz heç-heçə edən komanda qrupu bu iki xalla tamamlayıb. Rusiya “Krasnodar”ı (1:2, 0:3) və Almaniya təmsilçisi Dortmund “Borussiya”sı (1:3, 0:4) ilə görüşlərdə xal qazanmayan komanda əsas raunddakı hər iki qoluna Dodo imza atıb. Nəticədə 2 heç-heçə və 4 məğlubiyyəti olan “Qəbələ” 2 top vurub, 12-ni buraxaraq, qrupda 4-cü olub.

 

3. Rekordla gələn ikinci bürünc

2014-2015-ci illər mövsümünə o qədər də uğurlu başlamayan “Qəbələ” baş məşqçi dəyişikliyindən sonra xal hesabını artıraraq mükafatçılar sırasına düşüb. Ardıcıl 8 qələbə qazanıb, tarixinin rekorduna imza atan “qırmızı-qaralar” mövsümü 12 matçlıq məğlubiyyətsiz seriya ilə bitirib. Bunun nəticəsində bürünc medalların taleyinə son turda aydınlıq gətirən “Qəbələ” AZAL-ı 3:0 hesabı ilə məğlub edərək, ardıcıl 2-ci dəfə Topaz Premyer Liqasının 3-cüsü olub. 32 matçda 54 xal qazanan komanda 2-ci olan “İnter”dən 9 xal geri qalıb və 4-cü olan “Neftçi”ni 5 xal qabaqlayıb. Hesabında 15 qələbə, 9 heç-heçə və 8 məğlubiyyət olan komanda 46 qol vurub, 35-ni buraxıb.  

 

4. Möhtəşəm yarış, böyük uğur

2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edib. Bakıda keçirilən qitənin möhtəşəm yarışında “Qəbələ” də təmsil olunub. Klubun 17 idmançısı 6 növdə - boks, taekvondo, cüdo, sambo, karate və stend atıcılığında qüvvəsini sınayıb. “Qəbələ”li idmançılar yarışı 5 medalla başa vurub. Karateçi Rafael Ağayev və boksçu Lorenzo Sotomayor qızıl, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş, digər karateçi Niyazi Əliyev bürünc  medala sahib çıxıb.

5. Akademiyadan 7 medal

2014-2015 mövsümü təkcə əsas komanda deyil, “Qəbələ” Futbol Akademiyasının yetirmələri üçün də uğurlu olub. AFFA-nın təşkil etdiyi oğlanlar arasında 9 müxtəlif liqada mübarizə aparan komandalar 7 mükafat qazanıb. U-17 çempion olub ki, bu yaş qrupunda 3-cü belə uğur əldə edilib. U-12, U-14, U-15 və U-16 mövsümü gümüş, U-19 bürünc mükafatla başa vurub. Qəbələnin UGİM komandası isə ən kiçiklərin U-10 Liqasında hamıdan güclü olub. Yalnız U-11 və U-13 Liqasında komanda mükafatsız qalıb.

 

6. 6-cı dəfə “beşlik”də

Əvəzedicilərin çempionatında da “Qəbələ” 2014-2015 mövsümünü mükafatın bir addımlığında başa vurub. “Qırmızı-qaralar” 32 oyunda 49 xal toplayaraq, 4-cü pillədə qərarlaşıb. 3-cü olan “Neftçi”dən 7 xal geri qalan komanda ardıcıl 6-cı dəfə ilk “beşlik”də qərarlaşıb. Əvəzedicilər 2009-2010 və 2010-2011 mövsümlərində gümüş, 2011-2012 və 2013-2014 mövsümlərində bürünc qazanıbsa, 2012-2013 mövsümündə 5-ci olub. Ardıcıl 6-cı dəfə ən yaxşı 5 komanda arasında olduqdan sonra 3 ildir əvəzedicilərin baş məşqçisi olan Luis Araqon postundan ayrılıb. Onu bunadək akademiyada çalışan Ramin Quliyev əvəzləyib.
 

7. Qəbələdə 34 olimpiya lisenziyası

Bu il Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun mərhələ yarışları keçirilib. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışları gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Yarışda 100-ə yaxın ölkədən təxminən 2 min idmançı mübarizə aparıb. 17 növdə 34 lisenziyanın sahibinin müəyyənləşdiyi yarış yüksək səviyyədə təşkil olunması ilə diqqət çəkib.
 

8. Meksikadan Dünya Kuboku ilə

“Qəbələ” İdman Klubunun idmançısı Məhəmməd Məhəmmədovun da olduğu taekvondo üzrə Azərbaycan yığma komandası Meksikada Dünya Kubokunun qalibi olub. Bu ölkənin paytaxtı Mexikoda belçikalı və özbəkistanlı həmkarlarını qrupda, Koreyanı yarımfinalda məğlub edən millimiz final döyüşündə güclü İran yığması ilə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə qazanan (42:23) Məhəmməd və komanda yoldaşları vətənə planetin ən güclüsü kimi qayıdıb.
 

9. Rekord, bombardir və qış çempionluğu

2015-2016 mövsümünə uğursuz başlayan “Qəbələ”nin əvəzedici komandası ardıcıl 10 qələbəylə yarışın rekorduna imza atıb. Bu uğurlu seriya ilə liderliyi ələ alan Ramin Quliyevin yetirmələri sonradan qısa müddətə itirdiyi mövqeni ilin son matçında qaytarıb. Bununla da komanda fasiləyə “qış çempionu” kimi yollanıb. Ehtiram Şahverdiyev isə 12 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir.
 

10. UEFA kubokunun qalibi “Qəbələ”də

2014-cü ildə rusiyalı ulduz Marat İzmaylovu heyətinə qatan “Qəbələ” 2015-ci ilə də tanınmış oyunçunun transferi ilə başlayıb. “Qırmızı-qaralar” UEFA kubokunun qalibi olmuş Aleksey Qayla güclənib. 2000-2004 və 2006-2013-cü illərdə Ukrayna “Şaxtyor”unda oynamış yarımmüdafiəçi 6 il öncə avrokubokun qalibi olub. Ukrayna yığmasında 29 matçda 1 qol vuran Qay vətənində 6 çempionluq və 7 kubok sevinci də yaşayıb.
 

11. 2015-ci ilin ən yaxşıları

“Qəbələ” 2015-ci ilin yekunlarına əsasən 4 mükafata layiq görülüb. İdman Araşdırmaları Mərkəzinin apardığı sorğuya əsasən klub "İlin komandası" seçilib. Ukraynalı mütəxəssis Roman Qriqorçuk "İlin məşqçisi", Anar Hacıyev "İlin mətbuat katibi" adına layiq görülüb. Klubun “Qəbələ” İK qəzetinin əməkdaşı Mehman Süleymanov isə xüsusi mükafat – “Həmrəylik kuboku” ilə təltif edilib.


Tags:  Qəbələ Yubiley ilinin 11 məqamı

RƏYLƏR


Top news