İsmayıllıda fiziki qüsurlu insanların əl işlərindən ibarət sərgi açılıb

17:08 27 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
İsmayıllıda “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, “Vətəndaşların sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə fiziki qüsurlu insanların əl işlərindən ibarət sərgi açılıb. Həmçinin “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin rayon şöbəsinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra iştirakçılar İsmayıllı Uşaq Kitabxanasında sağlamlıq imkanları məhdud olan insanların 150-dən çox əl işindən təşkil olunan sərgiyə baxıblar. Sərgidə tikmə, xalça toxuma, ağacoyma, rəssamlıq, misgərlik, zərgərlik və dulusçuluq nümunələri təqdim olunub.
Daha sonra tədbir kitabxananın konfrans zalında davam etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxış edərək, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin təşkilatçılığı ilə rayondan olan 22 nəfər fiziki qüsurlu insanın pulsuz tibbi müayinədən keçirildiyini vurğulayıb və bu nəcib addıma görə minnətdarlığını bildirib.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb, həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib. O qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin dəstəyi ilə indiyə kimi 1000-ə yaxın fiziki qüsurlu insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb. M.Məmmədvəliyev İsmayıllı rayonunda rəhbəri olduğu təşkilatın yerli nümayəndəliyinin fəaliyyətə başladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, rayonda fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası, sosial rifah halının yaxşılaşdırılması, həmçinin ehtiyacı olan insanların arabalarla təchiz edilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb.
İncəsənət vasitəsilə özünü ifadənin həyatın çətin anlarında belə insanı rahatlaşdırdığını, özünə inamı artırdığını deyən “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova isə bu kimi insanların əl işlərindən ibarət sərgilərin mütəmadi keçirilməsinin vacibliyindən söz açıb. Birlik rəhbəri əlil insanların fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müxtəlif layihələrin həyata keçiriləcəyini də sözlərinə əlavə edib.
Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, Aleksander Şapiro Suliman isə rəhbəri olduğu mərkəzin xeyriyyəçilik fəaliyyətindən danışıb və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillida_fiziki_qusurlu_insanlarin_el_islerinden_ibaret_sergi_achilib-914797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR