Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qaçaq pinqvin, təzə kral, jurnalist badalağı, rus nazı...

Date: 27 December 2015 17:57

2015-ci il üçün gözləntilərdən danışan münəccimlər, mediumlar, falçılar və s... ilin sakit olmayacağını deyirdilər. İndi, başa çatmaqda olan bu ilə xronoloji ardıcıllıqla yenidən dönüb baxanda görünən mənzərənin həqiqətən ürəkaçan olmadığına əmin oluruq. 2015-ci ildə dünyada baş verən ən mühüm hadisələrin təsnifatını aparsaq, belə bir mənzərə ilə rastlaşa bilərik.

Kəpəz TV (Region TV) xəbər verir ki, ilin ilk səs-küylü hadisəsi, yanvarın 7-də Fransada baş verdi.  Bir qrup silahlı şəxs islam dəyərlərinin təhqir olunduğunu əsas gətirərək "Şarli Ebdo" satirik jurnalının redaksiyasına hücum etdi.  Üç gün davam edən qovğada ümumilikdə 17 nəfər qətlə yetirildi. Polis terrorçuların hamısının öldürüldüyünü bildirdi. Parisdə həlak olan jurnalistlərin xatirə mərasimində dünyanın bir çox dövlət lideri iştirak etdi.

Səudiyyə Ərəbistanı kralı Abdullah uzun sürən xəstəlikdən sonra vəfat etdi. Rəhmətlik kralla vidalaşmaq və yeni kral Salmanla görüşmək üçün ABŞ, Fransa  prezidentləri, Böyük Britaniya şahzadəsi Çarlz və digərləri də var idi.

Yanvar ayı həmçinin Ukraynanın Şərqində qızğın döyüşlərin başlanması ilə yadda qaldı.
Yanvarın 25-də Yunanıstanda Parlament seçkiləri keçirildi. Bir çoxlarının gözlədiyinin əksinə olaraq Aleks Tsiprasın rəhbərlik etdiyi SİRİZA Partiyası yenidən iqtidar partiyası oldu. 
Ukraynanın qərbində, xüsusilə Donbas vilayətində, münaqişənin fəal mərhələsi başa çatdı. Belarusun paytaxtı Minskdə "Normand Dördlüyü" sammitinin nəticələrinə əsasən, Rusiya, Ukrayna, ATƏT nümayəndələri ilə separatçı qüvvələr arasında "İkinci Minsk Sazişi" imzalandı.   
Aprel ayından başlayaraq Avropada "miqrant böhranı" ifadəsi tez-tez eşidilməyə başladı. Yaxın Şərqdən didərgin düşən insanlar pənahı Avropada axtarmağa başladılar. Proses qalmaqallar və insan faciələri ilə müşayiət olunurdu.  
May ayının sonunda FİFA-da korrupsiya qalmaqalı baş qaldırdı. Sonda bu hadisə Ali Futbol Təşkilatının 14 yüksək vəzifəli funksionerinin həbsi və təşkilatın prezidenti Yozef Blatterin istefası ilə nəticələndi. 
Gürcüstanda baş vermiş təbii fəlakət nəticəsində 19 nəfər həlak oldu. Tbilisiyə selin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması bir neçə gün çəkdi. Paytaxt zooparkından qaçan heyvanlar ətraf bölgələrə yayılmışdı. Pinqvinin biri isə Azərbaycanda aşkarlandı.      
İyun ayında Ermənistanda elektrik enerjisinin qiymətinin yüksəldilməsinə etiraz edənlərin kütləvi aksiyaları başladı. Bu aksiyalar uzun müddət davam etsə də təşkilatçılar istəklərinə nail ola bilmədilər. Ölkənin energetika sistemi Rusiya şirkətlərinin nəzarətində olduğundan Ermənistan rəhbərliyi qiymətlərə müdaxilə edə bilmədi və faktiki olaraq öz acizliyini etiraf etdi. Aksiyalar isə amansızlıqla dağıdıldı. Yüzlərlə insan, o cümlədən jurnalistlər həbs olundu. 
İlin əsas hadisələrindən biri iyulda baş verdi. İranın nüvə proqramı ilə bağlı tarixi razılaşma əldə edildi. Bu razılaşma İrana qarşı olan sanksiyaların aradan qaldırılması deməkdir. Sonrakı hadisələr göstərdi ki, sanksiyaların götürülməsi Yaxın Şərqdə siyasi qüvvələr balansını dəyişdi.    
Elə həmin ay Avropanın parçalanması real təhlükəyə çevrildi. Yunanıstanda referendumda ölkə əhalisi borcların ödənilməməsinə səs verdi. Yunanıstanın nəinki avrozonadan, hətta Avropa İttifaqından da çıxarılması  müzakirə edilirdi. Amma referendumdan bir neçə gün sonra baş nazir Tsipras kreditorların şərtlərini qəbul edərək referendumun nəticələrini heçə saydı. Halbuki, referendumun ideya müəllifi də xalqı borcları ödəməkdən imtina etməyə çağıran da elə qalstuksuz nazir idi.        
Ötən il Amerika və Kuba münasibətlərinin normala düşməsi ilə də yadda qaldı. Avqust ayında Havana ilə Vaşinqton 54 illik Soyuq Müharibəyə son qoyduqlarını bildirdilər. 
ABŞ prezidenti Barak Obama ilk dəfə ata vətəni - Keniyaya səfər etdi. Rəsmi görüşlərdən əvvəl prezident Obama həmçinin ögey-bacı qardaşları ilə görüşüb onlarla şam etməyə də vaxt tapdı.
Sentyabrda Avropada böyük mühacir axını böhranı daha da dərinləşdi. Yaxın Şərq və Şimali Afrika ölkələrindən qaçan insanların qarşısını almaq üçün inzibati və hərbi vasitələrdən istifadə edildi. 2 yaşlı suriyalı uşaq - Aylan Kurdinin cəsədinin Türkiyənin Bodrum vilayətinin dəniz sahillərində tapılmasından sonra Avropa ölkələri sərhədlərini qaçqınların üzünə açdı. Amma sonrakı hadisələr göstərdi ki, bu faciə heç də hamının ürəyini yumşaltmayıb. Sentyabrın 8-də macarıstanlı qadın operatorun təqibdən qurtulmağa çalışan, qucağında uşaq olan qaçqına badalaq vurması bir anda agentliklərin baş xəbərinə çevrildi.
PKK Türkiyədə yenidən fəallaşdı. Atəşkəs haqqında razılaşmanı birtərəfli qaydada ləğv edən terrorçular ölkənin bir neçə əyalətində terror aksiyaları təşkil etdilər.   
Sentyabrın 24-də Məkkədə 2000-dən çox zəvvarın həlak olduğu faciəli hadisə baş verdi. Şeytana daş atmağa gedən insanlar baş vermiş diqqətsizlik nəticəsində həyatlarından oldular. Bu, Səudiyyə Ərəbistanı hökumətini təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət ayırmadığı üçün tənqid obyektinə çevirdi.
Sentyabrın sonunda Rusiya rəsmi şəkildə Suriyada hərbi əməliyyatlara başladı. Rəsmi Moskvanın dediyi kimi qırıcılar İslam Dövləti Təşkilatının bazalarını məhv etmək məqsədi daşıyır. Bölgədən gələn xəbərlərdə isə xeyli sayda mülki şəxsin həlak olduğu deyilirdi. 
Oktyabrda Türkiyənin müasir tarixində ən qanlı hadisələrindən biri baş verdi. Ankarada təşkil olunan sülh yürüşündə terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində yüz nəfərdən çox insan öldü.
Oktyabrın 31-də Rusiya aviaşirkətlərindən birinə məxsus təyyarə Misirdə qəzaya uğradı. Hadisə nəticəsində 224 nəfər həlak oldu. Araşdırmalardan sonra belə qənaətə gəlindi ki, bu terror aktıdır -  təyyarədə bomba partlayıb. İŞİD hadisəyə görə, məsuliyyəti öz üzərinə götürdü.
Noyabrın 1-də Türkiyədə keçirilmiş Parlament Seçkilərinin nəticəsinə uyğun olaraq İnkişaf və Ədalət Partiyası səslərin böyük əksəriyyətini qazanaraq təkbaşına iqtidar olmağı bacardı.
İlin sonuna yaxın Fransa yenidən şok yaşadı. Noyabrın 13-də paytaxt Parisdə baş vermiş zəncirvari terror aktı və partlayışlar nəticəsində 130 nəfər həlak oldu. Paris terror hadisələrinin qurbanlarının xatirəsi Bakıda da yad edildi.
Noyabrın 24-də Türkiyə Rusiyaya məxsus qırıcını hava sərhəddini pozduğuna görə vurdu. Bu, NATO üzvü ilə Rusiya arasında son yarım əsrdə ən böyük qarşıdurma idi. Hadisədən sonra Rusiya tərəfi Türkiyə ilə bütün əlaqələri kəsdiyini, Ankaraya qarşı siyasi və iqtisadi sanksiya tətbiq etdiyini bildirdi. 

Milli.Az


Tags:  Qaçaq pinqvin təzə kral jurnalist badalağı rus nazı

RƏYLƏR


Top news