"Qara bazar"da üzü qaraldılan manatımız

18:01 27 Dekabr 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının dekabrın 21-də manatın sərbəst məzənnəyə keçməsi haqda elanı bəzi işbazlara yaşıl işıq yandırıb. O işbazlara ki, məzənnənin adının sərbəst buraxıldığını eşidib, valyuta qiymətlərinin də sərbəst olduğu qənaətinə gəliblər. Əgər belə olmasaydı, həmin şəxslər hazırda paytaxtın bəzi ərazilərində sərbəst məzənnə ilə, formalaşdırdıqları qiymətlərlə dollar yaxud başqa valyuta alqı satqısı ilə məşqul olmazdılar.

ANS PRESS-in məlumatına görə, hazırda paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən 28 May metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər məhz 1990-cı illərdə olduğu kimi "qara bazar" adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar.


Mübadilə məntəqələri bağlıdır


Həmin şəxslər əhali arasında həyacan yaratmağı da bacarıblar. Belə ki, bu adamlar vətəndaşlara yaxınlaşıb onlardan pul dəyişmək istəyib-istəmədiyini soruşurlar. Dollar almaq istəyən vətəndaşlara isə, özlərinin əllərində ABŞ valyutası olmadığını, olsa belə satmayacaqlarını, səbəb olaraq da dekabr ayının 28-də dolların məzənnəsinin 2 manat olacağını, ayın 31-nə qədər isə 2.30 manata qədər yüksələcəyini deyirlər.

Təbii ki, bu da əhali arasında istər-istəməz həyəcan yaradır. Buna görə də, vətəndaşlar hazırda əllərində "qırmızı yüzlüklərlə" dollar axtarışındadır. Bəzi sakinlər isə təki dollar olsun deyə xarici valyutanı 1.80 -1.85 manatdan belə ala biləcəklərini deyirlər. Axı işbazların dediyi kimi, sabah dollar "iki manat" olacaq.


Cavanşir Abdullayev- Bank Tədris Mərkəzinin rəhbəri

Mütəxəssislərin isə bütün bu baş verənlərlə əlaqədar fikirləri birmənalıdır: "Qara bazar"ın formalaşdırılması və vətəndaşlar arasında ajiotaj yaradılması qanunsuzdur.

Azərbaycan Bank Tədris Mərkəzinin (BTM) rəhbəri Azərbaycan Mərkəzi bankının (AMB) sabiq sədri Cavanşir Abdullayev deyir ki, bazar günü olması həmin fırıldaqçıların işə başlamasına bir fürsətdir: "Hazırda "Qara bazar"ın yaranması üçün baza yoxdur. Bazar günü olması, bankların və mübadilə məntəqələrinin işləməməsi həmin şəxsləri hərəkətə keçirib".

Mərkəz rəhbərinin sözlərinə görə, belə bir addım atan şəxslərin etdiyi hərəkətlər tam şəkildə qeyri-qanunidir: "Mərkəzi Bankdan lisenziyası olmayan hüquqi və fiziki şəxslərin valyuta əməliyyatları aparması qeyri-qanunidir və qanunla qadağandır. Bu addım həm inzibati həmdə cinayət məsuliyyəti yaradır. "



Cavanşir Abdullayev "qara bazar"ın sabah "bağlanacağını" deyir: "Sabah mübadilə məntəqələri öz fəaliyyətlərini bərpa edəndən sonra bu qeyri-qanuni fəaliyyət növünə son qoyulacaq".

BTM rəhbəri "qara bazar"ı formalaşdıran şəxslərin əraziyə nəzarət edən polis orqanları əməkdaşları tərəfindən qarşısının alınmasının labüd olduğunu deyir: "Küçədə valyuta alqı-satqısı tam qanunsuzdur və polis belə addım atan şəxslərin qarşısını almalıdır".

C. Abdullayev işbazların vətəndaşlar arasında həyəcan yaratmalarına da münasibət bildirdi: "Üzən məzənnəyə keçən milli valyutamızın sabah hansı məbləğə təklif ediləcəyini əvvəlcədən bilmək mümkün deyil. Çünki ölkənin əsas bankının valyuta bazarına müdaxiləsi hələ də mövcuddur. Ona görə də sabah 1.8 yaxud 2 AZN olacağı haqqında verilən proqnozlar qeyri-ciddidir".

İqtisadçı Məhəmməd Talıblının isə məsələyə yanaşması daha sərtdir. O “qara bazar”ın daha çox keçid dövrü iqtisadiyyatı olan dövlətlərdə formalaşdığını deyir.

“Azərbaycanda “qara bazar” bir neçə ay bundan əvvəl formalaşmağa başlayıb. Buna səbəb Mərkəzi bankın və digər kommersiya banklarının fəaliyyətinin zəif olması, eyni zamanda bazardakı mövcud dollar tələbinə operativ reaksiya verilməməsi, dollar satışını sürətlə həyata keçirə bilməməsidir” - deyə Məhəmməd Talıblı bildirib.

İqtisadçı çıxış yolu olaraq ölkənin baş bankının bazara hansısa formada müdaxilə etməli olduğunu deyir: “ Mərkəzi Bankın rəhbərliyi KİV vasitəsilə vətəndaşlara baş verən bütün bu prosesləri başa salmalı və dollar tələbinin artmasını aydınlaşdırmalıdır. Əgər ölkənin əsas bankı bu gün tutduğu yolla davam edərsə və insanlara bütün proseslərin açıqlamalarını verməzsə, cəmiyyət arasında bankın əsas rıçaqlarını itirdiyi fikri formalaşa bilər. Bütün bu proseslərdən sonra vətəndaşlar arasında fikir formalaşacaq ki, dolları elə “qara bazar”da dəyişmək lazımdır. Ona görə bu dəqiqə mərkəzi bankın üzərinə böyük məsuliyyət düşür”.

Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, yaranan vəziyyət Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığı ilk illəri xatırladır. Amma hazırda formalaşan "qara bazar" o zaman fəaliyyət göstərən bazar deyil. O vaxt Azərbaycanın dövlət büdcəsi təxminən 300 milyon dollar idi. Hazırda isə milyardlarda manat məbləğindədir. Bundan başqa həmin dövrdə neftin bir barreli 8-10 dollar civarında idi. Azərbaycanın gəlirləri çox aşağı idi, həmçinin “Əsrin müqaviləsi” imzalanmamışdı. İndi ümumdaxili məhsul dəfələrlə artıb. O, vaxt əhali qara çörək yeyirdi. İndi isə qara çörək sadəcə dieta məqsədi ilə yeyilir.

Bu da o demək dir ki, indi valyuta bazarını idarə etmək daha çətindir və Mərkəzi Bankdan peşəkarlıq tələb edir.

Dekabr ayının 21-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.


Dolların qalxdığı dövrdə pulunu dollara çevirən vətəndaşlar

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5540 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 manat 0.0221-AZN-dir.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR