"Ermənilərin qaçası yeri yoxdur"

18:32 27 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqı bu ili də Qarabağ problemi ilə başa vurur. Kəpəz TV (Region TV) xəbər verir ki, münaqişənin həlli üzrə danışıqların sönük keçdiyi 2015-ci il faktiki olaraq, ümidləri doğrultmadı. Əvəzində il cəbhə xəttində atəşkəs dövründə müşahidə edilməyən gərginliyin yaşanması ilə tarixə yazılır. Yaranan situasiyadan çıxış yollarını tapmağa çalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdləri isə demək olar ki, nəticə verməyib. Vasitəçilər münaqişə tərəfi olan ölkələrin prezidentləri və xarici işlər nazirləri arasında sadəcə 1 görüş təşkil edə biliblər. Sentyabrda Nyu-Yorkda nazirlər, dekabrda Berndə isə dövlət başçıları bir araya gəliblər. Ancaq danışıqların hansısa bir nəticəsinin 2015-ci ildə özünü göstərəcəyi düşünmək reallıqdan çox uzaqdır. Bu isə o deməkdir ki, münaqişəni həll edə bilməyən, sadəcə onun müharibəyə çevrilməsinin qarşısını almaqla məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin problemin həllinə yönələn cəhdləri bu il də nəticəsiz olub. O üzdən bütün ümidlər 2016-cı ilə qalır...

2015-ci il Dağlıq Qarabağ münaqişənin həllində itirilmiş il hesab edilməsə də, konkret nəticə də əldə edilmədi. Ermənilər Azərbaycanın hərbi gücünü əyani şəkildə hiss etdilər və lazımi tədbirlərin görülməsi üçün yetərincə imkan olduğunu duydular. Düzdür, lokal müharibə olmadı, ancaq genişmiqyaslı müharibənin bir neçə addımlığında olduq. Münaqişənin həllinin dünya ictimaiyyəti tərəfindən həvalə edildiyi ATƏT-in Minsk Qrupu, onun həmsədrləri olan ölkələr də deklarativ çıxışlar və bəyanatlardan başqa ciddi bir addım atmadılar, ancaq sülhə riayət edilməsinin vacibliyindən danışdılar. De-fakto 23 ildir, Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar bir səmərə vermir və bu format və ya bu formatın iştirakçılarının real addımlar atmaması səbirləri tükədib. Digər illərdə olduğu kimi, 2015-ci ildə də Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri və bunun nəticəsi olaraq qarşıduran tərəflərin rəsmilərinin görüşləri nəticə vermədi. Həmsədrlərin prezidentləri görüşdürməsi də ildən-ilə çətinləşir. Çünki Azərbaycan prezidenti artıq mənasız görüşlərə ehtiyac duymur. Mənasız görüşlər Ermənistan prezidentinin maraqlarına xidmət edir ki, Dağlıq Qarabağda və ətrafında status-kvonu uzada bilsin. 

Arzu Nağıyev - siyasi şərhçi: "2015-ci ildə ən önəmli məqamlardan biri odur ki, istər qərb, istər Rusiya, ən əsası da Ermənistan gördü ki, Azərbaycanın müasir texnikası var. Tək Azərbaycan-Ermənistan qarşıdurmasına gəlincə, istər güc tətbiq etməklə sülh yolu ilə, istər hərbi yolla, istərsə də sülh yolu ilə həll etmək olardı. Belə bir vəziyyətdə cənab prezident heç görüşə getməyə də bilərdi. Lakin humanist addım olaraq, beynəlxalq norma və prinsiplərə hörmət olaraq həmin görüş baş tutdu və bir daha Azərbaycan öz mövqeyini ortaya qoydu.

Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. Və bu il bir neçə dəfə Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu geri qaytarmaq üçün Ermənistana təzyiqlər etməsi barədə xəbərlər dövriyyəyə buraxılması, hətta bu xəbərlərin Ermənistanda həyəcanla qarşılanması müəyyən ümidlər yaratmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana  səfəri zamanı da Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında Ermənistan mətbuatında  müəyyən mövqelər səslənmişdir. Ehtimal irəli sürülürdü ki, Ermənistan mərhələ-mərhələ, yəni əvvəl 5 rayonu, sonra isə 2 rayonu qaytarmağa razıdır. Eyni zamanda amerikalı həmsədr Ceyms Uorlik işğal altındakı 7 rayonun qaytarılmasının vacibliyini önə çəkmişdir. Yəni bütün bu baş verənlər fonunda bu qənaətə gəlmək olardı kı, münaqişənin həlli ilə bağlı ölü nöqtədən tərpəniş tendensiyası var. 

Rasim Musabəyov - millət vəkili: "Real cəhd Rusiya tərəfindən həyata keçirilirdi. Lavrovdan müəyyən təkliflərlər həm Bakıda, həm də Ermənistanda olmuşdu. Danışıqları tərpətmək ancaq o halda mümkün olardı ki, Ermənistanın əslində dədəsi Rusiyadır, onlar ermənilər qarşısında sərt şəkildə məsələni qoyduğu halda ermənilərin qaçası yeri yoxdur".

Arzu Nağıyev - siyasi şərhçi: "Bu gün istər virtual, istər real super güclərin toqquşması baş verir. Kim daha nüfuzludur və Dağlıq Qarabağ münaqişəsini kim həll edəcək. Onun əsəs prinsipləridən biri burada həyata keçirilən meqalayihələrdir. İstər iqtisadi, istər siyasi cəhətdən Rusiya ilin yarısına qədər yaxınlıqlar elədi. Lakin bir neçə rayonun qaytarılması, sülhməramlıların yerləşdirilməsi söhbətindən o tərəfə keçmədi".

2015-ci ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox parametrlərinə və göstəricilərinə görə ən real və ən uğurlu illərdən biri kimi tarixə düşmək şansının olduğu və qoşunların təmas xəttində status-kvonun mütləq dəyişəcəyi düşünülürdü. 2014-cü ildə üç dəfə həmsədrlər prezidentlərlə görüş təşkil edə bilmişdilərsə, bu il ərzində bir dəfə görüş keçirilib. Eləcə də regionda yaşanan Rusiya-Türkiyə münasibətlərindəki gərginlik, həmçinin qərbin Rusiya ilə haqq-hesabı ümumi prosesə təsirsiz ötüşməyib. Vasitəçilər 2016-cı ildə də hazırda danışıqlar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirmək niyyətini ortaya qoysa da ekspertlər bunun elə də asan olmayacağı qənaətindədirlər.

Rasim Musabəyov - millət vəkili: "Fon, təəssüf olsun ki, müsbət deyil. Münaqişənin həllində Türkiyə-Rusiya münasibətlərindəki yaxınlığın müsbət təsiri var idi. Bu il bunun tam əksini göstərdi. Belə olan halda o fon, çətin ki, münaqişənin həllinə kömək etsin. Mən 2016-cı ilə pessimist baxıram. Yəni real sülh danışıqları başlanmadığı halda, müharibə ehtimalı xeyli artacaq".  

2015-ci il münaqişənin həllində irəliləyişə gətirmədisə də, düşmən və havadarları Azərbaycanın hərbi gücünün şahidi oldular. Danışıqlarda irəliləyiş olmayınca cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq. Həmsədr ölkələr, eləcə də beynəlxalq qurumlar başa düşməlidir ki, əgər Ermənistanı işğal etdikləri ərazilərdən beynəlxalq hüquq normalarının tələbləri çərçivəsində çıxmağa məcbur etməsələr, o zaman hərbi yol qaçılmaz olacaq. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev, həmçinin müdafiə naziri, general-polkovnik Zakir Həsənov da verdikləri bəyanatlarda ermənilər sülh danışıqlarından qaçacaqları təqdirdə, müharibə haqqından istifadə ediləcəyini bəyan ediblər. Beləliklə, Qarabağ problemi artan müharibə riskləri ilə növbəti ilə adlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR