Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Date: 27 December 2015 21:17

Bakı. 27 dekabr. REPORT.AZ/ İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.
İstanbul şəhərində təşkil olunan tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun diplomatları, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, Türkiyə və Azərbaycan diasporunun fəalları, nüfuzlu ziyalılar, qardaş ölkənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, QHT və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnləri sələndirildikdən sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətni oxunub.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, xalqımızın birliyindəki rolundan danışıb. Prezident İlham Əliyevin yürütdüyü siyasətin Azərbaycandakı uğurlu nəticələrini diqqətə çatdıran S.Qaraqoyunlu bildirib ki, qardaş ölkələrimiz beynəlxalq aləmdə də daim bir-birini dəstəkləyirlər.
Sonra TBMM-nin deputatları Arzu Erdem və Barış Yarkadaş, İstanbuldakı diplomatik nümayəndəliyimizin konsulu Kənan Murtuzov və başqalarının çıxışları dinlənilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Dünya Azərbaycanlılarının Həmrəylik Günü təkcə Azərbaycanı deyil, bütün türk birliyini özündə ehtiva edir.
Bayram tədbiri musiqi proqramı ilə davam etdirilib.

Tags:  İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

RƏYLƏR


Top news