Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub
21:43 27 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib.
Bolnisi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərkəzin sədri, “Ümid” qəzetinin redaktoru Əlixan Məmmədov çıxış edərək Həmrəylik Gününün əhəmiyyətindən danışıb, bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Həmrəylik Günü sadəcə təqvimdə bir gün və ya adi bayramlarımızdan biri deyil. Bu bayram dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində mühüm rol oynayır.
Rayonun Həsənxanlı kənd orta məktəbinin müəllimi Alidə Məmmədzadə, Kəpənəkçi kənd 2 saylı orta məktəbin direktoru Hidayət Göyüşov, Qoçulu kənd məktəbinin müəllimi Mehman Qurbanov, Kalayır kənd məktəbinin müəllimi Firudin Əliyev və başqaları çıxış edərək Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşüblər.
Sonra rayonun Zolgüvəc, Dəlilər, Kəpənəkçi, Qoçulu, Həsənxocalı məktəblərinin şagirdləri Azərbaycan və gürcü şairlərin Vətənə, xalqa həsr olunmuş şeirlərini Azərbaycan və gürcü dillərində söyləyiblər.
Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə aşıq və xalq mahnıları da ifa olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Bolnisi_rayonunda_Hemreylik_Gunu_qeyd_olunub-914809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR