Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropadakı bəla yenidən ayılır

Avropadakı bəla yenidən ayılır

Date: 28 December 2015 08:17

Almanların ölümünün üstündən 70 il keçən Adolf Hitler haqqında düşüncələri dəyişir.

Avropanın digər yerlərində olduğu kimi, Almaniyada müəllifin ölümündən yetmiş il sonra müəlliflik hüququnun qorunma müddəti başa çatır. Bu qanun Adolf Hitler və müəllifi olduğu "Mein Kampf" ("Mənim Mübarizəm") kitabına da aiddir. 1945-ci ildən bəri kitabın alman dili hüquqlarının məxsus olduğu Bavariya əyaləti kitabın yenidən nəşr edilməsindən imtina edirdi. Almaniyada kitabxanalarda köhnə nüsxələr saxlanılır və bu nüsxələri alıb-satmaq mümkündür. Ancaq yanvar ayının 1-dən etibarən kitabın yenidən nəşr edilməsi üçün icazə almağa ehtiyac olmayacaq.

Ola bilsin ki, Almaniyadan xaricdə yaşayanlar bunun əhəmiyyətini anlaya bilməsinlər. "Mein Kampf" kitabının müxtəlif dillərdə tərcümələrini həmişə əldə etmək mümkün olub. Əsas məsələ bu deyil. Müəlliflik hüququnun qorunma müddətinin başa çatması almanlar üçün narahatlıq və ziddiyyətə səbəb olub. Əsas məsələ "Mein Kampf" kitabının ictimai mülkiyyətə daxil olması yox, bu gün Almaniyanın Hitler haqqında nə düşündüyüdür.

"The Economist"də dərc olunmuş "What the Führer means for Germans today" ("Bu gün almanlar Fürer haqqında nə düşünürlər?") yazısında bildirilir ki, "Mein Kampf" Hitlerin 1923-cü ildə uğursuz çevriliş cəhdindən sonra həbsxanada qaldığı dövrdə yazmağa başladığı avtobioqrafiya və manifest qarışığı bir kitabdır. Kitab ilk dəfə 1925 və 1926-cı illərdə iki cilddə nəşr olunub. "Mein Kampf" "Mənim Mübarizəm" deməkdir və Hitler, yəqin ki, sintaksis, qrammatika və üslubla mübarizə aparıb. Kitabda yazılanların bir çoxu bu gün üçün sıxıcı və anlaşılmazdır.

Kitabda Almaniyadan kənarda belə əks-səda doğuran Sosial darvinizm və antisemitizm, eləcə də, müəllifin qatillik potensialı öz əksini tapır. Birinci dünya müharibəsində britaniyalılar tərəfindən qazla zəhərlənən Hitler yazır: "Yüz minlərlə ən yaxşı alman işçilərinin başına gətirildiyi kimi yəhudi fitnəkarları da zəhərli qaza məruz buraxılsaydılar, cəbhədə milyonlarla insan boş yerə qurban getməmiş olardı".

Kitabı neçə almanın oxuduğu məlum deyil. Ancaq 1933-cü ildən, yəni Hitlerin hakimiyyəti ələ keçirməsindən sonra kitab ən çox satılanlardan biri oldu. 1936-cı ildən bəzi bələdiyyələr bu kitabı yeni evlənənlərə verirdilər və ikinci dünya müharibəsinin sonuna qədər kitabın 13 milyona qədər nüsxəsi çap olunmuşdu.

Müharibədən sonra kitabın taleyi amerikalıların əlinə keçdi, çünki Hitlerə məxsus son ünvan Münhendə yerləşirdi, Münhen də Amerikanın əlində idi. Üçüncü Reyx artıq yoxa çıxmışdı, Almaniya Federativ Respublikası isə 1949-cu ildə yarandı. Buna görə də amerikalılar kitabın hüquqlarını Bavariyaya ötürdülər. Bavariya isə kitabın yenidən nəşr edilməsini qadağan etdi.

Bu yanaşma Almaniyanın müharibədən sonra Hitlerin irsinə münasibətinin ilk mərhələsini əks etdirdi. Əsas ideya almanları yoldan çıxarıb Hitlerə yenidən aldanmalarına səbəb ola biləcək hər şeyin qarşısını almaq idi. Müttəfiqlər və yeni Almaniya hökuməti tanınmış nasistləri mühüm vəzifələrdən çıxarmağa başladılar. Ancaq soyuq müharibənin başlaması ilə Qərbi Almaniyaya bir müttəfiq kimi ehtiyac yarandı. Alternativlər çox olmadığına görə nazirlik, məhkəmə və məktəblərdə keçmiş nasistlər yenidən işə götürüldülər.

1940-cı illərin sonu və 1950-ci illərdə almanlar Hitleri müzakirə etməməyə çalışırdılar. Həmin dövrdə bir çox kişi əsirlikdən qayıdırdı. Bir çox qadınlara isə təcavüz edilmiş, insanlar yaşadıqları yerlərdən çıxarılmış, yetim və ya dul qalmışdılar. Almanlar arasında həm zorakılıq törədənlər, həm də törədilən zorakılıqların qurbanları olub. Ağır travma alan bu insanlar başlarına gələnlər bərədə danışmağa belə dözə bilməyiblər. İndiki zamanda yaşamaq və "Wirtschaftswunder", yəni müharibədən sonra "iqtisadi möcüzə" ilə başlarını qatmaq onlara daha asan gəldi. Bir çoxları yenə də Holokostun tam miqyasını inkar etdi. "Adolf H." bioqrafiyasının müəllifi Tomas Sandkühlerin verdiyi məlumata görə, 1950-ci illərdə keçirilən bir sorğu qərbi almaniyalıların yarısının müharibəni başlatmasaydı, Hitlerin "ən böyük alman dövlət xadimlərindən biri" olacağını düşündüyünü göstərib.

1960-cı illərdə, israillilərin əsas nasistlərdən biri olan Adolf Eyxmannı ələ keçirib, məhkəməyə çıxararaq edam etməsindən sonra yeni bir mərhələ başladı. Bu, Holokost haqqında daha çox məlumatı üzə çıxardı. 1963-cü ildən başlayaraq, 22 keçmiş SS nümayəndəsi Auşvitz düşərgəsində törətdikləri cinayətlərə görə Frankfurtda ittiham edildi. Sessiyalar ərzində Frankfurtda keçirilən məhkəməyə 20 min insan gəldi. İlk dəfə olaraq, keçmişlə üzləşildi. Oğullar və qızlar valideynlərini və professorlarını cinayətlərdə iştirak etməkdə günahlandırdılar.

Rəsmi Almaniyadan iki cavab gəldi. Şərqi Almaniya belə bir uydurma ilə çıxış etdi ki, onun dürüst kommunistləri ən başından bəri "faşistlər"ə müqavimət göstəriblər. Qərbi Almaniya isə günahını qəbul etdi və ictimaiyyətdən bağışlanmasını istədi. Müttəfiqlərin döyüşçü mədəniyyətlərindən fərqli olaraq, pasifist bir cəmiyyət yarandı. Qərbi Almaniyada millətçilik hissi də azalmağa başladı. Qərbi almaniyalılar nadir hallarda idman tədbirlərində bayraqlarını dalğalandırıb himnlərini oxumağa başladılar. Gənclər artıq öz kimliklərini ya submilli (şvabiyalı və ya bavariyalı kimi), ya da fövqəlmilli şəkildə, məsələn, yaxşı avropalı kimi göstərirdilər.

Ancaq 1970-ci illərdən başlayaraq Hitlerə qarşı zəbt edilən valehlik yenidən üzə çıxmağa başladı. İki bioqrafiya yazıldı, bir sənədli film çəkildi və 1979-cu ildə Almaniyada Amerikanın "Holocaust" adlı televiziya serialı yayımlandı. Bir çoxlarının düşüncələri dəyişdi. Bunu Qərbi Almaniyanın o vaxtkı prezidenti Rixard fon Vayçzekker 1985-ci ildə, Almaniyanın təslim olmasının 40-cı il dönümündə tarixi çıxışında belə ifadə etmişdi: 8 may, 1945-ci il tarixi Almaniyanın məğlub olub tənəzzül etdiyi yox, azad olduğu tarixdir.

1990-cı ildə Almaniyanın birləşdirilməsindən sonra almanlar daha çox araşdırma aparmağa başladılar. 1990-cı illərdə "Der Spiegel" xəbər jurnalının üz qabığında 16 dəfə Hitlerin şəkli çıxdı. Amerikalı tarixçi Daniel Yonah Qoldxaqenin sıravi almanların "Hitlerin Hər Şeyi Etməyə Hazır Cəlladları" olduğunu iddia etdiyi kitab böyük marağa səbəb oldu. Almaniyanın müharibə dövründəki ordusu Vermaxt haqqında muzey sərgisində adi əsgərlərin də Holokostda iştirak etdikləri iddia edildi. Almanlar bu sərgini görmək üçün növbəyə girdilər.

Ancaq bu tendensiyaya paralel başqa bir tendensiya da var idi. Belə ki, Fürer bir marketinq vasitəsinə çevrildi. "Stern" adlı bir jurnalda, iddialarına görə, Hitlerin gündəliyi nəşr edildi, ancaq sonradan bunun doğru olmadığı üzə çıxdı. 1990-cı illərdən başlayaraq Almaniya televiziyasında "History" (Tarix) kanalı Hitlerin qadınları, yardımçıları, son günləri, xəstəlikləri və ya Blondi adlı alman çoban iti haqqında sənədli filmlər verməyə başladı və bütün bunlar insanların diqqətini cəlb edirdi.

Ancaq bu valehlik eyni zamanda yeni bir uzaqlaşma demək idi. Hər şeydən əvvəl, tamaşaçıların əksəriyyətinin Hitlerlə bağlı şəxsi xatirələri yox idi. Bu da başqa bir janrı izah edir: satira. Hitlerin sağ olduğu dövrdə, onu Almaniyanın düşmənləri parodiya edirdilər. Misal olaraq, Çarli Çaplinin 1940-cı ildə çəkilmiş "Böyük diktator" filmini göstərmək olar. 1998-ci ildə isə "Adolf, die Nazi-Sau" (Adolf, "nasist donuz") komiksi ilə Valter Moers Hitlerin parodiyasında uğurlu olan ilk alman satirik oldu. Timur Vermesin yazdığı "O geri döndü" (ing. "Look who's back") adlı kitab son zamanların ən çox satılanlar arasına daxil olub və bu il ingilis dilinə tərcümə edilib.

Gənc almanlar üçün Fürer yoldançıxarıcı bir qüvvədən daha çox qəribə görünəcək qədər keçmişdə qalıb. Hitlerlə bağlı müharibədən sonra qoyulan tabular bir-bir tarixə qarışır. Bayraq dalğalandırma bunlardan biridir. 2006-cı ildə Dünya Kuboku Almaniyada keçirildi və müharibədən sonra ilk dəfə qara, qırmızı və sarı rənglər, eləcə də, ziyarətçi ölkələrin bayraqları hər yerdə görünməyə başladı.

Bu il "YouGov" şirkəti tərəfindən aparılan bir sorğuda almanlardan Almaniya ilə bağlı ağıllarına ilk kimin və ya nəyin gəldiyi soruşulur. Cavablar arasında birinci yerdə Volkswagen, daha sonra isə Höte və Angela Merkel, himn, milli futbol komandası və keçmiş kansler Villi Brandt gəlir. Hitler isə 25 faizlə yeddinci yerdədir. Həmin sorğuda almanların 70 faizi ölkələri ilə fəxr etdiklərini deyib. Təxminən bir o qədər də Almaniyanın tolerantlıq və demokratiya nümunəsi olduğunu və günah, utanc hisslərinə son qoymaq vaxtı olduğunu düşündüklərini bildiriblər.

Bununla belə, sorğuda iştirak edənlərin 75 faizi Hitlerin törətdiyi cinayətlərin Almaniyanın hələ də "normal" bir ölkə ola bilmədiyi və "xüsusi beynəlxalq rol" oynamalı olduğu mənasına gəldiyini deyib. Bu, o deməkdir ki, bir çox alman qürur və bağışlanma istəyini birləşdirir. Bu daxili münaqişəni həll etmək cəhdləri bu gün alman mədəniyyətinin böyük bir hissəsini formalaşdırır, məsələnin Hitlerlə zahirən heç bir əlaqəsi olmasa belə.

Almaniyanın siyasi diskursu ilə başlayaq. Fransa, Britaniya və Amerikadan fərqli olaraq, almanlar istər xarici, istər alman hökuməti tərəfindən nəzarət-təqibin olmasından çox narahatdırlar. Bu narahatlıq isə Hitlerin Gestaposundan (və Şərqi Almaniyanın gizli polis təşkilatı Ştazi-dən) irəli gəlir. Eyni zamanda Almaniyanın İsrailə qarşı xüsusi məsuliyyət daşıdığı düşünülür. Bütün əsas siyasi partiyalarda pasifizm hökm sürür.

Əslində, Almaniyanı güc, xüsusilə də, öz gücü narahat edir. Almaniya ölkə daxilində və xaricində gücə qarşı hüququ müdafiə edir. Buna görə də, tərəfdaşlarının hiddətinə səbəb olsa da (avro böhranında olduğu kimi), qaydalara həddən artıq bağlı olması, müttəfiqlərinin çox vaxt tələb etdiyi kimi "hegemon" kimi fəaliyyət göstərmək istəməməsi bundan irəli gəlir. Angela Merkelin "Avropa İttifaqında ən güclü lider" olub-olmaması sualına sözçüsü hirsli şəkildə belə cavab vermişdi: "Biz bu kateqoriyalar haqqında düşünmürük".

Almaniya siyasi üslubu ilə də Hitleri arxada qoyduğunu sübut etməyə çalışırmış kimi görünür. Almanlar Berlinə səfəri zamanı 2008-ci ildə prezidentliyə namizəd olan Barak Obamanı görmək üçün axın etmişdilər. Bunun bir səbəbi onun mükəmməl natiqlik qabiliyyəti idi. Ancaq onlar öz siyasətçilərinin Obama tərzində çıxışlar etmələrini Hitlerin demaqoqluğunu xatırlatdığına görə heç vaxt qəbul etməzlər.

Ölkədaxili həyatı Almaniyanın 1949-cu ildə Hitlerin fikirlərinə qarşı birbaşa etiraz kimi qəbul edilmiş və bu gün patriotizmin mənbəyinə çevrilmiş konstitusiya idarə edir. Konstitusiyanın birinci maddəsində "insan ləyaqəti toxunulmazdır" deyilir.

Ancaq Hitlerə görə, almanlar artıq böyük fikirlərlə çıxış etməyə cürət etmir, yenə hər hansı bir bağlılığa uymasınlar deyə, böyük ideyalarla bağlı həyəcanlanmamaq üçün müqavimət göstərirlər. Əksinə, onlar siyasi düzgünlüyə olan marağın itirilməsi mühitində "laqeydlik" donu geyinirlər.

Ancaq bu, o demək deyil ki, Hitler bu gün Almaniyanın sıxıcı olmasına səbəb olub. Rəsmi Almaniya hələ də bütün dünyada almanlara məxsus hesab edilən, dəqiqlik və etibarlılıq kimi xüsusiyyətlər nümayiş etdirir. Ancaq psixoloqlar bildirirlər ki, bu "qoruyucu qalxan"ın arxasında bir çox alman hobbilərindən tutmuş cinsi həyatlarına qədər olduqca qəribə, özlərinə məxsus həyat tərzləri seçir. Stereotiplərin əksinə, almanlar çox vaxt gizli ekssentrik xarakterə malik olurlar.

Bununla belə, Hitlerin yaşlı və orta-yaşlı almanlara işgəncə verməyə davam etdiyi başqa bir yer də var: onların zehinləri. Bu insanlar iki nəslə bölünür: 1928-1947-ci illər arasında anadan olan və "Kriegskinder" ("müharibə uşaqları") adlandırılanların məxsus olduğu birinci nəsil; 1955-1970-ci illər arasında anadan olan və birinci nəslin uşaqlarının məxsus olduğu ikinci nəsil. Bu anlayışları indi 80 yaşı olan psixoterapevt Helmut Radebold yaradıb. Müharibə uşağı olan Helmut Berlin bombalandığı və "ruslar tərəfindən ələ keçirildiyi" zaman şəhərdən çıxarılıb. Gecələr anası ot tayasının içində yer açıb ora girir, Helmutu da üstündə uzandırırdı ki, onu tapıb təcavüz edə bilməsinlər.

Helmut Radebold 1980-ci illərdə öz nəslindən olan, müxtəlif psixoloji xəstəliklərə görə ona müraciət edən insanları müalicə edərkən tədricən həmin xəstəliklərin müharibə ilə əlaqəsi olduğunu görməyə başladı. O bu haqda danışarkən deyir: "Mən özüm depressiyaya düşür və tez-tez ağlayırdım". Psixoterapevt bu haqda kitablar da yazmağa başlayıb.

O bildirir ki, bu gün daha yaşlı almanlar haqqında qəribə görünən bir çox şey onların zehinlərində basdırdıqları xatirələrlə əlaqədardır. Niyə görə bu insanlar bolluq olmasına baxmayaraq, ərzaqları yığıb saxlayırlar? Niyə görə fişəng və sirenaların səsi gələndə qorxurlar? Niyə görə qocalar evlərində bəzi qadınlar kişi xidmətçilər gecələr onların altını dəyişməyə gələndə ah-nalə qoparırlar? Helmutun sözlərinə görə, müharibə uşaqları yaşlaşdıqca, keçmiş travmalar yenidən üzə çıxır.

Müharibə uşaqlarının isə fərqli problemləri olur. Onların böyüdüyü dövrdə valideynləri emosional baxımdan donmuş vəziyyətdə idilər. Böyüklər müharibədən donmuş bir vəziyyətdə çıxmış və bu vəziyyətdən də heç vaxt tam olaraq yaxa qurtara bilməmişlər. Bu da onların uşaqları ilə münasibətlərini zədələdi. Valideynlərin aldığı travmalar uşaqlara da keçdi.

Son illərdə ikinci nəslə məxsus insanlar üçün dəstək qrupları yaradılıb. Helmut Radebold bildirir ki, orta yaşlı almanların yalnız 40 faizi bu cür "nəsildən-nəslə keçən" travmanı bölüşür. Ancaq almanların stereotip halına gəlmiş narahatlıqları, nizam və stabilliyə olan hədsiz istəkləri buradan yaranır.

"Mein Kampf" kitabının müəlliflik hüququnu itirməsi ilə alman cəmiyyətində vəziyyət heç olmadığı qədər mürəkkəbləşib. Beş almandan birinin mənşəyi immiqrantlardan gəldiyinə görə, onların Hitlerin dövrü ilə heç bir ailə bağı yoxdur. Gənclərin bir çoxu tarixdən çox az xəbərdar olduğuna görə Hitlerə valeh olurlar. Digər almanların isə qarışıq emosiyaları var. Onlar yaxşılıq etməkdə həddən artıq maraqlıdırlar, qaçqınlara yardımı misal göstərmək olar. Ancaq yenə də özlərindən və həmvətənlərindən qorxurlar.

Beləliklə, Almaniya tam paranoid olmasa da, gözüaçıq qalmağa davam edir. Əksər federal əyalətlərdə müəyyən qeydiyyat nişanlarından istifadə edilməsi qadağandır. Məsələn, HH 88, belə ki, bu "Heil Hitler", yəni Hitler salamı kimi başa düşülə bilər. Hal-hazırda 2014-cü ildə Avropa Parlamentinə seçkilərdə 1 faiz səs qazansa da, neo-nasist NPD pariyasının ləğv edilməsinə də çalışılır.

Nəticə etibarilə, "Mein Kampf" kitabının ictimai mülkiyyətə verilməsi asan ola bilməzdi. 2012-ci ildə Bavariya məsələnin müzakirə edilməsi üçün yəhudi və Roma nümayəndələrini Nürnberqdə bir araya gətirdi. Onlar belə razılığa gəldilər ki, Bavariya sağçı nəşrləri bazardan çıxarmaq və kitabın daha asan başa düşülməsini təmin etmək üçün elmi nəşri maliyyələşdirməlidir. Əyalət parlamenti bu planı səs birliyi ilə qəbul etdi. Tədqiqat institutu seçildi və işə başladı. Ancaq həmin il sonradan Bavariyanın rəhbəri Horst Seehofer İsrailə səfər etdi və bəzi qurbanların təşkil etdiyi qruplar plana etiraz etdi.

Bu cür ziddiyyətli mövqelərlə üzləşən Bavariya rəhbərliyi təşvişə düşdü. 2013-cü ildə əyalət elmi nəşr cəhdindən əl çəkdi. İndi bu cəhd heç bir rəsmi dəstək olmadan davam etdirilir. Bu arada 16 federal əyalətin ədliyyə nazirləri bildiriblər ki, kitabdan "insanların təhrik edilməsi" üçün istifadə edəcək şəxslər haqqında tədbir görüləcək.

Əgər hər hansı bir ölkə üçün yaxşı deyilə bilərsə, Almaniyanı bu kateqoriyaya aid etmək olar. Almanlar yenə də bunu yaxşı bilirlər ki, kimsə onlara qəzəblənərsə, kanslerlərinin şəkilləri üzərində Hitler bığı çəkəcəklər. Bir çox alman artıq "şantaj edilməkdən" bezib. Bu haqda "Bild" qəzetinin də yazdığı kimi, Yunanıstanın avro böhranında maliyyə yardımları ilə bağlı gedən danışıqlarda müharibə təzminatları məsələsini qaldırmasını misal göstərmək olar. Digərləri, əsasən də, solçular Almaniyanın xaricdə tərəddüdlə öz maraqlarını ifadə etməsi ilə yeni bir "post-post-nasionalizm" dövrünün yaranacağından narahatdırlar. Əksər ölkələr üçün bu, normal sayıla bilər. Almaniya üçün isə vəziyyət mürəkkəb olaraq qalır.

Orxan Hun
Milli.Az


Tags:  Avropadakı bəla yenidən ayılır

RƏYLƏR


Top news