​İnstitutun şöbə müdiri: "Devalvasiya daxildəki meyvə-tərəvəz bazarını genişləndirəcək"

​İnstitutun şöbə müdiri: "Devalvasiya daxildəki meyvə-tərəvəz bazarını genişləndirəcək"
09:57 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ "Manatın devalvasiyasından sonra təbii ki, Azərbaycana xaricdən gətirilən məhsullar bahalaşacaq. Bunun müəyyən qədər müsbət təsiri də ola bilər. Belə ki, bu, daxili bazardakı meyvə-tərəvəz bazarını genişləndirəcək".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib.
Onun sözlərinə görə, kənardan gətirilən meyvə-tərəvəzin qiyməti baha olduğuna görə, yerli məhsullara təlabat çoxalacaq: "Kənardan gələn meyvə-tərəvəzin qiyməti baha olduğuna görə, daxildəki yerli məhsullara olan təlabat çoxalacaq. Bu mənada, kənd təsərrüfatı ilə məşğul olan əhalinin maddi vəziyyəti də düzələ bilər. Hələ ki, qiymətlərin nə qədər bahalaşacağı tam dəqiqləşdirilməsə də, ən azı 50 faiz realdır. Azərbaycan özündə istehsal olunan məhsullarla müəyyən qədər əhalini təmin edə bilər. Meyvələr, kökümeyvəlilər və s. bizdə kifayət qədər istehsal olunur".
Şöbə müdiri bildirib ki, bu sahədə ən böyük problemlərdən biri istehsal olunan məhsulun saxlanması ilə bağlıdır. Ə.Əliyev hesab edir ki, məhsulları saxlamaq üçün şərait yaradılsa, soyuducular tikilsə, keyfiyyətli qablaşdırma və emalı prosesi ilə məşğul olunsa, Azərbaycan kimi ölkəyə xaricdən meyvə-tərəvəz gətirilməsi doğru deyil: "30-40 il əvvəl Azərbaycanda çox gözəl konservləşdirilmiş məhsullardan istifadə edirdik. Amma çox təəssüf ki, indi bu cür məhsulları gözəl qablaşdırmada daha çox xarici marka altında görürük. Bu cür məhsulları müasir texnologiyalar vasitəsilə emal edib, qablaşdıra bilsək, biznes mühitinə də normal şərait yaransa, daxili bazarımızda kifayət qədər inkişaf olar".
Ə.Əliyev bildirib ki, Azərbaycan höküməti, müvafiq qurumlar bu barədə ciddi düşünməlidirlər: "Tədbirlərin görülməsinə bu gündən başlamaq lazımdır. Azərbaycanın kəndlərinə kütləvi şəkildə pul qoyulmalıdır. Özümüzün çox gözəl təbii mühitimizdə imkan ola-ola kənardan gələn məhsullara ehtiyac hiss etməməliyik". 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/sobe-mudiri-devalvasiya-daxildeki-meyve-terevez-bazarini-genislendirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR