İlk dəfə: milyarder uşaqlarının dayələri danışdılar - FOTO

İlk dəfə: milyarder uşaqlarının dayələri danışdılar - FOTO
11:32 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Özəl reaktiv təyyarələrlə uçuram, bahalı, lüks villalarda qalıram. Həyatım qlamurdur. Əslində, bu həyat mənim yaşamım deyil. Dayəyəm. Amma adi yox, milyarder uşaqlarının dayəsiyəm.

27 yaşlı Filippa Kristian supervarlı şəxslərin övladlarının dayələri arasında ilk xanımdır ki, işi və yaşamı ilə bağlı açıqlama verib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Filippa Kristian son illərdə dünya şou-biznesinin ən məşhur mənsubları ilə yanaşı, kral ailələrindən birinin təmsilçisinin aildəsində dayə olub. İndisə o, Londonda yaşayan milyarderin iki oğlunun və iki qızının dayəsidir.

Filippa çalışdığı ailənin başçısının adını açıqlamır. Amma dediyinə görə, aldığı aylıq maaş Britaniyada orta statistik əməkhaqqından ən azı 20 dəfə artıqdır.

"Bu yaxınlarda Hindistandan qayıtdıq. Orada racələrdən birinin sarayında istirahət edirdik. Dayəsi olduğum uşaqların valideynlərindən çox razıyam. Onlar tələblərinin və şərtlərinin yerinə yetirildiyi təqdirdə işim üçün bütün şəraiti yaradıblar. Bağışlayın, bundan artıq heç nə deyə bilmərəm", - avstraliyalı Filippa söyləyib.

Filippa superzəngin ailədə çalışdığı üçün dayələrin elitasına daxildir. Bu elitanın mənsubları isə işlədikləri ailə barədə heç bir məlumat vermirlər: onlar ailədə çalışmağa başlayanda imzaladıqları müqavilədə "ailə sirlərinin yayılmaması" ilə bağlı müddəalar da var.

Holli Bammert də supervarlı ailələrdən birində dayə işləyir.

Dediyinə görə, ailə başçısı onun işindən çox razı qaldığı üçün Milad Bayramı münasibətilə hədiyyə verib.

"Hədiyyənin nədən ibarət olduğunu biləndə şoka düşdüm. Bəli, səmimi sözümdür. Uşaqların valideynləri mənə Sidney şəhərində apartament almışdılar. Belə bahalı hədiyyəyə, əslində, heç bir lüzum yoxdur. Onsuz da, işimi ən yüksək səviyyədə görməyə çalışıram", - H.Bammert söyləyib.

Filippa və Holli dayələrin "A kateqoriyası" adlanan təbəqəsinə daxildir. Bu koqortadakı dayələrin sayı 120 nəfərdən artıq deyil və onların sıralarında yer almağı dünyanın müxtəlif ölkələrindəki yüz minlərlə dayə arzulayırlar.

Filippanın dediyinə görə, "A kateqoriyası"nda təmsil olunmaq istəyən dayə ən azı 6 xarici dili mükəmməl bilməli, musiqi və rəngkarlığa əla bələd olmalı, kulinariya məharətini göstərməli, habelə psixologiya, sosiologiya, pedaqogikadan universitet səviyyəsində testləri verməlidir.

Eyni zamanda, belə dayələrdən uşaq psixologiyasına və psixoanalizə bələd olmaq da tələb edilir.

Ən başlıcası isə "A sinifli dayə" çalışdığı ailənin yaşamı ilə bağlı təfərrüatları heç zaman heç yerdə heç kimə deməməlidir.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR