“Şahdağ” Turizm Mərkəzinə qış mövsümündə 120 min turistin gələcəyi gözlənilir

“Şahdağ” Turizm Mərkəzinə qış mövsümündə 120 min turistin gələcəyi gözlənilir
13:18 28 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə 2014-cü ilin qış mövsümü ərzində gələn turistlərin sayı 100 mindən çox olub. Bu turistlərin təxminən 10 faizini əcnəbilər təşkil edib. Bu ildən Mərkəzin ölkə xaricində daha geniş təbliğatına başlanılıb ki, bu da gələcək mövsümlərdə əcnəbi turistlərin sayının daha da artacağını deməyə əsas verir.
Bu barədə məlumat verən “Şahdağ” Turizm Mərkəzinin satış və marketinq şöbəsinin müdiri Elnarə Fərzəliyeva AZƏRTAC-a eksklüziv müsahibəsində istirahət mərkəzinə qarşıdakı qış mövsümdə təqribən 120 min turistin gələcəyini proqnozlaşdırdıqlarını bildirib. E.Fərzəliyeva Turizm Mərkəzindəki yeniliklər, təklif olunan xidmətlərin qiymətləri və turistləri maraqlandıran digər məsələlər barədə sualları da cavablandırıb.
- “Şahdağ” Turizm Mərkəzində növbəti qış turizm mövsümünə start verilib. İstirahət mərkəzinə gələn çoxsaylı yerli və xarici turistləri qarşılamaq üçün hansı hazırlıqlar görülüb?
- “Şahdağ“ Turizm Mərkəzində hər il oduğu kimi, bu il də qış mövsümündə qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Xizək həvəskarlarının nəzərinə çatdırmaq istərdim ki, hazırda ağappaq qarla örtülmüş Şahdağ yamacları xizək və snoubord sürmək üçün ideal vəziyyətdədir. Turizm mərkəzində 160 süni qar generatoru fəaliyyət göstərir. Bu generatorlar 128 hektar sahənin və ümumi uzunluğu 16,8 kilometr məsafədən ibarət 11 xizək enişinin daim hamar və möhkəm qar örtüyü ilə örtülməsini təmin edir. Qonaqlarımızın rahatlığını təmin etmək üçün xizək kirayəsi və satışı məntəqəsinə yeni xizək ləvazimatları gətirilib. Bu isə növbələrin və gözləmə müddətinin azalmasına kömək edəcək.
- “Şahdağ” Turizm Mərkəzi son illərdə xeyli turist qəbul edib. Mərkəz qış turizmi ilə bağlı kifayət qədər təcrübə toplayıb. Əvvəlki illərdən fərqli olaraq turistlərə təqdim edilən xidmətlərin sayı və keyfiyyəti dəyişibmi?
- Sözsüz ki, mərkəzimizdə hər mövsüm qonaqlara təklif edilən xidmətlərin say və keyfiyyətinin artırılması istiqamətində işlər görülür. Eləcə də mərkəzimizin bütün işçi heyəti qonaqlarımız üçün zövqlü istirahət təşkil etmək məqsədilə səylə çalışır. Məlumat üçün qeyd edim ki, müştəri məmnunluğunu, turistlərin rahatlığını təmin etmək və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2015-ci ilin sentyabr ayından “Şahdağ” Turizm Mərkəzinin Bakıda yerləşən və məlumat bürosu rolunu oynayan informasiya mərkəzi istifadəyə verilib. Otellərin bronlaşdırılması, xizək ləvazimatlarının ölçü və say sifarişi, kirayəsi və satışı, hətta xizək məktəbində fəaliyyət göstərən təlimatçıların qabaqcadan seçilməsi kimi xidmətlərdən faydalanmaq, eləcə də ödəniş etmək üçün turistlər informasiya mərkəzinə müraciət edə bilərlər. Mərkəz Bakı şəhəri, Bülbül prospekti 26 ünvanında yerləşir və həftəiçi 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyətdədir. Müştərilər bu ünvana müraciət etməklə və ya (+994 12) 310-11-10 nömrəsi ilə əlaqə saxlamaqla məlumat əldə edə və sifariş verə bilərlər.
- Artıq tez-tez sosial şəbəkələrdə, turizm şirkətlərinin elanlarında Mərkəz haqqında müxtəlif reklam xarakterli məlumatlara rast gəlmək olur. Kompleksə daha çox turist cəlb etmək üçün başqa hansı addımlar atılır?
- Bir neçə ildir ki, yerli turizm şirkətləri ilə hərtərəfli əlaqələrimiz mövcuddur. Mövsüm yenilikləri ilə bağlı məlumat vermək məqsədilə mütəmadi olaraq turizm şirkətləri üçün infoturlar keçirilir. Odur ki, yerli turistlərimiz il ərzində turizm şirkətlərinin köməyi ilə asanlıqla və sərfəli qiymətə istirahət mərkəzinin xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə Rusiya, Ukrayna, Belarus, Türkiyə və Qazaxıstandan olan turizm şirkətləri ilə də işgüzar əlaqələr qurulub, infoturlar təşkil edilib və müqavilələr imzalanıb. Həmçinin turizm mərkəzi olaraq daha çox xarici turistlərin cəlb olunması üçün beynəlxalq turizm sərgilərində də iştirak edirik.
- “Şahdağ” Turizm Mərkəzində gələcəkdə müxtəlif qış idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulubmu? Ümumiyyətlə, Mərkəzdə bunun üçün şərait varmı?
- Məlum olduğu kimi, Azərbaycanda dağ-xizək kurortunun layihəsi ilk dəfə reallaşır və bu, ölkəmiz üçün beynəlxalq turizm sahəsində çox mühüm addımdır. Şübhəsiz ki, belə bir turizm mərkəzinin yaradılması respublikada turizmin inkişafı ilə yanaşı, qış idman növlərinin də inkişafına öz töhfəsini verəcək. Hələlik mərkəzdə belə bir imkan yoxdur. Ancaq regional və ya beynəlxalq yarışların keçirilməsi üçün potensial mövcud olduğundan turizm mərkəzinin növbəti inkişaf mərhələlərində müvafiq şəraitin yaradılması nəzərdə tutulur.
- Mərkəzdə işçi heyətin xidmət səviyyəsini daha da artırmaq üçün nə kimi tədbirlər görülür?
- Bizim əsas məqsədimiz qonaqlarımızın məmnunluğunu təmin etmək, xidmət səviyyəsinin keyfiyyətini daim təkmilləşdirmək, işçi heyətimizin peşəkarlığını artırmaqdır. Bu məqsədlə mütəmadi olaraq xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər tərəfindən yerli işçi heyəti üçün təlimlər təşkil edilir. Əminliklə deyə bilərik ki, mərkəzimizdə müasir otelçilik və xidmət anlayışı tək infrastruktur olaraq deyil, eləcə də işçi heyətimizin timsalında tam mənası ilə öz əksini tapıb. Gülərüz, mehriban və öz işinin peşəkarı olan personalımız uğurumuzun əsas meyarlarındandır.
- İstirahət mərkəzinə gələn turistləri otel xidmətləri xüsusi maraqlandırır. Bu mövsümdə istirahət məkanında turistlərə hansı otellər xidmət göstərəcək?
- Hazırda “Şahdağ” Turizm Mərkəzində dörd otel fəaliyyət göstərir. Bunlar “Shahdag Hotel & Spa”, “Pik Palace”, “Park Chalet” və “Zirvə” otelləridir. Növbəti mövsümlərdə “Qaya Residences” və “Gənclər mehmanxanası” fəaliyyətə başlayacaq. “Qaya Residences” ailəvi olaraq rahat ev şəraitində istirahət üçün, “Gənclər mehmanxanası” isə sərfəli qiymətlərlə məhz gənclər və tələbələr üçün nəzərdə tutulub.
Qeyd edim ki, dörd mərhələdə icra olunması nəzərdə tutulan istirahət mərkəzi layihəsi hələ ilk mərhələsində olmasına baxmayaraq, qonaqların zövqünə və maddi imkanına uyğun olaraq burada qar parkı, əyləncə-oyun mərkəzləri, tübinq, qar mobili, kvadrosikllər, seqvey, qarda gəzinti, peyntbol və digər çoxsaylı əyləncəli xidmətlər turistlərin istifadəsinə verilib. Bununla yanaşı, qonaqlar 20 restoran, kafe və bar, müxtəlif mağazalar, SPA-mərkəzi, sağlamlıq və fitnes mərkəzi, 3 konfrans zalı və avtodayanacaqdan da yararlanırlar.
- Mərkəzdəki qiymətlərlə bağlı məlumat verərdiniz. Ötən illə müqayisədə qiymətlərdə dəyişiklik varmı?
- Otel xidmətlərimizin sayının artmasına və keyfiyyətinin günbəgün yüksəlməsinə baxmayaraq, qiymətlərdə kəskin dəyişiklik gözlənilmir. Ancaq bəzi xidmətlərin qiyməti keçən illə müqayisədə aşağı salınıb. Ümumiyyətlə, müxtəlif növ əyləncələrdən istifadə etmək istəyənlər üçün qiymətlər təklif olunan xidmətlərə uyğun olaraq dəyişir.
- Mərkəz yay aylarında da turistlərin maraq dairəsində idi. Həmin mövsümdə “Şahdağ” Turizm Mərkəzində nə qədər turist dincəlib?
- İl boyu fəaliyyət göstərən turizm mərkəzində yay mövsümü ərzində də bütün yaş qrupları üçün nəzərdə tutulmuş əyləncələr təklif edilir. Buraya macəralar parkından tutmuş hava “qəsrləri”, kvadrosikllərdə gəzinti, dağ velosipedi sürmə, skandinav üslublu yeriş, ekstrim sevənlər üçün ziplayn kimi müxtəlif növ maraqlı yay əyləncələri daxildir. Yay aylarında turizm mərkəzini ziyarət etmiş turistlərimizin sayı isə 30 mindən çox olub.
















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahdag_Turizm_Merkezine_qis_movsumunde_120_min_turistin_geleceyi_gozlenilir-914875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR