Deputat: "Qiymət artımına görə sahibkarları qınamaq doğru deyil"

Deputat: "Qiymət artımına görə sahibkarları qınamaq doğru deyil"
13:29 28 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

"SOCAR, AZAL, "Azərişıq", "Azəriqaz" kimi şirkətlər təxirə salınmadan özəlləşdirilməlidir"

"Baş verən qiymət artımına görə sahibkarları qınamaq doğru deyil. Təəssüf ki, bəzi hallarda Azərbaycanın bazar iqtisadiyyatına keçmiş ölkə olduğunu unuduruq. Buna görə də hələ də qiymətlərin inzibati yollarla tənzimlənməsi cəhdləri var. Qiymətləri bazar özü tənzimləməlidir".

 

Lent.az-ın məlumatına görə, bunu moderator.az saytına müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

 

 

Q. Həsənquliyev bildirib ki, bu gün dövlət tərəfindən yalnız neftin, işığın, suyun, aviabiletlərin qiyməti tənzimlənə bilər: "Çünki bu sahələr hələ də dövlət inhisarçılığındadır. Dərmanın qiymətinin dövlət tərəfindən tənzimlənməsinə qətiyyən yol vermək olmaz. Sadəcə imkan yaratmaq lazımdır ki, rəqabət mühiti olsun və o zaman bazar özü qiymətləri tənzimləyəcək".

 

 

Deputat deyib ki, Azərbaycanın devalvasiyadan sonra yaranmış çətin durumu aradan qaldırmaq üçün çox böyük potensialı var: "Təəssüf ki, 21 fevral devalvasiyasından sonra 10 ay vaxt itirildi. Yəni qeyri-neft sektorunun inkişafı üçün kəsərli tədbirlər görülmədi. Mən hesab edirəm ki, yubanmadan, günü sabahdan dövlət mütləq özəlləşdirməyə getməlidir. SOCAR, AZAL, "Azərişıq", "Azəriqaz" kimi şirkətlər təxirə salınmadan özəlləşdirilməlidir. Özü də inhisarçılığın olmaması üçün həmin şirkətlər bir neçə yerə parçalanaraq özəlləşdirilməlidir. Bu gün Azərbaycanda elə nazirliklər var ki, sadəcə ofis üçün özəl şirkətlərdən, vətəndaşlardan yer kirayələyirlər. Tutaq ki, bu gün SOCAR-a və ya Dövlət Neft Fonduna, "Azərsu”ya o nəhənglikdə yeni ofis binaları tikməyə nə ehtiyac vardı? Hesab edirəm ki, elə həmin şirkətlər də, eyni zamanda Vergilər Nazirliyi  də indiki ünvanlarında qalmalıdır. Həmin qurumlar üçün yeni tikilən dəbdəbəli inzibati binalar satışa çıxarılmalıdır, yaxud hüquqi və fiziki şəxslərə icarəyə verilməlidir. Yəni dövlət çalışmalıdır ki, onlardan pul qazansın".

 

Deputatın sözlərinə görə, dövlət idarəetmə xərclərini də qısa zamanda minimuma endirilməlidir: "Ən azı 30-35 faizlik ixtisara gedilməlidir. Amma biz görürük ki, bu günlərdə yeni-yeni qurumlar yaradılır. Halbuki əksinə proses getməli və nazirliklər birləşdirilməlidir. Azərbaycanda 11-12 nazirlik, 3-4 komitə tamamilə yetərlidir. Bu istiqamətdə radikal addımlar atmaq lazımdır ki, vəziyyətdən az itkilərlə çıxa bilək".

 

 

Q. Həsənquliyev bildirib ki, artıq dünya mediasında gələn il neftin qiymətinin hətta 15-20 dollar civarında ola biləcəyi haqqında proqnozlar verilir: "Hətta bir sıra şirkətlər məhz bu qiymətlərlə artıq müqavilələr imzalamağa başlayıblar. Bu onu göstərir ki, neftin qiyməti gələn il 15 dollara da düşə bilər. Belə olacağı halda bizim üçün gerçəkdən də çətin bir durum yarana bilər. Mən bütün parlament müzakirələrində, büdcənin qəbulu zamanı hökuməti qeyri-neft sektorunun inkişafı üçün səmərəli addımlara çağırmışam".

 

 

Deputat bildirib ki, Azərbaycanın bank sistemində də islahatlara ehtiyac var: "Müasir dünyanın pul-kredit siyasətindən baş çıxaran mütəxəssislər cəlb edilməlidir, yoxsa indikilər kimi yalnız bazara dollar çıxarmaqla manatın kursunu stabil saxlamaqla işini bitmiş hesab edən şəxslərdən imtina edilməlidir. Yəni bu zehniyyətdən kənar insanlar bank sistemində rəhbərliyə gətirilməlidir. Vaxtilə prezident tapşırıq versə də, xaricdəki vəsaitlərimizdən gətirib sahibkarlara aşağı faizlərlə kredit vermədilər, amma əvəzində həmin pulu gətirib hər həftə 300-400 milyon dolları satıb manata dəyişməklə vəsaitlərin buxarlanmasına rəvac vermiş olurlar. Amma vaxtında həmin vəsaitləri gətirib sahibkaralara versəydilər belə bir mənzərə də yaşanmazdı. Hökumət pul bolluğuna düşdüyünə və əhali də dolanışığının yaxşı olmasına görə heç kim buna xüsusi diqqət yetirmirdi. Yəni aşağıdan ciddi tələb yox idi deyə, hökumət buna həvəssiz görsənirdi. Amma biz yenə də hökuməti çağırırıq ki, bu sahədə islahatlar aparsın. Dövlət çalışmalıdır ki, izafi xərclərdən qurtulsun və yalnız tənzimləyici funksiya yerinə yetirsin". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR