Romada yeni il əhval-ruhiyyəsi

Romada yeni il əhval-ruhiyyəsi
13:58 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 28 dekabr, AZƏRTAC
Dünyanın bütün ölkələrində olduğu kimi İtaliyada da yeni il böyük həyəcanla gözlənilir. Bu ölkədə Milad mövsümü dekabrın 8-dən başlayır. Artıq dekabrın əvvəllərindən etibarən bir çox ailələr Milad bazarlığı edirlər, evlərini bu bayramın əhval-ruhiyyəsinə uyğun bəzəyirlər, uşaqlara və yaşlılara müxtəlif hədiyyələr seçirlər. Romanın və digər böyük şəhərlərin mərkəzi meydanlarında nəhəng yolkalar quraşdırılır, paradlar, ənənəvi Milad bazarları təşkil olunur. Mərkəzi küçələr, meydanlar, əzəmətli tikililər bayramın əhval-ruhiyyəsini əks etdirən elementlərlə bəzədilir, bu bayramı səbirsizliklə gözləyən uşaqlar üçün əyləncəli festivallar, bayram tədbirləri, konsertlər keçirilir.
Roma Papasının dünya xristianlarına Milad təbrikini çatdırdığı Vatikanın Müqəddəs Pyotr meydanında da yeni ilin gəlişini əks etdirən atributlar nümayiş olunur. Xüsusilə İsa Məsihin doğuşunu simvolizə edən “Doğum səhnəsi” adlandırılan səhnəciklər meydana toplaşanlar tərəfindən böyük maraqla qarşılanır. Müqəddəs Pyotr meydanında bu cür səhnənin və əzəmətli yolkanın quraşdırılması ənənəsi 1982-ci ildən başlayıb. Səhnədə əsasən yeni doğulmuş İsa Məsihin, anası Məryəmin və digərlərinin obrazları nümayiş etdirilir.
İtaliyalılar bayram süfrəsində əsasən ənənəvi mətbəx nümunələrinə üstünlük verirlər. Bunun üçün Milad bazarlarında satışa çıxarılan müxtəlif çeşiddə ənənəvi ərzaqlara böyük tələbat yaranır.
Aparılan sorğuların nəticəsinə görə, bu il italiyalılar Milad süfrəsinə təxminən 2 milyard 2 milyon avro həcmində vəsait xərcləyiblər. Əhalinin 82 faizi bayramı evdə ailələri və dostları ilə birgə keçirməyi üstün tutublar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Romada_yeni_il_ehval_ruhiyyesi-914897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR