Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” adını layiqincə doğruldub

Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” adını layiqincə doğruldub

Date: 28 December 2015 16:23


Qax, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Qax şəhərinin 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilməsi milli mənəvi dəyərlərimizə, rayonun milli mətbəxinə verilən yüksək qiymətdir. “Paytaxt ili” çərçivəsində ilboyu davam edən tədbirlər rayonun milli mətbəx nümunələrinin üzə çıxarılması ilə yanaşı, Qaxın zəngin turizm potensialının təbliği və tanıdılmasında da mühüm rol oynayıb.
Bu sözləri Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov “paytaxt ili”nin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Şöbə müdiri bildirib ki, xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işi ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biridir. Nazirlik tərəfindən reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı da məhz Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği, “paytaxt” seçilən şəhərlərin turizm potensialının genişləndirilməsi, tanıdılması məqsədi daşıyır.
Qax şəhərinin “Azərbaycanın Milli Mətbəx Paytaxtı” seçilməsinin heç də təsadüfi olmadığını vurğulayan Nəzir Omarov deyib: “Əsrarəngiz təbiəti, qədim tarixi abidələri ilə məşhur olan Qax, həm də zəngin mətbəxi ilə seçilir. Tolerantlığın qorunub saxlandığı bu diyarda bir çox millətlərin nümayəndələri yaşayır. Bu millətlərin hər birinin özünəməxsus adət-ənənələri və milli mətbəxi vardır. Bundan əlavə, rayonda müxtəlif səviyyəli tədbirlərin, festivalların keçirilməsi üçün çox yaxşı infrastruktur mövcuddur. Rayon ərazisində müasir tələblərə cavab verən turizm obyektləri, istirahət mərkəzləri fəaliyyət göstərir. Şübhəsiz ki, bütün bu amillər Qaxın “paytaxt şəhər” elan edilməsində əsas rol oynayıb”.
Son illər dünyada mətbəx mədəniyyətinə xüsusi diqqət yetirildiyini bildirən Nəzir Omarov mənfur qonşularımızın mətbəx nümunələrimizə, milli xörəklərimizə sahib çıxmaq cəhdlərinin qarşısını almaq üçün bu istiqamətdə daha fəal olmağın, qabaqlayıcı tədbirlər görməyin vacibliyini xüsusi vurğulayıb.
“Paytaxt ili” çərçivəsində rayonda keçirilən silsilə tədbirlərdən bəhs edən şöbə müdiri bildirib ki, rəngarəngliyi ilə seçilən bu tədbirlər rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Məsələn, Qum kəndində keçirilən “Tut festivalı”nda yalnız tutdan hazırlanan mətbəx nümunələri təqdim olunub. Tədbir iştirakçıları əvvəlcə tut ağacından giləmeyvənin yığılmasında iştirak edib, daha sonra tutdan müxtəlif təamların – bəhməz, irçal, mürəbbə, halva, xəşil, plov və şirniyyatların hazırlanması prosesi ilə əyani şəkildə tanış olublar. Ən dadlı mətbəx nümunələrini hazırlayanlar diplom və hədiyyələrlə mükafatlandırılıb. İlisu kəndində təşkil olunan “İlisu yeməkləri” adlı tədbir də maraqlı və yaddaqalan olub. Yay fəslində keçirilən bu tədbirdə istirahət üçün kəndə gələn turistlər də iştirak edib, İlisu mətbəxinə aid yeməklərdən dadıblar.
Qax mətbəxinin özünəməxsusluğu və zənginliyindən söhbət açan şöbə müdiri deyib: “Rayon əhalisi xəmir xörəklərini və plovu çox xoşlayır. Qurudularaq qaxac edilən ətdən sürhüllü, əriştə, xingilli kimi xəmir xörəklərinin, həmçinin qozlu plovun bişirilməsi dağ kəndləri üçün xarakterikdir. Eyni zamanda, toyuqlu, lobyalı, qatıqlı xəngəl, qiyməli, göyərtili, çürümtəkli girs, həmçinin lobyalı, şabalıdlı, balqabaqlı, tutlu plov əhalinin ən sevimli yeməklərindən hesab olunur”.
Nəzir Omarovun bildirdiyinə görə, bu tədbirlərin içərisində sentyabrda təşkil olunan “Ulu dad” milli mətbəx festivalı kütləviliyi ilə fərqlənib. Mədəniyyət və Turizm Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri də iştirak edib. Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin ərazisində təşkil edilən sərgilərdə kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri təqdim olunub.
Festivalda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev və Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov belə festivalların yerlərdə turizmin inkişaf etdirilməsi üçün yaxşı bir fürsət olduğunu bildirib, “Ulu dad” milli mətbəx brendinin Qaxa çox yaraşdığını, bu şəhərin “Azərbaycanın Milli Mətbəx Paytaxtı” adını layiqincə doğrultduğunu xüsusi vurğulayıblar.
Nəzir Omarov sonda belə layihələrin rayonlarda mədəni həyatın daha da dirçəldilməsinə böyük təkan verdiyini bildirib.












Tags:  Qax şəhəri Azərbaycanın Milli Mətbəx Paytaxtı adını layiqincə doğruldub


RƏYLƏR


Top news