Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quldurluq etməkdə təqsirləndirilən dəstə üzvləri apellyasiya şikayəti verib

Quldurluq etməkdə təqsirləndirilən dəstə üzvləri apellyasiya şikayəti verib

Date: 28 December 2015 16:52

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhər sakini Rəşad Quliyevin evinə maskalı basqın etməkdə, həmçinin digər bir sıra cinayətlərdə təqsirləndirilən Mircavid Mirbağırov, Yaşar Yusibov, Salman Zeynalov, Şamil Quliyev və Mais Abıyevin barələrindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası dekabrın 30-na təyin edilib.
İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabr ayında baş verib. Daxili İşlər Nazirliyinin (DİN) saytının yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri tutulub. Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat və 200 ABŞ dolları, qızıl əşyalar və ov tüfəngi aparmış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusibov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulub.
Y.Yusifovla M.Mirbağırov Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə), 177.2.3-ci (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 232.3.2-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) və S.Zeynalov, M.Abıyev və Ş.Quliyev 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 232.3.2-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunublar.
Bu ilin oktyabr ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Ş.Quliyev 11 il, M.Abıyevlə S.Zeynalov 12 il və M.Mirbağırovla Y.Yusifov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Qərardan narazı qalan məhkumlar apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Tags:  Quldurluq etməkdə təqsirləndirilən dəstə üzvləri apellyasiya şikayəti verib

RƏYLƏR


Top news