Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauf Əliyev: "Kris Smit ABŞ-Azərbaycan əlaqələrinə ciddi zərər vurmaq istəyir"

Rauf Əliyev: "Kris Smit ABŞ-Azərbaycan əlaqələrinə ciddi zərər vurmaq istəyir"

Date: 28 December 2015 17:12

Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə "Azərbaycan demokratiya aktı" qanun layihəsini Konqresə təqdim edərək qəbul etdirmək istəyən konqresmen Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

O qeyd edib ki, qanun layihəsi gələn il fevral ayında müzakirəyə çıxarılacaq: "Azərbaycan Xarici İşlər Nazirliyi bu layihəni "qəbuledilməz" və "antiazərbaycan xarakterli" adlandırıb. Bir də o vurğulanıb ki, sənədin müəllifi Kris Smit həmişə ABŞ-dakı erməni lobbisinin təsiri altında olub və ermənipərəst mövqeyi ilə seçilib".

Deputat əlavə edib ki, K.Smitin tərcümeyi-halına və kimlərlə dostluq əlaqələri qurduğuna nəzər salsaq, deyilənlər daha da aşkar şəkildə görünəcək: "Kris Smit 1953-cü ildə anadan olub. 1981-ci ildən etibarən Nyu-Cersi ştatının 4-cu dairəsindən Respublikaçılar Partiyasından namizədliyi irəli sürülüb və həmişə qalib gəlib. Qeyd etmək lazımdır ki, o, bir vaxtlar (1978-ci ilə kimi) Demokratlar Partiyasının üzvü olub və sonradan partiya mənsubiyyətini dəyişib. Bu ştat erməni diasporunun sayına görə ABŞ-da 4-cü yerdədir. Kris Smitin opponentlərinin verdiyi məlumatlara görə, bu dairədən uzun illər stabil olaraq qalib olmağın əsas səbəbi onun mühüm maliyyə dəstəyinə malik olmasıdır".

R.Əliyev bildirib ki, ABŞ-da erməni lobbisi tərəfindən yaradılmış güclü maliyyə mənbələrinə malik bir çox qurumlar fəaliyyət göstərir: "Bu qurumlar Konqresə onların işinə yarayacaq senatorların seçilməsinə, lazımi qərarların, qətnamələrin qəbul edilməsi məqsədilə böyük maliyyə vəsaitləri ayırırlar. Sözsüz ki, Kris Smit də öz himayədarlarına borclu qalmır və uzun illərdir ki, erməni lobbisinə xidmət göstərir. Bilavasitə onun fəal iştirakı ilə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş 907-ci düzəlişlə Azərbaycana ABŞ-ın birbaşa yardımına qadağa qoyulub".

Millət vəkili deyib ki, K.Smit ABŞ-ın "erməni soyqırımı"nı tanınması ilə bağlı ən çox fəallıq göstərən bir konqresmendir: "O, Konqresdə "Ermənistan üzrə işçi qrupu"nun üzvüdür və ermənilərə aid məsələlərin qaldırılmasında, müzakirələrdə xüsusi fəallığı ilə seçilir. Bu ilin aprel ayında üzdəniraq "erməni soyqırımının 100 illiyi" dinləməsi üzrə Helsinki Komissiyasını təşkil edib. "Azərbaycan demokratiya aktı" layihəsi Kris Smitin şəxsi təşəbbüsü ilə irəli sürülüb və heç bir konqresmen tərəfindən dəstəklənməyib. ABŞ Konqresində hər bir konqresmen öz təşəbbüsü ilə istədiyi layihəni irəli sürə bilər. Belə təşəbbüslərin çox az bir hissəsi sonradan qanun kimi qəbul edilir. Misal üçün, 2013-2014-cü illərdə Konqresə 3809 qanun layihəsi daxil olub və bunlardan cəmi 223-ü qanun kimi qəbul olunub".

R.Əliyev əlavə edib ki, K.Smit, eyni zamanda Amerikanın Erməni Milli Komitəsi (ANKA) ilə də yaxından əməkdaşlıq edir. Bu günlərdə konqresmen ANKA-nın sədri ilə görüşərək bir sıra məsələləri müzakirə edib: "Bütün yuxarıda sadalananlar göstərir ki, Kris Smit ermənilərin yaxın dostudur, erməni lobbisi ilə sıx əlaqə qurub və onların sifarişlərini yerinə yetirir. Bu sənəd layihəsinin irəli sürülməsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP və TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçrilməsində mühüm rol oyanayan və çətin geosiyasi məkanda yerləşən, sabitlik və təhlükəsizlik cəhətdən nümunə olan Azərbaycanın yürütdüyü müstəqil siyasət dünyadakı antiazərbaycan qüvvələri, o cümlədən erməni lobbisini ciddi surətdə narahat edir. Ancaq biz inanırıq ki, ABŞ Konqresi doğru, düzgün addım atacaq və Azərbaycanla Birləşmiş Ştatlar arasında əlaqələrə ziyan vura biləcək hər hansı bir qərar qəbul etməyəcək".

Milli.Az


Tags:  Rauf Əliyev Kris Smit ABŞ-Azərbaycan əlaqələrinə ciddi zərər vurmaq istəyir

RƏYLƏR


Top news