Naxçıvanın füsunkar təbiəti, qədim tarixi abidələri insanı yeni-yeni əsərlər yaratmağa ilhamlandırır

Naxçıvanın füsunkar təbiəti, qədim tarixi abidələri insanı yeni-yeni əsərlər yaratmağa ilhamlandırır
17:13 28 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 28 dekabr, AZƏRTAC
Naxçıvanın qədimliklə müasirliyin vəhdətindən yaranan möcüzəvi gözəlliyi məni heyran etdi. Bu diyarın füsunkar təbiəti, qədim tarixi abidələri insanı yeni-yeni əsərlər yaratmağa ilhamlandırır.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Əşrəf Heybətov deyib.
Əşrəf Heybətov 65 illik yubileyi ilə əlaqədar dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fərdi rəsm sərgisinin təşkil edildiyinə görə dərin minnətdarlığını bildirib. Rəssam deyib ki, 1995-ci ildən Almaniyada yaşamasına baxmayaraq doğma Vətəni ilə əlaqələrini heç vaxt itirməyib, mütəmadi olaraq Azərbaycana gəlib, fərdi sərgilərinin açılışında iştirak edib. Bütün əsərlərində Azərbaycanı təbliğ edən rəssam bunu özünün mənəvi borcu sayır.
Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvanı uzun illərdir görmək istədiyini deyən Əşrəf Heybətov, buraya gələrək muxtar respublikadakı yaradıcılıq mühiti ilə tanış olmasından məmnunluğunu ifadə edib. O, Naxçıvan Muxtar Respublikasında rəssamların rahat fəaliyyət göstərmələri üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. Muxtar respublikada onun şəxsən tanıdığı bir çox peşəkar rəssamın fəaliyyət göstərdiyini xüsusi qeyd edib.
Naxçıvanda Azərbaycan xalqının milli adət-ənənələrinin bu gün də yaşadıldığını bildirən rəssam buradakı qonaqpərvərliyin onda xoş təəssürat yaratdığını deyib.
Ə.Heybətov, həmçinin qeyd edib ki, gələcəkdə Budapeştdə, Kubada fərdi sərgilərini keçirməyi planlaşdırır. O vurğulayıb ki, azərbaycanlı rəssamların xarici ölkələrdə belə sərgilər keçirmələri respublikamızın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanin_fusunkar_tebieti_qedim_tarixi_abideleri_insani_yeni_yeni_eserler_yaratmaga_ilhamlandirir-914992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR