Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əli Həsənov: "Ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün böyük siyasi iradə nümayiş etdirir"

Əli Həsənov: "Ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün böyük siyasi iradə nümayiş etdirir"

Date: 28 December 2015 17:27

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. “Report” həmin müsahibəni təqdim edir:
- Başa çatmaqda olan 2015-ci ili necə xarakterizə edərdiniz və bu il Azərbaycan üçün nə ilə əlamətdar oldu?
- 2015-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmişdir.
- Bu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi. Necə düşünürsünüz, parlament seçkiləri ölkədə ictimai fəallığı, demokratiya normalarını və vətəndaş məsuliyyətini özündə adekvat əks etdirə bildimi?
- Milli Məclisə seçkilər 2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri olmuşdur. Seçkilər tam demokratik şəraitdə keçirilmiş və Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Xalqın Azərbaycan Prezidentinə böyük etimadı və onun həyata keçirdiyi siyasətə hərtərəfli dəstəyi seçki prosesinin nəticəsinə təsir göstərən mühüm amil olmuşdur.
Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərdə iştirak etmək üçün 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınmış, onlardan 767 namizəd seçkilərdə iştirak etmişdir. 500 nəfərdən artıq müşahidəçini birləşdirən 40-dan çox xarici müşahidə missiyasının, on minlərlə yerli müşahidəçinin, yerli və xarici medianın, ekspertlərin rəylərinə əsasən seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir.
Kimin, hansı qurumun seçkilərə necə münasibət bəsləməsindən, onu necə qiymətləndirməsindən asılı olmayaraq, parlament seçkilərinə əsil qiyməti Azərbaycan vətəndaşları və seçiciləri verdilər. Yeni Azərbaycan Partiyasının seçkilərdə inamlı qələbəsi də Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa etimadının ifadəsi olmuşdur.
- 2015-ci il Azərbaycanın iqtisadi inkişafı və bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından uğurlu il hesab oluna bilərmi?
- Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2015-ci ildə qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu əminliklə söyləmək mümkündür. Statistikaya əsasən, bu ilin sonuna Azərbaycanda iqtisadi artım 4%, ölkə üzrə ÜDM istehsalı 57,2 milyard manat təşkil edəcəkdir. Əlamətdar haldır ki, bu artım əsasən qeyri-neft sektorunun hesabına əldə olunmuşdur. 2015-ci ildə qeyri-neft iqtisadiyyatı 6 faizdən çox yüksəlmiş və onun iqtisadiyyatda çəkisi 70 faizə çatmışdır. İl ərzində sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır.
Bu il ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulmuş, onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayə olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır.
Ölkədə 87 min yeni iş yeri yaradılmış, 2004-cü ildən bu günə kimi açılmış yeni iş yerlərinin sayı 1.4 milyonu keçmişdir ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Aprelin 3-də təsdiqlənmiş Tədbirlər Planı 5 istiqamət üzrə 50 tədbirin həyata keçirilməsini nəzərdə tutmuşdur. Strateji hədəf ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək, habelə Azərbaycan məhsullarının rəqabət qabiliyyyətini artıraraq onların xarici bazara çıxarılmasına şərait yaratmaq olmuşdur.
Cari ilin 10 ayında kənd təsərrüfatı 6.7 faiz artmışdır. Taxtakörpü və Şəmkirçay su anbarları on minlərlə hektar torpağa suyun verilməsini təmin edəcəklər. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olmuşdur.
Xatırladım ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə Prezident İlham Əliyev 2015-ci il üzrə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif olunmuşdur.
Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Son illər yaradılmış müasir nəqliyyat infrastrukturu Azərbaycanın “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsində mühüm rol oynayır. Bu yaxınlarda Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalamışdır. Həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artıracaq, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir.
Prezident İlham Əliyevin Gürcüstana və Çinə son səfərləri zamanı əsas müzakirə mövzularından biri də nəqliyyat-tranzit dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı olmuşdur. Hesab edirəm ki, bu ilin avqustunda Çindən ilk qatarın Azərbaycana çatması və bununla da Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsinin işə düşməsi tarixi hadisə və görülən işlərin məntiqi nəticəsidir.
2015-ci ildə “Şahdəniz II” layihəsinin həyata keçirilməsi və “Cənub” qaz dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilmişdir. Mart ayında isə Qarsda TANAP layihəsinin təməli qoyulmuşdur. TAP layihəsi “Şahdəniz II” qazının Türkiyə üzərindən Avropaya daşınması üçün əlavə imkanlar yaradır. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsində və qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar.
Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamışdır. Dünya Bankının hesabatına əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olmuşdur. Bankın hesabatında qeyd edilir ki, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur.
- Bu il həm də neftin qiymətinin kəskin ucuzlaşması, habelə Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi müşahidə olundu. Sizin fikrinizcə bu, ölkədə əhalinin sosial durumuna mənfi təsir göstərəcəkmi?
- Əksər beynəlxalq ekspertlərin fikrinə əsasən, enerji resurslarının qiymətinin aşağı düşməsi süni şəkildə stimullaşdırılan prosesdir. Bu siyasət dünyada mövcud beynəlxalq münasibətlər, təhlükəsizlik sistemini və formalaşmış iqtisadi əlaqələri ciddi şəkildə təhdid edir. Bir tərəfdən enerji resurslarını ixrac edən ölkələrin milli gəliri azalır, digər tərəfdən isə əksər ölkələrdə milli valyutaların dəyərdən düşməsi müşahidə olunur. Azərbaycan da dünyanın bir hissəsidir, qlobal iqtisadi proseslərdən təcrid olunmamışdır və buna görə həmin proseslər istər-istəməz ölkəmizə də öz təsirini göstərir.
Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə bağlı deyil, dünyada gedən proseslərin ölkəyə mənfi təsiri ilə əlaqədardır. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. İlin yekunları da göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarmış, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmamışdır. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi, vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət həmişə prioritet olmuş, dünyada yaşanan iqtisadi təbəddülatların Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi önləyici addımlar atılmışdır. Məhz buna görə də, il ərzində sosial proqramların icrasında ləngimə olmamışdır. Bu il əhalinin pul gəlirləri 5,8 faiz artmışdır. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Son illər ərzində ölkə üzrə müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı 500-ü keçmişdir. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam etdirilmişdir.
Bu gün ölkədə 114 min ailə və ya 500 minə yaxın insan ünvanlı sosial yardım alır. Hər ailəyə dövlət tərəfindən orta hesabla ayda 153 manat yardım göstərilir.
Qeyd edilməlidir ki, devalvasiya sosial baxımdan mənfi haldır və təbii olaraq vətəndaşların maddi durumuna öz neqativ təsirini göstərir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bu prosesi öz axarına buraxmamış və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirmişdir, bu məqsədlə müvafiq tənzimləyici mexanizmlərdən istifadə etmişdir. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi s. tədbirlər məqsədyönlü şəkildə davam etdirilir.
- Bu il həm də Bakı şəhəri tarixdə ilk dəfə olaraq keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Bu tədbirin əhəmiyyətini necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, l Avropa Oyunlarının uğurla keçirilməsi dövlətimiz və cəmiyyətimiz qarşısında duran ən böyük sınaqlardan biri olmuşdur. Düzdür, Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi artıq uzun illərdir çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu sahədə kifayət böyük təcrübə qazanmışdır. Ancaq öz miqyasına, tələb olunan resurslara, təşkilatçılıq işlərinin həcminə və digər göstəricilərə görə onların heç biri yay Olimpiya oyunları səviyyəsini tələb edən l Avropa Oyunları ilə müqayisə oluna bilməz.
Əminliklə demək olar ki, Azərbaycan I Avropa Oyunlarını uğurla keçirməklə dünya idman tarixində yeni bir səhifə açdı. Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə təşkil olunması üçün geniş hazırlıq işləri başladı. Adətən Olimpiya səviyyəli oyunların təşkili üçün 7-8 il hazırlıq tələb olunurdusa, Azərbaycan bu işin öhdəsindən 27 aya gələ bildi. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, bəzi obyektlər isə müasir formada yenidən quruldu. Paytaxtın nəqliyyat infrastrukturu təkmilləşdirildi, müvafiq təhlükəsizlik tədbirləri görüldü, qonaqların, idmançıların yerləşdirilməsi, məşqlərin keçirilməsi və digər məsələlər həll olundu. Beləliklə, ölkəmiz hələ oyunlar başlamazdan əvvəl özünəməxsus rekorda imza atdı və ev sahibi kimi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində bildirdi ki, belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularda təsəvvür etmək mümkün deyildi.
Bu yarışlarda Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6 mindən artıq atlet idmanın 20 növündə, o cümlədən 16 olimpiya növündə mübarizə apardı. Avropa Oyunları Bakıda 21 idman obyektində keçirildi. 17 gün davam edən Oyunlarda 291 idmançı ilə təmsil olunan komandamız 12 idman növündə 56 medal qazandı ki, bunların da 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür. Bununla da komanda hesabında ikinci yer tutan Azərbaycan sadəcə yüksək səviyyəli təşkilatçı kimi deyil, idman ənənələri güclü olan bir ölkə kimi özünü təqdim etməyi bacardı.
Yerli və xarici KİV-lərdə verilən materiallar, çoxsaylı ekspert təhlilləri və rəyləri təsdiq etdi ki, Azərbaycana gələn qonaqlar və idmançılar ölkəmizdəki qonaqpərvərliyə, Bakının gözəlliyinə, zəngin tarixinə və müasir inkişafına, qısa dövr ərzində əldə edilmiş uğurlara heyran olmuşlar.
Artıq Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır. Bu, Azərbaycanın dünyada necə nadir bir missiya daşımasının əyani ifadəsidir: Azərbaycan artıq mədəniyyətlərin, dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul olunur.
- Başa çatmaqda olan 2015-ci ildə Azərbaycan digər mühüm beynəlxalq tədbirlərə də ev sahibliyi etmiş, eyni zamanda ölkəmiz müstəqillik tarixində ilk dəfə olaraq “Böyük İyirmiliyin” sammitinə dəvət olunmuşdur. Bu tədbirlərin əhəmiyyətini necə xarakterizə etmək olar?
- Bu ilin mayında Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, yüzdən artıq dövlətin nümayəndəsi - fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, müxtəlif sahələrin aparıcı ekspertləri mədəniyyətlərarası dialoq sahəsində aktual məsələləri fəal şəkildə müzakirə etmişlər. Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin Zirvə Görüşü kimi mühüm tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənəvi xarakter almışdır. Bununla yanaşı, 2015-ci ilin mayında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının, noyabrda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının və digər mühüm tədbirlərin keçirilməsi Bakı şəhərinin artıq dünya ictimaiyyətinin diqqət mərkəzində olan məsələlərin müzakirə edildiyi qlobal mərkəzə çevrildiyini göstərir. ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi inkişaf bütün İslam aləminə nümunə ola bilər. Çünki Azərbaycan öz tarixi dəyərlərinə əsaslanaraq sülh şəraitində birgəyaşayışı təşviq edir, sosial sülhün və ədalətin təmin olunmasında uğurlar qazanır.
Ölkəmizin “Böyük İyirmiliyin” Antalyada keçirilən sammitə dəvət olunmasına gəlincə, qeyd etmək istərdim ki, bu, Azərbaycanın regionda və beynəlxalq arenada oynadığı rola, dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə, mühüm iqtisadi məsələlərin həlli sahəsində gördüyü işlərə verilən layiqli qiymətdir. “Böyük İyirmiliy”in Antalya Sammitində aparılan müzakirələr və qəbul edilən qərarlar bir çox qlobal məsələlərə dair ümumi strategiyanın formalaşdırılması, hazırda müşahidə olunan problemlərin həlli ilə bağlı real və təsirli tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olmuşdur. Azərbaycan nümayəndə heyətinin “G 20” çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı, Prezident İlham Əliyevin Antaliya Sammitinə xüsusi qonaq qismində qatılması və qlobal xarakterli məsələlər barədə Azərbaycanın mövqeyini səsləndirməsi, bir sıra dəyərli təşəbbüslərlə çıxış etməsi ölkəmiz üçün böyük əhəmiyyətə malik hadisədir. Cənab Prezident öz nitqində müstəqil Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modelini “G 20” üzvlərinin diqqətinə təqdim etmişdir. Həmçinin sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin həllinə dair danışıqlar prosesinin gedişi dünyanın ən mühüm 20 dövlətinin rəhbərinin nəzərinə çatdırılmışdır.
- 2015-ci ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından necə qiymətləndirmək olar? ATƏT-in Minsk Qrupunun builki fəaliyyətini və münaqişənin həllinə dair hazırkı durumu necə dəyərləndirirsiniz?
- Təəssüf ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmamışdır. Bunun da başlıca səbəbləri bir tərəfdən Ermənistanın destruktiv mövqeyi, mövcud status-kvonu qoruyub saxlamaq cəhdləri ilə bağlıdırsa, digər tərəfdən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupu həmsədrlərinin qətiyyətsiz mövqeyi ilə əlaqəlidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar münaqişələrə tam fərqli mövqe nümayiş etdirirlər. Bu da hazırkı dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi xarakterizə oluna bilər. Onu da qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və vaxtilə həmin qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə səs vermişlər. Hazırda həmin qətnamələrin icrası ilə bağlı heç bir təsirli tədbirin görülməməsi elə həmin dövlətlərin vaxtı ilə səs verdikləri qətnamələrə qarşı hörmətsizliyi kimi xarakterizə oluna bilər.
Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti hesab edir ki, biz öz gücümüzə qüvənməliyik, iqtisadiyyatımızı, hərbi qüvvələrimizi daha da gücləndirməliyik. Bu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissəsi olmuşdur.
Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Hesab edirəm ki, iqtisadiyyatı iflic vəziyyətində olan, sosial fəlakət içində yaşayan, əhalisi baş götürüb qaçan Ermənistan uzun müddət bu duruma tab gətirə bilməyəcək.
Qeyd edim ki, bu ilin dekabrında İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilmişdir. Görüşün nəticələri ilə bağlı verilən bəyanata əsasən demək olar ki, danışıqlar bəslənilən ümidləri doğrultmamışdır. Buna görə də Azərbaycan Ermənistanı ədalətli sülhə məcbur etmək üçün diplomatik səylərini, iqtisadi təcridetmə siyasətini davam etdirəcək. Bununla yanaşı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyin digər yollarını da heç zaman istisna etməmişdir.
- Əli müəllim, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitin Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi “qanun layihəsi”ni və Avropa Şurasının Baş katibi Torbörn Yaqlandın Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlanacağı haqda son bəyanatını necə izah edərdiniz?
- Görünür, Azərbaycanın milli mənafelərə xidmət edən müstəqil siyasəti bəzi xarici dairələri, xüsusilə erməni lobbisinin nəzarətində olan anti-Azərbaycan qrupları ciddi narahat edir. Azərbaycan dünyada gərginliyin artdığı indiki mərhələdə olduqca rasional təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidenti islamofobiyanı və digər bu kimi mənfi təzahürləri, dünyada sabitliyi və təhlükəsizliyi pozmaq cəhdlərini, Avropada qaçqınlara olan pis münasibəti tənqid edir, öz ədalətli səsini ucaltmaqdan çəkinmir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji və nəqliyyat layihələri regionun inkişafına, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əməli töhfə verir. Azərbaycan öz geosiyasi potensialını xalqlar və dövlətlər arasında etimad mühitinin inkişafna yönəldir. Təsadüfi deyil ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşü zamanı Prezident İlham Əliyev Rusiya və Türkiyə arasında artan gərginliyin azaldımasında vasitəçi rolunu təklif etmişdir. Azərbaycan bəzi qonşu dövlətlərdən fərqli olaraq həm Avropa İttifaqına, həm də Avrasiya İttifaqına eyni məsafədə dayanır, ikitərəfli əməkdaşlıq formatlarına üstünlük verir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan geosiyasi qütblərin toqquşma deyil, əməkdaşlıq məkanıdır. Bir zamanlar qonşu İrana qarşı sanksiyalar tətbiq ediləndə də, bu il Rusiya sanksiyalarla üzləşəndə də Azərbaycan “embarqoçu kolasiyalara” qoşulmadı. Çünki biz çoxəsrlik qonşuluq münasibətlərini cari-situativ maraqlardan üstün tutduq.
Təbii ki, hadisələrin bu məcrada davam etməsi, beynəlxalq məsələlərin həllində Azərbaycanın rolunun artması erməni lobbisini və onun əlində oyuncaq olan Qərbin ermənipərəst dairələrini narahat edir. ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit artıq erməni təəssübkeşi kimi çoxdan ad qazanmışdır. Onun irəli sürdüyü “təşəbbüs” bütövlükdə ABŞ-Azərbaycan əlaqələrini təhdid edir və birbaşa Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmişdir. Eləcə də T.Yaqlandın Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı iddiaları heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir. Bir məqamı qeyd edək ki, AŞPA-nın qış sessiyasında Azərbaycanın təşəbbüsü ilə iki mühüm sənəd müzakirəyə çıxarılacaq. Onlardan biri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri, digəri isə Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə əlaqəlidir. Həmin sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və üstəlik, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun ermənilər tərəfindən işğal edildiyi vurğulanmışdır.
Görünür, K.Smit və T.Yaqland kimiləri belə təxribatçı addımılar atmaqla Ermənistanı mümkün mənfi ssenarilərdən sığortalamağa çalışırlar. Hesab edirik ki, K. Smitin “təşəbbüsü” ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından birinə çevriləcək.
Azərbaycan bütün ölkələrlə, o cümlədən ABŞ-la ikitərəfli və bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıdır, ayrı-ayrı çağırışların bu əlaqələrə xələl gətirməsinə imkan verməməyə çalışır. Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın.
- Bu il Azərbaycan Milli Mətbuatının 140 illiyi dövlət səviyyəsində qeyd edildi. Siz Azərbaycan KİV-lərinin inkişaf səviyyəsini necə xarakterizə edərdiniz və media sahəsində mövcud problemlər barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, Azərbaycan Milli Mətbuatının yubileylərinin dövlət səviyyəsində keçirilməsi artıq ənənə halını almışdır və bu baxımdan milli mətbuatımızın 140 illiyi də istisna təşkil etməmişdir. Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin regionlarında və Bakıda təntənəli tədbirlər keçirilmiş, milli mətbuatımızın keçdiyi şərəfli inkişaf yolu təhlil edilmiş və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Mətbuatın inkişafında rolu olan jurnalistlərlə bağlı daxil olmuş 800-dən çox təqdimat araşdırılmış və dövlət başçısının müvafiq sərəncamları ilə 180 şəxs dövlət mükafatları ilə təltif edilmiş və fəxri ad almışlar.
Hesab edirəm ki, bu gün Azərbaycanda peşəkar, ictimai rəyə təsir imkanlarına malik, güclü media mövcuddur. İnternetin açdığı imkanlar Azərbaycan mediasının beynəlxalq informasiya məkanına çıxışına şərait yaratmış və bu gün KİV-lərimiz bu və ya digər məsələlərlə bağlı Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq iqtidarındadır.
Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəkdir. Lakin KİV-lər də yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər.
- Əli müəllim, 2015-ci il həm də bir sıra xoşagəlməz hallarla yadda qaldı. Milli Təhlükəsizlik və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ətrafında baş verən hadisələr, yüksək vəzifəli şəxslərin həbsi, Nardaran hadisələri, "Günəşli" yatağında baş verən faciə cəmiyyətdə geniş müzakirə olundu.
- Cənab Prezident Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəzi dövlət strukturları tərəfindən sahibkarlara problemlər yaradıldığını bildirmiş və bu problemin aradan qaldırılması ilə bağlı son xəbərdarlığını etmişdir. Bundan sonra qəbul edilmiş qərarlar və atılan addımlar göstərdi ki, Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcəkdir.
MTN-nin bir sıra əməkdaşları səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrlə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləmiş və bundan öz məqsədləri üçün istifadə etmişlər. MTN-in sabiq rəhbərliyi hüquqa zidd əməllərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də cəlb etmişdir. Nəticədə vətəndaşlara və dövlətə külli miqdarda ziyan dəymişdir.
Ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Bundan sonra da Azərbaycan qanunlarına hörmətsizlik göstərən hər kəsin aqibəti MTN və RİTN-in sabiq rəhbərlərinin və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək.
Azərbaycan hüquqi, demokratik, dinamik inkişaf edən dövlətdir, ölkədə bütün məsələlər Konstitusiya və mövcud qanunvericilik əsasında tənzimlənir. Əlbəttə, uzun illərdir Bakının ətrafında yerləşən Nardaran qəsəbəsinin bəzi cinayətkar ünsürlərin, din pərdəsi altında gizlənmiş terrorçuların, xarici agentlərin məskəninə çevrilməsi, bu qəsəbədə ölkə qanunlarının işləməməsi, dövlət orqanlarının, bələdiyyənin fəaliyyət göstərməməsi artıq dözülməz hal almışdı. Qəsəbədə mövcud ab-hava Azərbaycan reallığını tam inkar edərək daha çox dini-teokratik cəmiyyəti xatırladırdı. Noyabrın 16-da silahlı dəstə tərəfindən iki polis əməkdaşının qətlə yetirilməsi qəsəbədəki özbaşınalığın son həddi oldu və bu ərazidə konstitusion quruluşun bərpa edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini zəruri etdi. Dekabrın 1-dən etibarən hüquq mühafizə orqanlarının Nardaranda birgə xüsusi əməliyyat keçirməsi də bu məqsədi daşıyırdı. Həyata keçirilən əməliyyat nəticəsində qəsəbə terror qruplaşmasından təmizlənmiş, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılmışdır. Bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaqdır.
Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılır. Cənab Prezidentin göstərişinə əsasən Nardaranın abadlaşdırılması, qəsəbədəki infrastrukturun yenilənməsi, sakinlərin sosial problemlərinin həlli məqsədilə ilkin olaraq 12 milyon manat məbləğində vəsait ayrılmışdır.
Dekabrın əvvəlində “Günəşli” yatağında baş vermiş faciə proqnozlaşdırılması mümkün olmayan təbii fəlakətin yaratdığı texnogen qəza idi. Baş verən hadisə zamanı istər SOCAR, istərsə də Fövqəladə Hallar Nazirliyi koordinasiyalı şəkildə fəaliyyət göstərərək şəraitin imkan verdiyi xilasetmə tədbirləri həyata keçirmişlər. Təəssüf ki, təbii fəlakətin miqyası bütün gözlənti və ehtimallardan qat-qat böyük olduğundan görülən tədbirlər lazımi effekt vermədi.
Təbii ki, bu qəzadan müəyyən nəticələr çıxarılacaq. Qəza haqda xəbərlər dəqiqləşəndən dərhal sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkə ərazisində birgünlük rəsmi matəm elan olunmuş, qəzanın səbəblərin öyrənilməsi və nəticələrinin aradan qaldırılması üçün müvafiq komissiya yaradılmışdır. Dənizdə qəhrəmancasına həlak olan neftçilərimizin ailələrinə kompensasiyalar verilmiş, müvafiq qanunvericiliyə uyğun şəkildə ailə üzvləri üçün yüksək həcmdə təqaüdlər müəyyən edilmiş, yaralı neftçilərin müalicəsinə hər cür şərait yardılmışdır, həlak olanların dəfnini dövlət öz üzərinə götürmüşdür. Qəzanın fəsadlarının aradan qaldırılması üçün digər zəruri tədbirlər davam etdirilir.
- Əli müəllim, 2016-cı ildə qarşıda duran vəzifələr və onların yerinə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, həm 2016-cı ildə, həm də sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, milli inkişaf strategiyasının reallaşdırılması, iqtisadiyyatın daha da inkişaf etdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, milli təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək. Ümummilli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli qarşıda duran ən başlıca vəzifədir. Xalqla iqtidar arasında birlik, ən əsası vətəndaşların Prezident İlham Əliyevə olan böyük etimadı qarşımızda duran bütün problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir və bu yolda yeni zəfərlər qazanmaqda davam edəcək.

Tags:  Əli Həsənov Ölkənin siyasi rəhbərliyi korrupsiyaya rüşvətxorluğa qarşı mübarizə aparmaq böyük siyasi iradə nümayiş etdirir

RƏYLƏR


Top news