Qaçqın və məcburi köçkünlərin qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılır

17:33 28 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 27-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadda və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis general-leytenantı İsmət Əliyev qarşıdan gələn əlamətdar bayramlar münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını görüş iştirakçılarına çatdırıb. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlarla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayan nazir müavini sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlətimizin başçımızın rəhbərliyi ilə cəmiyyət həyatının ayrı-ayrı sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində qazanılmış uğurlardan danışıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsini və problemlərinin həllini daim diqqətdə saxladıqlarına görə nazirliyin rəhbərliyinə təşəkkür edib.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlətimizin başçısının yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini bildiriblər. Onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 44 min manatı Sabirabadda, qalan 26 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qachqin_ve_mecburi_kochkunlerin_qaygi_ve_problemlerine_her_zaman_diqqetle_yanasilir-915005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR