Azərbaycan güləşçiləri 2015-ci ildə 328 medal qazanıblar

Azərbaycan güləşçiləri 2015-ci ildə 328 medal qazanıblar
17:48 28 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC 
Yola salmağımız il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.
İl ərzində pəhləvanlarımız bir sıra yerli və beynəlxalq səviyyəli turnirlərdə qüvvələrini sınayıblar. Bunların arasında dünya kuboku, “Bakı-2015” ilk Avropa Oyunları, eləcə də ABŞ-ın Las-Veqas şəhərində keçirilən və Rio-2016 Olimpiadasında lisenziya verən dünya çempionatında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və yığmanın aktivində olan medalların sayını daha da artırıblar.
Ölkəmizin böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandası bu ilin fevralında Tehranda keçirilən dünya kuboku yarışlarının qalibi olub və Azərbaycanın idman tarixində yeni səhifə yazıb. Sərbəst güləş yığmamız isə analoji yarışı üçüncü sırada tamamlayıb.
Yığma komandalarımızın üzvləri 2015-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və dünya çempionatlarında 25 qızıl, 17 gümüş, 40 bürünc olmaqla toplam 82 medal qazanıb.
Tarixdə ilk dəfə keçirilən “Bakı-2015” Avropa Oyunlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması 15 (6 qızıl, 2 gümüş və 7 bürünc) medal qazandı. Azərbaycan idmançılarının I Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündən 12-də qazandığı 56 medaldan ən çoxu (15 medal) da məhz güləş yığmamızın payına düşdü.
ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən dünya çempionatında güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medal və olimpiadaya 11 lisenziya qazandı. Dünya çempionatında yaddaqalan məqamlardan biri də Hacı Əliyevin ölkənin sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu adına layiq görülməsi idi.
2015-ci ildə həm də ilk dəfə olaraq 23 yaşadək güləşçilərin (U-23) Avropa çempionatı keçirilib. Azərbaycan yığması çempionatı 1 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıb.
Bu il İstanbulda keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı ölkəmiz üçün uğurlu olub. Azərbaycan pəhləvanları çempionatda ümumilikdə 15 medala (5 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda - 6 medal qazanmaqla həm yeni tarix yazıb, həm də komanda hesabında Avropa çempionu tituluna layiq görülüb.
Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan yığması 12 (7 qızıl, 2 gümüş və 3 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb.
2015-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Dünya çempionatında 11 (1 qızıl, 1 gümüş və 9 bürünc), Serbiyanın Subotiça şəhərində keçirilən Avropa çempionatında isə 9 (3 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıblar.
Bundan başqa, yığma komandalarımız bu il səkkizincisi keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsi (5 qızıl, 8 gümüş və 8 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 246 medal qazanıb. Bu medalların 65-nin əyarı qızıl, 72-si gümüş və 109-nun əyarı isə bürünc olub.
Bütövlükdə, 2015-ci il ərzində 328 (90 qızıl, 89 gümüş, 149 bürünc) medal qazanan güləşçilərimiz ötən ilki nəticəni (294 medal) yeniləyib. Bu medallardan 155-i yeniyetmə, 69-u gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 9 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 95 medala sahib olub. Onlardan 139-nu sərbəst, 131-ni yunan-Roma güləşçiləri qazanıb, 58 medal isə qadın güləşçilərin payına düşüb.
Qarşıdan gələn 2016-cı il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən bir ildir. Çünki növbəti ildə güləşçilərimizin qarşısında Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına tam heyətlə getmək, Oyunlarda uğurlu çıxış etmək və London Yay Olimpiya Oyunlarındakı nailiyyəti artırmaq məqsədi durur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_guleschileri_2015_ci_ilde_328_medal_qazaniblar-915013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR