​Yevlax şəhər Təhsil Şöbəsində ciddi nöqsanlar aşkarlanıb

18:12 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, auditor TŞ tərəfindən hərbi rəhbərlərə, müəllimlərə kompyuterlərə xidmət və tədris-təcrübə sahəsinə rəhbərlik üçün, həmçinin sinif rəhbərliyi və dəftəryoxlama və fənn kabinələri ilə bağlı xərclərdə mövcud qanunvericiliyin tələbləri gözlənilməməsi səbəbindən əlavə əmək haqqı ödənildiyini, digər TŞ-də də müəyyən edildiyi kimi, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilmədiyi, az kontingentli ibtidai siniflərdə komplektləşmə aparılmadığını, sağlamlıq imkanları məhdud uşaqlara dərslərin düzgün təşkil edilmədiyini diqqətə çatdırılıb. Həmçinin işçilərin əmək haqqından mövcud qanunvericiliklə nəzərdə tutulmuş tutulmaların düzgün həyata keçirilmədiyi, bəzi haqlarda gəlir vergisinin az hesablandığı, pedaqoji işçilərin aylıq gəlirindən vergi hesablanarkən güzəşt hüququ olmayan şəxslərə güzəşt tətbiq edildiyi qeyd olunub.
Auditor ibtidai hazırlıq mərhələlərini keçmədən uşaqların birbaşa təlim-məşq qruplarına cəlb olunduğunu, ezamiyyə və məzuniyyətlə bağlı xərclərin ödənilməsi zamanı mövcud normativ-hüquqi aktların tələblərinə tam əməl edilmədiyini, kommunal xərclərin ödənilməsi zamanı faktiki xərcdən artıq xərclərə yol verildiyini, xərclər smetasında nəzərdə tutulmayan, həmçinin TŞ-nin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərcləndiyini bildirib.
TŞ tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, auditlə əhatə olunan dövrdə bir neçə halda qalib elan olunmuş təşkilatlarla bağlanılmış müqavilələrə əsas göstərilmədən xitam verildiyi və satınalmaların satınalma prosedurunda iştirak etməyən müəssisə və təşkilatlarla həyata keçirildiyi, satınalma proseduru tətbiq edilmədən vəsait xərc edildiyi, iddiaçılar tərəfindən tenderdə iştirak haqqının ödənilməsi təmin olunmadığı diqqətə çatdırılıb.
Auditor audit obyekti tərəfindən müxtəlif inventar və avadanlığın təhvil götürülməsi və uçota alınması, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini bildirib.
Daha sonra auditor audit dövründə artıq ödəməyə yol vermiş məsul şəxslər tərəfindən vəsaitlərin dövlət büdcəsinə müvafiq qaydada bərpa olunduğunu, əldə olunmuş nəticələr əsasında tərtib edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, əmək haqqının və vergilərin hesablanması, o cümlədən pedaqoji işçilərin əmək haqqına əlavələrin hesablanılması, siniflərin komplektləşdirilməsi, ümumtəhsil məktəblərinin rəhbər işçilərinə dərslərin tarifləşdirilməsi, büdcə vəsaitlərindən istifadə zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, tələbatdan artıq xərclərə yol verilməməsi, vəsaitlərin ciddi olaraq yalnız təyinatı və ünvanlı üzrə, eləcə də bağlanmış müqavilə şərtlərinə uyğun istifadəsi istiqamətində TŞ-nin fəaliyyətinin gücləndirilməsi zəruridir. Həmçinin dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının tələblərinə əməl edilməsi, təsərrüfat fəaliyyətinin nəticələrinə müvafiq olaraq hesabatların “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun hazırlanması məqsədəmüvafiq hesab olunub.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib. Qərar icra edilməsi məqsədilə Təhsil Nazirliyi, Yevlax şəhərinin İcra Hakimiyyəti və Təhsil Şöbəsinə göndərilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/yevlax-seher-tehsil-sobesinde-ciddi-noqsanlar-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR