Azərbaycan əsgərinə məktub: "Qələbə xəbəri və atamdan xoş soraq gözləyirəm"

Azərbaycan əsgərinə məktub: "Qələbə xəbəri və atamdan xoş soraq gözləyirəm"
19:27 28 Dekabr 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Salam Vətən keşikçisi, düşmən çəpəri Azərbaycan əsgərləri!
Sizlər soyuq səngərdə çiynində silah, gözləriniz düşmən mövqelərinə zillənərək ayıq-sayıq xidmət apararkən mənim kimi milyonlarla insan öz evində, isti ocağında, ailəsinin içində sakit həyatını yaşamağa davam etməkdədir. Bu dincliyə, bu rahatlığa, firavanlığa görə hər kəs sizlərə borcludur. Sizlər indi yalnız doğulub boya-başa çatdığınız el-obanın, ailənizin deyil, bütövlükdə Azərbaycanın, mənim kimi 30 minə yaxın şəhid övladının doğması, minlərlə müharibə qazisinin qardaşısınız.
Düz 25 il bundan öncə Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımıza edilən hərbi təcavüz insanlarımızı öz dədə-baba yurdlarından didərgin saldı, Azərbaycan xalqının ürəyinə Xocalı dağı çəkdi, böyükdən-kiçiyə hər kəs müharibə zorakılığının qurbanına çevrildi. Millətimin minlərlə ailəsi qaçqına, məcburi köçkünə döndü. Bir çox şəhid övladları kimi, mənim də uşaqlıq dünyam məhv oldu. Bütün bu müsibətlərə daxilən etiraz edən, vicdanının səsinə səs verən atam Şamil Muxtar oğlu Məmmədov digər yaşıdları kimi, xalqının dar günündə Vətəninin müdafiəsinə qalxdı. Könüllü olaraq müharibəyə yollandı, mənfur düşmənlə amansız döyüşlərə qatıldı. Anam və azyaşlı bacı-qardaşlarımla üzləşdiyimiz çətinliklərə sinə gərdik, dözdük, cəbhədə olan atamın gözünün arxada qalmamasına çalışdıq. Atam öz döyüş yoldaşları ilə düşmənə qalib gəlsin deyə, Vətən torpaqları azad olunsun deyə, bütün ağrı-acılarımızı unutduq. Türk dünyasında vətənpərvər şair kimi tanınan Mithat Camal Kuntayın “Bayraqları bayraq yapan üstündəki al qandır, Toprak, əğər uğrunda ölən varsa, Vatandır!” misralarını dilimizdə əzbər bilib, bayrağımızın daim zirvələrdə dalğalanmasını, Vətənimizin bütövlüyünü, qalibiyyətimizi, doğma yurd-yuvamıza qayıdacağımız xoşbəxt günləri arzuladıq. 1992-ci il noyabrın 4-də atamın Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq itkin düşməsi xəbəri bizi bir qədər sarsıtsa da, onun sağ-salamat qayıdacağına ümid etdik, qələbəyə inamımızı zərrə qədər də olsa azaltmadıq. Həmin gündən indiyə qədər ata sorağı ilə gözümüz yollara, qulağımız cəbhədən gələn hər xəbərə həyəcanla dikilsə də, mübarizlik ruhumuz, qələbə sevincini yaşamaq istəyimiz bu gün də tükənməyib. İndi sizlər ön cəbhədə əlinizdə silah, mənim kimi jurnalistlər isə ideoloji cəbhənin əsgərləri kimi əllərində qələm bu sevinci xalqımıza yaşatmaq üçün bacardıqlarımızı etməkdəyik.
Əziz əsgər qardaşlarım! Bizlər sizin ürəyinizdəki təpərə, Vətən sevgisinə, komandanlığın qəbul etdiyi qərarları və döyüş tapşırıqlarını can-başla, yüksək səviyyədə yerinə yetirmək bacarıqlarınıza tam inanır, Azərbaycan xalqına QƏLƏBƏ sevincini yaşadacağınıza zərrə qədər də olsun şübhə etmirik. Bunun bir səbəbi Azərbaycan ordusunun gücü, peşəkarlığıdırsa, digər mühüm səbəbi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, qətiyyətli mövqeyidir. Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı gec-tez Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, Laçında dalğalanacaq. Mən də inanıram ki, ordumuzun əsgərləri Ali Baş Komandanımızın əmrini yerinə yetirərək, qürurumuz olan bayrağımızı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda dalğalandıracaqlar. Ona görə də sizlərdən QƏLƏBƏ xəbəri və atamdan xoş soraq gözləyirəm.
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur


Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycan-esgerine-mektub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR