Dünya Azərbaycanlılarının Həmrəylik Günü Haaqada da qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Haaqada da qeyd edilib
19:38 28 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Haaqa, 28 dekabr, AZƏRTAC
Azərbaycanın Niderlanddakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Haaqada qəbul təşkil edib.
Qəbulda çıxış edən səfir Mirhəmzə Əfəndiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirdiyi müşavirələr zamanı verdiyi tapşırıqlar səfirliyin qarşısında həlli vacib olan məsələlər qoyur. Son illərdə səfirliyin dəstəyi ilə təşkil olunmuş müxtəlif siyasi, iqtisadi tədbirlər nəticəsində Azərbaycan və Niderland arasında əlaqələr yeni mərhələyə qədəm qoyub.
Bildirilib ki, hər ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səfirlikdə keçirilən tədbir 2015-ci ildə görülmüş işlərin yekunları və növbəti il üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətlərinin Niderlanda səfərlərindən danışılıb, bu səfərlər zamanı əlaqələrimizin perspektivləri ilə bağlı müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Cari il ərzində Niderlandın müxtəlif KİV-lərində Azərbaycanla bağlı 80-dən çox məlumatın dərc olunduğu qeyd edilib.
Eyni zamanda, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin Niderland ictimaiyyətinə çatdırılması, erməni lobbisinin təbliğatının, eləcə də Avropanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının qarşısının alınması istiqamətində səfirliyin, eləcə də diaspor təşkilatlarının fəaliyyətləri haqqında məlumat verilib.
Niderlandda yaşayan həmvətənlərimizin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi önəm verildiyi, ölkədə fəaliyyət göstərən aparıcı diaspor təşkilatlarımızla mütəmadi olaraq tədbirlərin keçirildiyi, Azərbaycan həqiqətlərinin Niderlandda təbliği, münasibətlərin dərinləşməsi barədə fikir mübadiləsinın aparıldığı bildirilib. Niderland ictimaiyyətinin Azərbaycana marağının gündən-günə artdığı vurğulanıb. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycanın milli maraqlar üzərində qurulan müstəqil siyasətini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bildirilib.
Niderlandda yaşayan azərbaycanlı kaman ustası İlham Babayevin ifasında milli musiqilərdən ibarət konsert proqramı ilə davam edən qəbulda bu ölkədəki aparıcı diaspor təşkilatlarımızın, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun üzvləri, jurnalistlər iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_Haaqada_da_qeyd_edilib-915075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR