Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib

Date: 28 December 2015 20:48


Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə partiyanın Xətai rayon təşkilatında Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi avanqardı, ölkənin və regionun ən nüfuzlu siyasi qüvvəsi olduğunu deyib. Bildirib ki, partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də iştirakçı olurlar.
Qadınların üzləşdikləri problemlərdən söhbət açan YAP Qadınlar Şuranın sədri erkən nikahların onların gələcəyinə maneələr yaratdığını deyib. O, Milli Məclisin xanım deputatlarının orta məktəblərdə gənc qızlarla fəal iş aparmalarının zəruriliyini vurğulayıb.
Sosial şəbəkələrin mənfi və müsbət tərəflərindən danışan N.Əliyeva deyib ki, bu gün ailə münaqişələrinin yaranmasında, gənclərin öz yolundan çıxmasında müəyyən dərəcədə sosial şəbəkələrin də rolu var. Biz öz uşaqlarımızı sosial şəbəkələrin mənfi təsirlərindən qorumalıyıq. Çalışmalıyıq ki, onlar sosial şəbəkələrdən yalnız bəhrələnə bilsinlər. Bununla bağlı da ciddi iş aparılmalıdır.
Görüşdə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Bahar Muradova noyabrın 1-də keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının parlaq qələbəsinə diqqəti cəlb edib. O qeyd edib ki, Milli Məclisin qadın deputatlarından çoxu Yeni Azərbaycan Partiyasından seçilib. Bu, böyük nailiyyət olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.
Diqqətə çatdırılıb ki, YAP qadınları ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Onlar Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər. Onların həm partiya işində əldə etdikləri təcrübə, həm də qazandıqları nailiyyətlər örnəkdir. Bu gün Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirmələri üçün yaratdığı şəraitdir. Ulu Öndərin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Elə etməliyik ki, bizim fəaliyyətimiz Milli Məclisin fəaliyyətinə öz töhfəsini versin”, - deyən Bahar Muradova bildirib ki, qadın deputatlarımız dünyadakı tendensiyaları və bu tendensiyalardan irəli gələn nəticələri hesablamağı bacarmalıdırlar. Onlar səlahiyyətlərini dəqiq bilməlidirlər. Yeni seçilən qadın deputatlarımız deputat təcrübəsi olan xanımlarımızdan çox şey öyrənməlidirlər. Xanım deputatlarımız əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova bildirib ki, bir ailənin problemi sonradan bir qəsəbənin, bölgənin probleminə çevrilir. Ona görə də belə problemlərlə üzləşməmək üçün biz vaxtında tədbirlər görməliyik. Qadın deputatlarımız həmrəy olmalı, cəmiyyətimiz üçün gərəkli məsələlərə diqqət ayırmalıdırlar. Qadınların çiyinlərinə çox böyük zəhmət, məsuliyyət düşür. Ailədə uşaqların tərbiyə məsələsi çox önəmlidir. Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, digər bölgələrdə belə hallar demək olar yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında daha problemli bir formada böyüyürlər? Bütün bunların qarşısını almaq üçün vaxtında iş görməsək, xüsusilə maarifləndirmə işləri gücləndirilməsə, böyük problemlərlə rastlaşarıq. O problemlər ondan ibarətdir ki, bir ailədə ailə üzvləri bir-birilərini eşitmirlər, gənc nəsil ataya, anaya iradlar tutur. Belə hallarda ictimai birlik bizə kömək edə bilər.
Komitə sədri Milli Məclisin ölkəmizin inkişafı naminə vacib qanunlar qəbul etdiyini və onların hazırlanmasında qadın deputatların da fəal iştirak etdiklərini bildirib. O, qadın deputatların öz fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliyini bildirib.
Görüşdə Milli Məclisə yeni seçilmiş deputatlar çıxış edərək üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Tags:  Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib


RƏYLƏR


Top news