Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi  simulyasiya yarışının final mərhələsi başa çatıb

Date: 28 December 2015 20:48


Bakı, 28 dekabr, AZƏRTAC
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA-Azərbaycan) tərəfindən ilk dəfə təşkil olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi simulyasiya yarışının final mərhələsi başa çatıb.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Bakı Dövlət Universitetinin məhkəmə zalında keçirilən işlərə bu təhsil ocağının hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin sədrliyi ilə kollegial qaydada baxılıb.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi simulyasiya yarışı bir neçə mərhələdə keçirilib. Əvvəlcə müsahibə mərhələsindən keçən iştirakçılara sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsində çalışmış mütəxəssislər tərəfindən təlim təşkil olunub. Təlimçilər tələbə hüquqşünaslarla təcrübələrini bölüşüblər. Yarışın səkkizdəbir, dörddəbir, yarımfinal və final mərhələlərində təşkil olunan məhkəmə simulyasiyaları maraqla izlənilib. Hakimlər hər turdan sonra iştirakçılara tövsiyələrini veriblər. Qaliblərin müəyyənləşdirilməsi zamanı hüquqi faktlara əsaslanma, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad, tərəflərin natiqlik qabiliyyətləri kimi meyarlar əsas götürülüb. Qalib komanda Strasburqda qitənin 42 ölkəsindən komandaların mübarizə aparacağı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzrə simulyasiya yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Bu yarış ilə iştirakçıların təcrübə qazanmasına və onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsində şikayətlərə baxılması qaydası haqqında bilik və bacarıqlarının artırılmasına şərait yaradan ELSA-Azərbaycan tələbələrin hüquqi biliklərinin daha da dərinləşməsinə töhfə verir.
 

Tags:  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi  simulyasiya yarışının final mərhələsi başa çatıb



RƏYLƏR


Top news