Yeddi qorxulu yuxu: və mən özümü…

Yeddi qorxulu yuxu: və mən özümü…
21:42 28 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Birinci yuxu

Oğlumun dünyaya gəldiyi gün, gecə barında bir qadına aşiq oldum. Bəzən insan namünasib vaxtlarda, mənasız insanlara aşiq olur. Yuxusunda görübmüş məni. Oturub içki içirmiş mənimlə və sonra rəqsə dəvət edirəmmiş onu...
Birlikdə sərxoş olanacan içdik, sonra onu rəqsə yox, otelə dəvət elədim. Aşiq olduğum o gözlərin içindəki qəribə soyuqluğu anlayanda səhər açılmış və sərxoşluğum keçmişdi. Özünə oyun yoldaşı tapmadığı üçün həyətdəki maşınları mismarla cızan oğlan uşağının həyəcanı vardı içimdə.
İzah olunmaz duyğular içərisində yastığa söykənib bir siqaret yandırmışdım və onun gedişini seyr etmişdim. Özüylə bərabər otel otağındakı qəribə qoxunu da çəkib aparmışdı arxasınca.
O gün oteli tərk etmədən öncə, yataqdaca bir sevgi şeiri pıçıldamışdım...

...Növbəti gecə barda yenidən qarşılaşdıq və mən cibimdə gəzdirdiyim bıçaqla onu öldürdüm, sonra onun gözlərini çıxardım...

İkinci yuxu

Həyat, bəzən sonunu görə bilmədiyi macəraların içinə atır insanı. Mən, hesab-kitabdan heç nə anlamıram. Heç vaxt gələcəkdə nə olacağını düşünmürəm. Özümlə bağlı hazır planlarım yoxdur. 
...Sakit, təlatümsüz, həyatımda hər şeyin yolunda getdiyi günlərin birində bir qadından mesaj aldım. Yuxusunda görübmüş məni. Ona şeir oxuyurammış. Sonra yaşadığı evə dəvət elədi. Getdim. Danışdıq. İçdik. Sevişdik. Sonra hava qaraldı və mən evə dönməli oldum.
Yaxşı yadımdadır, qaranlıq küçələrdən avtobus dayanacağınacan ağlamışdım. Evə gəlib birtəhər çarpayımı tapıb, yerimə uzandım.
...Səhərlər  tezdən oyanıb küçə lampalarından qaranlıq otağa süzülən işığın yaratdığı alatoranlıqda əl havasına axtardığım siqareti tapanda anladım ki, həyatım alatoranlıqda əl havasına axtarış aparmaqla keçib.

...Bir həftə sonra o qadının evinə Molotov kokteyli atdım.

Üçüncü yuxu

İşsiz-gücsüz, avara günlərimin birində dünyanın ən mərhəmətli qadınına aşiq oldum. Sevgim qarşılıqsız deyildi. O da dəlicəsinə sevirdi. Əlimdən tutub düşdüyüm girdabdan çıxardı, mənə bütün gücüylə dəstək oldu. Dünyanın ən gözəl şeirlərini, ən ülvi məktublarını yazdı mənə. Xoşbəxt olmağım üçün əlindən gələni edirdi. Ağlınıza gələ biləcək hər yerdə sevişdik. İş yerində, kafedə, ictimai yerlərdə, tərk edilmiş evlərdə... 
Həyatımda ilk dəfə bir qadına bu qədər bağlandım. Günlərin bir günü yuxuda mənim öldüyümü görmüşdü. Danışdı. Ağladı. Onu sakitləşdirdim, kiritdim, başını sinəmə sıxdım. Sonra onu özümdən aralayıb diqqətlə gözlərinin içinə baxdım. Nəmlənmiş gözləri məni dəli edirdi. Təkrar qucaqladım. Onu dəli kimi sevirdim. Köksümə sıxdım yenidən. Sıxdım, sıxdım, sıxdım...

...Onu çox sevdiyim üçün öldürdüm...

Dördüncü yuxu

Qadağalar, tabular, mental dəyərlər, günahlar və olmazlar vecimə deyildi. Günlər su kimi axıb keçərkən həyatımda ilk dəfə qadın xəyanəti ilə üz-üzə qaldım. Evli və çılğın bir qadına aşiq olmuşdum. Ərinin yatağında, yaşadıqları binanın blokunda, parkda skamyaların üstündə, barlar tualetlərində, mənim yatağımda, otel otağında, metallomda, qəbiristanlıqda, dəniz qırağında sevişdik. Məni aldatmayacağını düşünərək sevmişdim onu. Lakin mənim üçün ərini aldatdığını, atdığını dərk etməliydim. İçində böyük bir xəyanət gəzdirirdi o qadın.  
...və qısa bir müddət ondan ayrı qaldım...
Sonra bağışladım onu, çünki yuxusunu danışdı mənə. Yuxuda, məni öldürdüyünü görübmüş...
Getməsin deyə yalvardığım ilk qadın idi...
İlk dəfə bir qadının geri dönməsi üçün göz yaşı töküb yalvardım.
Onsuz keçirdiyim hər gün özümü yeyib-bitirdim. Təsəllini içkidə tapdım. Sərxoş olduğum gecələr xaricində rahat və bəxtiyar günüm olmadı.
Sonrası hər aşiqin yaşaya biləcəyi ümidsiz macəra...

...Bir gün küçənin ortasında silahımı çəkib, bir gülləylə işini bitirdim...

Beşinci yuxu

...Əvvəlcə yuxusuna girmişdim, özü belə yazmışdı. Özümün də xəbərim olmadan onun yuxusuna girəndə mən şəhərdə, o isə kənddə yaşayırdı. Sonra o, tez-tez mənim yuxularıma girirdi...
...Hə, onu deyirdim axı, yuxusuna girmişdim onun. Sonra o, mənə bunu yazanda gülmüşdüm. Qəribə gəlmişdi mənə. Adam inanmır axı, gözəl qadınların yuxusuna köntöy, çirkin kişilərin girməsinə. Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü mənə yazdı ki, yuxuma girmisən. Söz tapmadım. Adam belə anlarda, həqiqətən, söz-zad tapmır. Qalırsan mat-məəttəl. Nə deyəsən? 
...Qəribə hekayəsi vardı o qadının. Mopassanın qadın obrazları kimiydi, təhlükəli, sirli, işvəkar və ovsunlayıcı. Ağlımı başımdan alırdı. Onun üçün yanıb qovrulduğum günlərdə, başqalarıyla macəralar yaşayırdı.

...Onu su quyusuna atdım...

Altıncı yuxu

Mənim üçün xoşbəxt sayıla biləcək günlərin birində rastlaşdıq. Bu qədər kirlənməyimə rəğmən yenidən içimdə gözəl hislərin baş qaldırdığını hiss etdim. Nə qədər qorxulu qatil olsam da, hələ də içimdə gözəl duyğuların qaldığını fərq etdim. 
Sırf onun üçün hər şeydən vaz keçdim və təbii ki, o, bunu anlamadı.
Oğlumu, qızımı, həyat yoldaşımı öldürdüm. Nə qədər göz yaşı tökdüm, vicdan əzabı çəkdim. Ölənləri geri qaytarmaq olmur, məlum...
Sonra ona məktub yazdım. İlk dəfə platonik bir eşq yaşayırdım. İlk dəfə bu qədər tər-təmiz və vicdanlıydım. Amma o getdi. Uzaqlara, Lissabonmu, Parismi, Berlinmi, Londonmu...Hansı cəhənnəmə getdiyini bilmirəm, amma getdi.

...Onu Londonda "Tower Bridge"dən suya atdım...

Yeddinci yuxu

Sonra kürəyimi yerə vuran bir xəstəlik tapdı məni. Gözümü açıb yumunca daha bir neçə il keçdi həyatımdan, yaşlandım. Kədərimlə, üzüntülərimlə, cansıxıcı yaşamım və düşüncələrimlə hamını yordum, bezdirdim. Yuxularım dəhşətli filmlərə çevrildi. Öldürdüyüm bütün qadınlar yuxuma girməyə başladı.
Gecələr hara getdiyimi bilmədən saatlarla dolaşdım küçələri. Heç kəsin səmaya baxmadığı xəyanət qoxulu şəhərdə, bütün ümidlərimi şüşə kimi daşa çırpıb çilikləyən o qadınların baxışlarını axtardım səmada.
Son anda başa düşdüm ki, insan iztirablarını dilə gətirə bilmədiyi üçün şair olur.
Son anda anladım ki, daha məni heç vaxt yuxuda görməyəcək. 

Və mən özümü öldürdüm...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR