Rusiyadakı yenilik Azərbaycan alıcılarının həmin ölkədən dərman almasına marağı artıracaqmı?

Rusiyadakı yenilik Azərbaycan alıcılarının həmin ölkədən dərman almasına marağı artıracaqmı?
22:03 28 Dekabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Rusiyanın Səhiyyə Nazirliyi 2017-ci ilin yanvar ayından dərmanların elektron yolla satılması prosesinə başlamağı nəzərdə tutur.

Trend-in məlumatına görə, bu işin əczacılıq sahəsi üzrə lisenziyası olan apteklər tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanda insanların çoxunun Rusiya istehsalı olan dərmanlara böyük inamının olmasını nəzərə alsaq, ölkədəki alıcıların Rusiyanin bu layihəsinə xüsusi maraq göstərəcəyini təxmin etmək olar.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, ölkə qanunvericiliyi elektron dərman satışını qadağan etmir. Amma deputat hesab edir ki, bu məsələ tənzimlənməlidir.

Onun sözlərinə görə, yalnız həkim resepti ilə satılmayan dərmanların internet üzərindən satışına icazə verilə bilər: “Amma bu da tövsiyə olunmur. Ola bilər ki, pasiyentin sifariş etdiyi dərmanın istifadə müddəti keçsin. Yaxud da dərmanın adı eyni olsa da, bu, onun istəmədiyi firmanın dərmanı ola bilər. Alınan dərmanı sonra qaytarmaq isə çətin olur”.

Elektron ticarətin Azərbaycanda yeni yaranmış biznes növü olduğunu deyən elektron ticarət üzrə mütəxəssis Rəşad Camal isə Trend-ə bildirib ki, bu gün Azərbaycanda dərmanların elektron yolla satışı və alışı həyata keçirilmir.

Onun fikrincə, Rusiyada dərmanların elektron satışına başlanılmasından sonra Azərbaycan alıcılarının buna xüsusi maraq göstərəcəyi gözlənilmir.

R.Camalın sözlərinə görə, həkim resepti ilə satılan dərmanların elekton satışını həyata keçirmək çətindir: “Çünki bunun üçün resept skan edilərək göndərilməlidir. Bu halda reseptdəki imzanın da həqiqi olub-olmadığı bilinməyəcək".

Xatırladaq ki, bu il sentyabrın 15-dən başlayaraq, Azərbaycanda dərmanlar Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə satılır. Şuranın dekabrın 25-də keçirilən iclasında manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq qiymətləri təsdiq edilmiş 3540 dərman vasitəsinin yeni qiymətləri müəyyənləşdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR