Məhkum edilmiş bir sıra şəxslərin əfv olunmasına dair Sərəncamın icrasına başlanılıb

10:38 29 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Məmməd İsayev, Məhərrəm İbrahimov, AZƏRTAC
Azərbaycan Prezidentinin dekabrın 28-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 29-da icra olunmağa başlanıb.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, üç nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, doqquz nəfər isə cərimə cəzasından azad olunublar.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər. Cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədlər təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını və Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının bu humanist addımı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir çox ailələri sevindirib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mehkum_edilmis_bir_sira_sexslerin_efv_olunmasina_dair_Serencamin_icrasina_baslanilib-915180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR