Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nalbənd: “Hər ustanın düzəltdiyi nal eyni olmur”

Nalbənd: “Hər ustanın düzəltdiyi nal eyni olmur”

Date: 29 December 2015 10:58


Bərdə, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Qarabağ tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaqçılıq, zərgərlik, misgərlik, qalayçılıq, metalişləmə, dəmirçilik, nalbəndlik kimi sənət növlərinin inkişaf etdiyi ərazilərdəndir. Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi nalbəndlik də nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.
Nalbəndlik XX əsrin 50-ci illərinədək geniş yayılsa da, texnikanın inkişafı ilə əlaqədar hazırda bu sənəti yaşadanları barmaqla saymaq olar. Aran Qarabağda nalbəndlik sənətini yaşadanlardan biri də Bərdə rayonunun Birinci Qazaxlar kənd sakini Mirzə Şirinovdur.
Mirzə Şirinov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, 20 ildir nalbəndlik edir. Bu sənəti əmisindən öyrənib. İlk dövrlərdə ancaq öz atlarını nallayan sənətkar tədricən nalbənd kimi tanınmağa başlayıb. Hazırda nəinki Birinci Qazaxlar kəndindən, eləcə də rayonun digər kəndlərindən və ətraf rayonlardan da atlarını nallatmaq istəyənlər ona müraciət edirlər.
Nalbənd deyir ki, atı 2-3 yaşlarında nallamaq lazımdır. Sürülməyindən asılı olaraq atlar il ərzində 3-4 dəfə nallanır: “Hər ustanın düzəltdiyi nal eyni olmur. Atı nallamaq üçün çəkic, kəlbətin, yonqar, zindan kimi alətlərdən istifadə edirəm. Nal və mıxları Gəncədən alıram. Bir atın nallanması 25-30 dəqiqə çəkir. Əvvəlcə atın dırnaqları yonqarla yonulur, sonra ayağının ölçüsünə uyğun nallanır. Mıxı elə vurmaq lazımdır ki, mayaya düşməsin. Yoxsa at yeriyəndə axsayar”.
İşini çox sevdiyini deyən Mirzə Şirinov unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur. O, indiki dövrdə nalbəndliyə marağın azaldığını bildirsə də, dolanışığından narazı deyil.
 




Tags:  Nalbənd Hər ustanın düzəltdiyi nal eyni olmur


RƏYLƏR


Top news