Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Dəniz Administrasiyası Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi ilə memorandumlar imzalayacaq

Dövlət Dəniz Administrasiyası Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi ilə memorandumlar imzalayacaq

Date: 29 December 2015 11:18


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 2016-cı ilin 1-ci rübündə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi ilə əməkdaşlıq və sertifikatların tanınması haqqında Anlaşma Memorandumları imzalayacaq.
Administrasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci il Dövlət Dəniz Administrasiyası üçün uğurlu il olub. Administrasiya fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsindəki təcrübəsini öyrənməklə, bu təcrübənin tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq qurumlarla əlaqələr genişləndirilib.
Hesabat dövründə Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16 min 401 gəminin girişi və 16 min 479 gəminin çıxışı rəsmiləşdirilib, xarici dövlətin bayrağı altında üzən 645 gəmiyə bələdçi xidməti göstərilib. Azərbaycan limanlarında xarici dövlətin bayrağı altında üzən 45 gəmi yoxlanılıb. Onlardan 20-si Rusiya Federasiyası, 18-i İran İslam Respublikası, 3-ü Qazaxıstan Respublikası və 4-ü isə Türkmənistan Respublikasına məxsus olub. Gəmilərdə beynəlxalq konvensiya və qaydaların tələblərinin pozulması ilə bağlı 300 uyğunsuzluq aşkar edilib. Nöqsanlar aradan qaldırılanadək 19 gəminin (3-ü Rusiya, 13-ü İran İslam Respublikası və 3-ü Türkmənistan) limanları tərk etməsinə qadağa qoyulub.
Xəzər dənizində Azərbaycan bayrağı altında üzən 29 gəmidə yeniləmə, 12 gəmidə ilkin, 15 gəmidə ara yoxlaması keçirilib. 74 gəmiyə Azərbaycan bayrağı altında üzmək hüququ, 22 gəmiyə mülkiyyət hüququ, 74 gəmiyə minimum heyət tərkibi, 41 gəmiyə neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı, 43 gəmiyə əmniyyətli idarəetmə haqqında şəhadətnamə, 144 gəmiyə bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat, 19 gəmiyə gəmi reyestrindən çıxarış və 35 gəmiyə gəmi tarixinin fasiləsiz qeydlər sənədi, 3 gəmiçilik şirkətinə uyğunluq haqqında sənəd təqdim edilib. Dövlət Dəniz Administrasiyasının müraciəti ilə Kuk adaları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (AXDG QSC) məxsus 18 gəmiyə “Batmış gəmilərin çıxarılması haqqında” Beynəlxalq Nayrobi Konvensiyasının tələblərinə uyğun olaraq müvafiq şəhadətnamələr verib.
Müxtəlif təyinatlı 7 gəmi ilk dəfə, 25 gəmi isə təkrar olaraq Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınıb və 2 gəmi bu reyestrdən çıxarılıb. Bundan əlavə, 3 gəminin dənizə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimatı, 93 gəminin yanğınla mübarizə planının sxemi, 2 gəminin gəmi qəza yedək əməliyyatları planı, 5 gəminin yüklərin bərkidilməsi üzrə rəhbərliyi, 2 gəminin yanğınla mübarizə üzrə təlimatı, 10 gəminin “gəmi mühafizə planı” təsdiq edilib. İki limana isə “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluq haqqında şəhadətnamə verilib.
Ötən dövrdə AXDG QSC-yə məxsus PS tipli gəmilərdə təkmilləşdirmə işləri aparıldıqdan sonra bortunda heyət üzvlərindən əlavə 71 nəfər sərnişinin daşınmasına icazə verilib. “Seacor Marine AZ” MMC-nin istismar etdiyi 3 gəmi və “Kaspian Marin Servisez Limited” şirkətinin Azərbaycandakı filialının istismar etdiyi 6 gəmi, eləcə də AXDG QSC-yə məxsus 4 gəmidə, həmçinin Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə məxsus “Svetlomor-2” gəmisində heyət üzvlərindən əlavə sərnişinlərin daşınmasına icazə verilib.
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 nömrəli stasionar dərin dəniz özülündə baş vermiş güclü yanğınla ilə əlaqədar Dövlət Dəniz Administrasiyası müvafiq zəruri tədbirlər həyata keçirib. AXDG QSC-yə məxsus gəmilər axtarış-xilasetmə və nəticələrin aradan qaldırılmasına cəlb olunub, zəruri köməkliyin göstərilməsi təmin edilib. Ümumilikdə isə “Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi” bu il 8 mindən artıq gəminin naviqasiya ötürməsini həyata keçirib, 158 gəmiyə Mərkəzin təsdiqnaməsi verilib.
“Su nəqliyyatı ilə yük daşınması” və “Su nəqliyyatı ilə sərnişin daşınması”na xüsusi razılıq (lisenziya) verilməsi üçün ötən il ərzində heç bir müraciət daxil olmayıb. Bu sahəyə dair bütün sənədlər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — “ASAN xidmət”ə təhvil verilib, 18 elektron xidmətlə bağlı məlumatlar bu mərkəzlərin elektron reyestrinə daxil olunub. Dövlət Dəniz Administrasiyasında elektron xidmətlərin təşkili üzrə qiymətləndirmə aparılaraq müsbət rəy bildirilib.
Bu il Nazirlər Kabinetinin qərarları ilə “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları” və “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydaları”nın layihələri təsdiq olunub. “Dəniz limanları haqqında” qanunun tələblərinin pozulmasına görə “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər edilməsi barədə layihə hazırlanaraq Milli Məclisə təqdim edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş” imzalanaraq təsdiq edilib. Birləşmiş Ərəb Əmirliklərinin Quru və Dəniz Nəqliyyatı Federal Qurumu ilə Dəniz Nəqliyyatına dair Saziş layihəsi müzakirə olunub. Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq və sertifikatların tanınması haqqında Anlaşma Memorandumlarına 2016-cı ilin 1-ci rübündə imza atılması qərara alınıb. “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı yeni tvinninq layihəsinin həyata keçirilməsi ilə bağlı İspaniya Krallığının İctimai İşlər və Nəqliyyat Nazirliyi ilə müqavilə imzalanıb. “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri” MMC ilə imzalanmış əməkdaşlıq müqaviləsinə bəzi dəyişikliklərin edilməsinə dair razılıq əldə olunub.
Cari ildə “Dənizdə Əməyə dair” Beynəlxalq Konvensiyaya uyğun olaraq müxtəlif qurumların nümayəndələri üçün iki dəfə seminar təşkil edilib. Administrasiyasının tabeliyində olan “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi”nin Dövlət Liman Nəzarəti müfəttişlərinə dənizçi sənədləri ilə bağlı təlimlər keçirilib. “Peşəkarlıq və fərdi məsuliyyətin artırılması” və “Məlumatlardan istifadə” mövzularında treninqlər təşkil olunub. Beynəlxalq Dəniz Təşkilatlarının Dəniz Təhlükəsi Komitəsinin 93-cü sessiyasında Beynəlxalq Konvensiya və Beynəlxalq Məcəllələrə edilmiş əlavə və dəyişikliklərin 1 yanvar 2016-cı ildən qüvvədə olacağı barədə dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkət və təşkilatlara müvafiq məktublar göndərilib.
Dövlət Dəniz Administrasiyasının əməkdaşları 20 beynəlxalq təlim və 24 beynəlxalq tədbirdə iştirak edib. Bütün bunlar qabaqcıl ölkələrin dəniz nəqliyyatı təcrübəsinin öyrənilməsinə hesablanıb. Dənizçilərə 1413 sertifikat və diplom, 12629 xüsusi hazırlıq şəhadətnaməsi verilib. 1542 dənizçiyə şəxsiyyət vəsiqəsi, 485 dənizçiyə qeydiyyat kitabçası təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya təqdim olunan 23 vakant yer üzrə müsabiqə elan edib və müvəffəqiyyət qazanan 5 namizəd şəffaflıq gözlənilməklə müvafiq vəzifələrə təyin olunub. “Rusiya Təsnifat Cəmiyyəti”nin müstəqil ekspertləri Dövlət Dəniz Administrasiyasında və Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar həyata keçirib. Nəticələr Beynəlxalq Dəniz Təşkilatının Baş katibinə təqdim edilib.
Hesabat dövründə ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aşkar edilməsi və onların aradan qaldırılması, habelə Azərbaycanda dəniz nəqliyyatı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, baş verə biləcək və baş vermiş fövqəladə halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün dəniz nəqliyyatı qurumları, digər təşkilatlar və vətəndaşlarla operativ əlaqənin təşkili məqsədi ilə Dövlət Dəniz Administrasiyasında hər gün 24 saat olmaqla həftənin 7 günü “Qaynar xətt” rabitə əlaqəsi (012) 497-44-05 fəaliyyətdədir. Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyasının rəsmi şəxsləri qrafik tərtib edilməklə vətəndaşların qəbulunu ləngitmədən həyata keçirib.
 

Tags:  Dövlət Dəniz Administrasiyası Koreyanın Okeanlar Balıqçılıq Nazirliyi memorandumlar imzalayacaq


RƏYLƏR


Top news