​Azərbaycan sığorta bazarı 5% artıb

​Azərbaycan sığorta bazarı 5% artıb
12:02 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 mln. manat sığorta haqqı toplanıb. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.
"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.
Hesabata əsasən, sığorta bazarının 62,5%-i könüllü formalaşıb. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,5%-i və ya 251,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 1,9% çoxdur.
İcbari sığorta növlərində yığım isə 151,2 mln. manat və ya bazarın 37,5%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 11,6% böyüyüb.
Bu dövrdə ümumi ödənişin 74,5%-i və ya 117,35 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş isə ötən ilin eyni dövrünə nisbətən 11,1% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 40,15 mln. manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,8% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,6 manat ödəniş həyata keçirilib. Keçən ilin eyni dövründə bu rəqəm 42,7 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28 manatdan 26,5 manata düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-sigorta-bazari-5-3-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR