Elektron Səhiyyə Mərkəzinə 31 mindən artıq vətəndaş müraciət edib

Elektron Səhiyyə Mərkəzinə 31 mindən artıq vətəndaş müraciət edib
12:58 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Səhiyyə Nazirliyini nəzdində fəaliyyət göstərən Elektron Səhiyyə Mərkəzinin yaradılmasının bir ili tamam olur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, il ərzində Elektron Səhiyyə Mərkəzinə 31 mindən artıq vətəndaş müraciət edib və onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub. Eyni zamanda, nazirliyin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 528 müraciət araşdırılıb.
Elektron Səhiyyə Mərkəzinin yaradılmasında əsas məqsəd şəffaflığı qorumaq, vaxt itkisinə yol vermədən əhaliyə keyfiyyətli və səmərəli sosial xidmətlər göstərməkdir. Bir pəncərə sistemi ilə fəaliyyət göstərən mərkəzə müraciətə edən vətəndaşlar birbaşa məmurla deyil, xüsusi təcrübəli mütəxəssislərlə ünsiyyətdə olurlar. Mərkəzin iş prinsipi hər bir vətəndaş üçün daha sadələşdirilmiş qaydada qurulub. Belə ki, ölkənin istənilən bölgəsindən vətəndaşın zəngi, müraciəti Səhiyyə Nazirliyinin bütün şöbələri və strukturları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən peşəkar həkimlərdən ibarət operatorlar tərəfindən diqqətlə dinlənilir. Mövzuya dair ətraflı məlumat toplandıqdan sonra məsələnin həlli üçün müvafiq addımlar atılır. Zəruri hallarda mərkəzə daxil olan müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.
Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. bu kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə də məlumat verirlər. Belə olan halda nazirliyin əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayaraq vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_Sehiyye_Merkezine_31_minden_artiq_vetendas_muraciet_edib-915231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR