Siyavuş Novruzov: “Kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin səfir işləyim”

Siyavuş Novruzov: “Kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin səfir işləyim”
14:19 29 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin iclasında "Diplomatik xidmət haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qanunun 14.3-cü maddəsində “attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir” sözləri “attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir" sözləri ilə əvəz edilir.

 

Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, 5-6 dil bilən, peşəkar mütəxəssislər, diplomatlar var, amma onlar sərəncama götürüləndə maddi sıxıntı çəkirlər: “Bu cür kadrların qorunub saxlanması üçün tədbir görülməlidir ki, onlar sabah xarici ölkələrin kəşfiyyat orqanlarına işləmək məcburiyyətində qalmasınlar. İnsan çörəklə sınağa çəkilərsə, belə addımlar ata bilər. Bunu nəzərə almaq lazımdır”.

 

Aytən Mustafayeva bildirib ki, diplomatlar haqqında məsələlər yenidən müzakirə edilməlidir: “Orada işləyən mütəxəssislərin hüquqlarını qorumalı və qayğısına qalmalıyıq. Xaricdə Azərbaycanı təmsil edən insan fikirləşməməlidir ki, qayıdıb işsiz qalacaq. Diplomatlara belə münasibət normal deyil. Onlar ayrı-ayrı ölkələrdə Azərbaycanın sifətidir. Diplomatlar Azərbaycana qayıtdıqdan sonra normal maaş almalıdır”.

 

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diplomatlar və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərini qənaət rejiminə keçməyə çağırıb: “Dünyada böhran var. Hami kimi, diplomatlar da qənaətcil olmalıdırlar. İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti nəzərdən keçirilməlidir. Bilinməlidir ki, kim yaxşı işləyir, kim yox. Hər diplomat sərəncama çıxan kimi, onu işə götürmək olmaz. Onun fəaliyyətinə baxmaq lazımdır”.

 

Siyavuş Novruzov təklif edib ki, xaricdə çalışan hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qayıtmalıdır: “Bir-iki il burada işləməlidir, lazım olarsa, yenidən başqa ölkələrə işləməyə göndərilməlidir. Bizim diplomatlarımız həm də hansısa ölkəyə getməzdən əvvəl o ölkəni öyrənməlidir. Eyni zamanda, səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Kim deputat olmursa, kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin səfir işləyim. Belə şey olmaz”.

 

Layihə səsə qoyularaq qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR