"Azərsu" daha bir beynəlxalq layihənin icrasına başlayıb

"Azərsu" daha bir beynəlxalq layihənin icrasına başlayıb
15:02 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb. “Report” xəbər verir ki, Azərbaycan və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi Layihəsi" çərçivəsində Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Bu gün layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin Departament müdiri İlqar Tağıyev əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını daim diqqətdə saxlandığını qeyd edib: “Hazırda ölkənin şəhər və rayon mərkəzində, eyni zamanda Bakı ətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsində də yeni layihənin icrasına başlanılıb”.
Səudiyyə İnkişaf Fondunun layihə rəhbəri Məhəmməd əl Dallam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib və bildirib ki, Fond Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdiriləməsində yaxından iştirak edir: “Yaxın vaxtlarda Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi Layihəsi" üzrə tikinti-quraşdırma işlərinə də başlanılacaq. "Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Layihəsi" 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb”.
Qeyd edək ki, Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün “Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki “Badamdar” su anbarına çatdırılması üçün 1 000 mm diametrli polad borularla magistral su xətti çəkiləcək. Bununla belə, “Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
Bu layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin smart sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.
Tədbirdə qeyd edilib ki, gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan və Səudiyyə İnkişaf Fondu arasında “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi Layihəsi" üzrə kredit sazişi 20 noyabr 2009-cu ildə imzalanıb və sənəd 2010-cu ilin aprel ayında təsdiq edilib. Sazişə əsasən, ümumi dəyəri 63 mln. dollar olan layihəyə Səudiyyə İnkişaf Fondu 25 mln. dollar ayıracaq, qalan 38 mln. dollarlıq hissə isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.






Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azersu-daha-bir-beynelxalq-layihenin-icrasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR