Ağdaşda heyvandarlıq inkişaf etdirilir

Ağdaşda heyvandarlıq inkişaf etdirilir
17:03 29 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Ağdaş, 29 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Yola salmağa hazırlaşdığımız 2015-ci ildə Ağdaş rayonunda kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə olunub. “Kənd təsərrüfatı ili”ndə rayonda iri və xırdabuynuzlu mal-qaranın, damazlıq heyvanların baş sayı xeyli artırılıb, süni mayandırma işləri sürətləndirilib.
AZƏRTAC xəbər verir ki, süni mayalama tədbirləri rayonda heyvandarlıq sahəsinin inkişafına təkan verib. Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, heyvanların qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəldilməsi məqsədilə Ağdaşda 16 süni mayalama məntəqəsi yaradılıb. Kəndlərdə fəaliyyət göstərən süni mayalama texnikləri il ərzində 2 min 200 başdan çox iribuynuzlu heyvanı süni yolla mayalandırıblar. Süni mayalanmış inək, düyə və camışlardan 1300 başdan çox sağlam bala alınıb. 2014-cü ildə isə Ağdaşda 2117 baş heyvan süni mayalandırılıb və 1218 baş sağlam bala əldə edilib.
Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. Görülən tədbirlər nəticəsində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb. Eyni zamanda, kəndlərdə heyvanların yoluxucu xəstəliklərdən mühafizəsi üçün vaxtaşırı lazımi müayinə və profilaktiki tədbirlər həyata keçirilir. Süni mayalama texnikləri vətəndaşlara əvvəlcə kataloq vasitəsilə seçim etməyə şərait yaradırlar. Süni mayalanma metodundan istifadə edən fermerlər ildən-ilə təsərrüfatlarındakı mal-qaranın daha sağlam və yoluxucu xəstəliklərə qarşı daha dözümlü olduğunu deyirlər. Hazırda rayonda 79 min 851 baş iribuynuzlu mal-qara bəslənilir. Onların müxtəlif yoluxucu xəstəliklərdən qorunması üçün rayon baytarlıq idarəsi tərəfindən mütəmadi olaraq vaksinasiya işləri həyata keçirilir.
Bundan əlavə, Ağdaş rayonunun Ərəbocağı kəndində yeni fəaliyyətə başlayan heyvandarlıq-südçülük kompleksi də rayonda bu sahənin inkişafına xeyli təkan verib. “Türyançay” Fermer Təsərrüfatı MMC-nin müasir tipli heyvandarlıq kompleksində mal-qaranın saxlanılması və bəslənilməsi üçün lazımi şərait yaradılıb. Kompleksin inşasında “Türyançay” Fermer Təsərrüfatı MMC-nın öz vəsaiti ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə olunub. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə xarici ölkə şirkətlərinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə, sağım, soyutma sistemləri və digər avadanlıqlarla təchiz edilib. Hazırda kompleksdə 1275 baş cins heyvan bəslənilir ki, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2500 başa çatdırılması nəzərdə tutulur.
Kompleks üçün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Kompleksdə tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə işçilər üçün xüsusi kurslar təşkil edilib.
Heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, gələcəkdə inək və buzovların sayının 6500 başa çatdırılması planlaşdırılır. Almaniya, Avstriya və Macarıstandan gətirilən heyvanların hər gün qidalanması üçün silos, yonca, ot, saman, qarğıdalı, arpa və kəpəkdən istifadə olunur. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, yem anbarları, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, nasosxana inşa edilib. Ərazidə yardımçı binalar tikilib, ətraf abadlaşdırılıb.
Xatırladaq ki, kompleksə Avropa ölkələrindən daha 4 min baş cins inəyin alınaraq gətirilməsi üçün bu yaxınlarda “Türyançay” Fermer Təsərrüfatı MMC ilə “Aqrolizinq” ASC arasında müqavilə imzalanıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdasda_heyvandarliq_inkisaf_etdirilir-915349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR