Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Şahdağ Turizm Mərkəzi" QSC-nin nizamnaməsi və strukturu təsdiqlənib

Date: 29 December 2015 17:32

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.
"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
"Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Prezidentin 2015-ci il 10 sentyabr tarixli sərəncamına əsasən yaradılıb.
Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
"Şahdağ Turizm Mərkəzi" QSC hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.
Cəmiyyətin ayrıca əmlakı var, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanuna uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Qurum xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə tələb olunan fəaliyyət növlərini xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə aldıqdan sonra həyata keçirə bilər.
Cəmiyyətin əsas məqsədi Nazirliyin nəzdində təsərrüfathesablı "Şahdağ" Qış-Yay Turizm Kompleksinin müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul etməkdən, həmin obyektlərin idarə edilməsindən, o cümlədən onların istifadəyə (icarəyə) verilməsinin təmin edilməsindən ibarətdir.
Cəmiyyət qanunvericiliyə uyğun olaraq, sərəncamında olan turizm və digər infrastruktur obyektlərinin, o cümlədən daşınmaz əmlakın və digər obyektlərin istifadəyə (icarəyə) verilməsinin təmin edilməsi, həmin obyektlər istifadəyə (icarəyə) verilərkən mühafizə rejiminə riayət olunmasına nəzarət edilməsini, əhalinin və turistlərin istirahətlərinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılmasının təmin edilməsi, beynəlxalq, respublika, şəhər və rayon miqyaslı tədbirlərin, əhalinin kütləvi idman tədbirlərinin təşkilində iştirak edilməsini, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsini, aidiyyəti üzrə ayrılan vəsaitlər, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun səmərəli istifadə olunmasının təmin edilməsini, cəmiyyətin ərazisinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsini həyata keçirir.
"Şahdağ Turizm Mərkəzi" QSC-nin nizamnamə kapitalı 37.777.427,56 manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 100 manat olan 377.774 ədəd adi səhmlərdən ibarətdir.
Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
Cəmiyyət illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur.
Cəmiyyətin daxili audit komitəsinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 il iş stajına malik olmalıdır.

Tags:  Şahdağ Turizm Mərkəzi QSC-nin nizamnaməsi strukturu təsdiqlənib

RƏYLƏR


Top news