Avstraliyada erməni avantürasının iflası

Avstraliyada erməni avantürasının iflası
17:53 29 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimin nümayəndələrinin Avstraliyanın rəsmi şəxsləri arasında "həmfikirlər" tapmaq üçün növbəti cəhdi uğursuzluğa düçar olub.

Dekabrın əvvəllərində Erməni Milli Komitəsinin (EMK) Avstraliya bürosunun təşkilatçılığı ilə separatçı rejimin nümayəndəsi Davit İşxanyanın səfəri və onun bu ölkənin hökumət və parlament üzvlərinin etibarını qazanmaq planları əvvəlcədən uğursuzluğa məhkum idi.

Azərbaycanın Avstraliyadakı səfirliyi hələ səfər ərəfəsində Avstraliyanın qanunvericilik orqanında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirərək izah edib ki, ölkənin rəsmi nümayəndələrinin separatçı rejimin nümayəndələri ilə mümkün görüşləri qeyri-qanunidir və beynəlxalq qanunvericiliyə, Azərbaycan-Avstraliya münasibətlərinin ruhuna ziddir. Bunu Trend-ə səfirlikdən deyiblər.

D.İşxanyanın səfəri ilə əlaqədar Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Lyuk Simpkins səfirlik tərəfindən məlumatlandırılıb. L.Simpkins Avstraliyanın Moskvadakı diplomatik nümayəndəliyi ilə əlaqə saxlayıb və D.İşxanyanın Ermənistan parlamentinin nümayəndəsi kimi müraciət etdiyi diqqətə çatdırılıb.

Avstraliyalı millət vəkili Avstraliyanın xarici işlər və immiqrasiya nazirlərinə məktub ünvanlayaraq, D.İşxanyanın saxta məlumatlar təqdim etməsi, bunun erməni lobbisi tərəfindən istifadə edilərək Avstraliyanın Dağlıq Qarabağla bağlı mövqeyini sarsıdacağı səbəbindən viza rəsmiləşdirilməsindən imtina olunmasının vacibliyini bildirib.

Azərbaycan səfirliyinin və L.Simpkinsin səyləri sayəsində ölkənin rəsmi şəxsləri separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsinin Avstraliyaya səfərinin əsl məqsədi barədə əvvəlcədən məlumatlandırılıb.

D.İşxanyanın keçirdiyi görüşlər zamanı Avstraliyanın Xarici İşlər Nazirliyi və parlamentinin nümayəndələri ona ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə dəqiq mövqeyini bəyan ediblər, bu mövqe Federal Hökumətin yüksəkvəzifəli rəsmi şəxsləri tərəfindən dəfələrlə bildirilib: Avstraliya ölkələrin suveren ərazilərinin işğalını pisləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ən əsası, separatçı Dağlıq Qarabağ rejimini tanımır.

Avstraliyanın bu məsələdə mövqeyini D.İşxanyana Avstraliya parlamentinin üzvü, eləcə də Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Alan Qriffin də ətraflı izah edib. A.Qriffinin özü bu görüşün təşəbbüskarı olub.

Görüş zamanı Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın ərazisi olmadığını iddia edən D.İşxanyana cavabında A.Qriffin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edərək Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu diqqətə çatdırıb, zorakılığın əleyhinə olduğunu və Minsk prosesini dəstəklədiyini bildirib.

Həmçinin EMK nümayəndələrinin Dağlıq Qarabağın müstəqillik iddialarına cavabında avstraliyalı millət vəkili regionda kifayət qədər problemlərin olduğunu, erməni və Azərbaycan icmalarının birgə yaşayışı və iştirakı əsasında Azərbaycanın Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazır olduğunu qeyd edib.

Qondarma “erməni soyqırımı” barədə mövqe nümayiş etdirilməsi ilə bağlı ermənilərin sualına cavabında A.Qriffin Azərbaycanda olduğu zaman azərbaycanlıların soyqırımı haqqında ona məlumatların verildiyini və keçmişə köklənməyin düzgün olmadığını söyləyib.

D.İşxanyan Azərbaycanda keçirilmiş seçkilərdə müşahidəçi kimi iştirak etmiş A.Qriffini 2017-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyə dəvət edib. Lakin cavabında A.Qriffin növbəti parlament seçkilərində iştirak etməyəcəyini və 2017-ci il üçün planlarının hələ ki müəyyən edilmədiyini qeyd edib.

Müşahidəçi kimi Azərbaycandakı son parlament seçkilərini izlədiyini EMK nümayəndələrinin diqqətinə çatdıran A.Qriffin digər ölkələrdə olduğu kimi, burada da seçkilərin müvafiq standartlara uyğun şəkildə keçirildiyini bildirib.

A.Qriffin görüşün sonunda onunla şəkil çəkdirilməsi ilə bağlı müraciət edildiyini, lakin bundan imtina etdiyini diqqətə çatdırıb.

D.İşxanyan Avstraliyada yalnız erməni əsilli şəxslərdən dəstək ala bilib. Bu xüsusda federal parlamentin uzun müddət üzvü olmuş və ölkənin 2013-2015-ci illərdə erməni əsilli baş xəzinədarı Co Hokkey amilini də vurğulamaq lazımdır. C.Hokkeyin özü etiraf edib ki, Avstraliyada qondarma "erməni soyqırımı"nın tanınması üzrə səylər hələ heç bir nəticə verməyib.

Bununla da Ermənistanın işğal edilmiş Azərbaycan ərazisində yaratdığı Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələrinin cəhdləri növbəti dəfə iflasa uğrayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2475512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR