Bayram başlayır: avtovağzal və dəmir yolunda vəziyyət necədir? - REPORTAJ

Bayram başlayır: avtovağzal və dəmir yolunda vəziyyət necədir? - REPORTAJ
18:24 29 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Hər il bayram ərəfəsində Beynəlxalq Avtovağzalda sıxlıq müşahidə edilirdisə, bu il bu sıxlıq çox da müşahidə olunmur. Bunu Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev APA TV-yə müsahibəsində bildirib.
 
O əlavə edib ki, buna baxmayaraq 250-dən artıq ehtiyat nəqliyyat vasitəsi hazırlanıb ki, sıxlıq müşahidə olunduğu halda reysə buraxılsın: "Nəzərinizə çatdırım ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlməsi ilə əlaqədar olaraq "M-Trans" MMC rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq biz artıq dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışırıq. Bu, yanvarın 5-ə qədər davam edəcək. Bu günə bütün reyslərə demək olar ki, əvvəlcədən təyin olunmuş qrafiklər üzrə bilet satışları tam həyata keçirilib. Sərnişinlərin əksər hissəsi, təxminən 85 faizindən çoxu qabaqcadan bilet alıblar. Bu gün də bilet satışlarımız davam etdirilir. Bu gün ayın 29-u tarixidir, gördüyünüz kimi avtovağzal ərazisində heç bir sərnişin sıxlığı yoxdur. Əgər günün ikinci yarısı hər hansı bir sərnişin sıxlığı  müşahidə edilərsə ehtiyat nəqliyyat vasitələrimiz vardır və bütün reyslər nəqliyyat vasitələri ilə  təmin olunacaq".
 
Növbə rəisi bildirib ki, adi günlərdə 350 nəqliyyat vasitəsi yola salınırdısa bayram ərəfəsində bu rəqəm 650-700 arası dəyişir və 16-17 min sərnişin daşınması nəzərdə tutulub. Qeyd edib ki, bu gün sıxlıq müşahidə olunmasa da, ayın 30-u axırıncı iş günü olduğu üçün ciddi sıxlıq yaşanacaq. Bu həmçinin 31-i günorta saatlarına qədər də davam edəcək. Əlavə nəqliyyat vasitələrinin hər biri reyslərə buraxılıb, bütün istiqamətlərdə hərəkət tam təmin ediləcək.
 
Biletlərin qiymətlərindəki artıma gəlincə isə...
 
Məhəmməd Abdullayev: "Məlum hadisə bizdə qiymətlərə təsir göstərməyib. Qiymətlər əvvəlki qiymətlərdir və tarif şurası tərəfindən tənzimlənir. 11 nəfərdən ibarət MMC-nin nəzdində qiymət komissiyasının üzvləri fəaliyyət göstərir. Kənardan dəvət etdiyimiz nəqliyyat vasitələrinin sürücülərindən hər hansısa biri qiymət intizamını pozmağa cəhd göstərsə, biz onları dərhal aşkar edib reysdən uzaqlaşdıracağıq".
 
"Azərbaycan Dəmir Yolları" QSC isə beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, beynəlxalq istiqamətə  biletlərdə artım olsa da, ölkədaxili istiqamətdə biletlərin qiyməti əvvəlki qiymətlərdir. O qeyd edib ki, bayram günləri ilə əlaqədar qurum növbəli iş rejiminə keçib.
 
"Azərbaycan Dəmir Yolları"nda bu gündən başlayaraq sıxlıq müşahidə olunur. Bu gün əlavə 5 vaqon qoşulub. Qərb istiqamətinə və  Gürcüstana gedənlər çoxdur. Buna görə də həmin istiqamətlərə  sıxlıq müşahidə olunur. Bütün bunlar nəzərə alınaraq  vaqonların sayı artırılıb. Bundan başqa, yüklərin qəbulu, təhvili işləri aparılacaq. İş adamları rahat şəkildə yüklərini qəbul edib,  yola sala bilərlər. Nadir Əzməmmədov qeyd edib ki, sərhəd-keçid məntəqələrində, körpülərdə, stansiyalarda mühafizə gücləndirilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR