Paytaxt teatrlarında yeni il şənlikləri - YENİLİKLƏR

Paytaxt teatrlarında yeni il şənlikləri - YENİLİKLƏR
19:39 29 Dekabr 2015
80 Sosial
Ölkə mətbuatı
A- A+

“Dekabrın 26-dan Yeni il şənliklərinə start verilib. Tamaşalar gün ərzində 4 seans olmaqla nümayiş olunur. “Mauqlinin yeni ili” adlı tamaşa 31 dekabr istisna olmaqla, yanvarın 4-ə qədər nümayiş olunacaq. Çox maraqlı və əyləncəli tamaşadır. Hər il olduğu kimi bu il də karnaval var. Şaxta baba, Qar qız və digər personajlarla birgə proqram təqdim olunur. Auksionlar, oyunlar keçirilir. Daha sonra uşaqlar tamaşanı izləyə bilirlər”.

 

Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Hüsniyyə Mursaquliyeva deyib. O, hazırlanan tamaşa barədə ətraflı məlumat verib: “Bizdə hər il həm Yeni il, həm də Novruz bayramı üçün tamaşalar hazırlanır. Hər il yeni tamaşa hazırlanır. Əksər hallarda quruluşçu rejissor əməkdar artist Nicat Kazımov olur. Quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Çox maraqlı aktyor heyəti var. Bu tamaşada gənc aktyorlar – Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Anar Seyfullayev, Anar Səfiyev, Bəhram Həsənov, Müşfiq Əliyev, Rəşad Səfərov və başqaları iştirak edirlər. 2016-cı il meymun ilidir. Məlumdur ki, məşhur personaj Mauqlinin də ətrafında daim meymunlar olur. Bunu nəzərə alaraq, tamaşanı məhz bu mövzu əsasında qurduq. Biletlərin qiyməti 8 AZN–dir. Biletə karnaval, tamaşa və hədiyyə aiddir. Şirniyyatların tərkibinə zəmanət verilir”.

 

Verilişin digər qonağı Dövlət Musiqili Komediya Teatrının mətbuat katibi Samir Sədaqətoğlu da Yeni il proqramı barədə ətraflı məlumat verib: “Yeni il şənliklərinə ən tez start verən mədəniyyət ocağı Musiqili Komediya Teatrıdır. Dekabrın 24-dən proqrama başlamışıq. Hər gün 4 seans olmaqla, yanvarın 6-na qədər fasiləsiz olaraq nümayiş olunacaq. Yeni il tamaşası Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm”ü əsasında hazırlanıb, “Dəcəl çəpişlər” adlanır. Təbii ki, yeni illə bağlı müəyyən əlavələr etmişik. Bizim qəhrəmanlarımız olduğu üçün uşaqlara daha da maraqlıdır. Uşaqlar birbaşa aktyorlarla ünsiyyət qura bilirlər. Sanki uşaqlar özləri də tamaşada iştirak edirlər. Quruluşçu rejissor Əhəd Hacıyev, rejissoru Anar Sadıqovdur, musiqi tərtibatı Mehman Fərəcova məxsusdur. Rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Yeni ilin əsas personajları Şaxta babanı əməkdar artist Novruz Qartal və Məhərrəm Qurbanov, Qar qızı isə Gülnarə Əzizova və Afət Orucova ifa edirlər. Biletlərin qiyməti 8 AZN–dir. Biletə karnaval, tamaşa və hədiyyə aiddir”.

 

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı da təmsil etdiyi teatrın Yeni il tamaşaları haqqında danışıb: “Yeni il tamaşaları dekabrın 26-dan gündə 4 seans olmaqla nümayiş olunur. Artıq biletlər satılıb. Builki tamaşa “Nağıllar aləmində” adlanır. Xalq artisti Bəsti Cəfərovanın quruluşunda Azərbaycan xalq nağıllarından seçmələr əsasında hazırlanıb. Kifayət qədər maarifləndirici və əyləncəli tamaşadır. Biletlərin qiyməti 6 AZN –dir. Düşünürəm ki, hər hansı restorana getmək əvəzinə, teatra gəlməklə büdcəyə qənaət etmiş olarlar. Bu gün Azərbaycanda teatr, ədəbiyyat və digər sahələrdə ciddi şəkildə maariflənməyə ehtiyac var. Uşaqların 3-4 yaşında teatrla tanışlığı onların gələcəkdə şəxsiyyət kimi formalaşmağına müsbət təsir göstərəcək. Müşahidələr göstərir ki, bir neçə dəfə teatra gələn uşaqlar artıq valideynlərini məcbur edirlər ki, onları teatra gətirsinlər. Ölkə teatrlarında mütəmadi olaraq, azyaşlılara uşaq tamaşaları təqdim olunur. Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə müqavilə imzalayıb. Azyaşlılar bilet əldə etməklə bu tamaşaları izləyə bilərlər. Sevindirici haldır ki, bu tamaşalarda boş yer olmur. “Anamın kitabı”, “Bu dediyim”, “Qaraca qız” kimi tamaşalara tələbat var. Sovet dövrü bitəndən sonra böyük bir boşluq yarandı. Bu, bütün sahələrə ciddi təsir göstərdi. 20 ildir ki, bunun əziyyətini çəkirik. Amma artıq ənənə formalaşmağa başlayır, uşaqlar teatr mədəniyyəti ilə tanış olurlar”. 

 

Hər üç qonaq teatrlarda yeni il şənliklərində uşaqlara təqdim olunan hədiyyələrin sertifikatlaşdırdıqlarını bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR