İntihara əl atanlar sabaha ümidsiz baxanlardır

İntihara əl atanlar sabaha ümidsiz baxanlardır
22:22 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

"Biz həyatı necə görürüksə, eyni şəkildə qarşılıq alırıq. Əgər həyatın süründürməçi olduğunu düşünürüksə, elə ömür boyu sürünəcəyik. Yox, əgər onu mübarizə meydanı olaraq görürüksə, daim mübarizədə olacağıq. Həyatı pozitiv görürüksə, elə bütün problemlərin də öhdəsindən bu düşüncə ilə gələcəyik". 

Gün ərzində saytlarda müxtəlif ölüm xəbərlərinə rast gəlirik. Bunların arasında intihar halları xüsusi yer tutur. Ümumdünya Səhiyyə Təşkilatının apardığı hesablamalar göstərir ki, hər il dünyada 1 milyon insan intihar edir. Bu intiharlar ailədaxili münaqişələr, cəmiyyətdəki haqsızlıq, özünəqapanmaq, şəxsiyyətin formalaşmaması və s. kimi müxtəlif səbəblərdən qaynaqlanır. Son illər Azərbaycanda qeydə alınan intiharlar arasında kredit borcu səbəbilə baş verənlərin də sayı kifayət qədərdir. Borcunu ödəyə bilməyən insanların özünə qəsd etdiyinin şahidi oluruq. Bəs, görəsən, bu insanlar intiharın çıxış yolu olmadığının fərqindədirlərmi? Çarəsizlik, yoxsa problemin həllinə yönəlməmək? İradə faktoru burada rol oynayırmı?

 "İntihar etiraz formalarından biridir"

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bəzi insanlar tərəfindən intiharın etiraz forması kimi başa düşüldüyünü bildirdi: "Bu cür düşünən insanlara görə, intihar etiraz formalarından biridir; istər cəmiyyətə, istərsə də mövcud vəziyyətə. Nə qədər neqativ də olsa, bu, bizim cəmiyyətimizdə baş verir. İntihara səbəb olan faktorlar çoxdur. İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır. Stress, şok effekti, narahatçılıqdan qaynaqlandığı üçün insanlar bu addımı atırlar. Hər insanın bir cür düşüncəsi, yanaşması var. Bütün insanlar eyni cür düşünə bilməzlər. Kimisi çarəsizlik anında özünə qapanır, kimisi daha yaxşı çalışmağa başlayır, kimisi isə özünə qəsd edir. Həmin vəziyyətdə intihara əl atanlar sabaha ümidsiz baxan insanlardır. Bilirsiniz, insan hər bir şəraitə, vəziyyətə adaptasiya olur. Sadəcə, bunun üçün müəyyən bir vaxt tələb olunur. Həmin gərginlik anında səbir edib, iradəli davrana bilsələr, onlar bütün problemlərin öhdəsindən gələcəklər".

 "Hər bir problemin həlli insanın özündədir"

Psixoloq Ramil Nəcəfli bildirdi ki, intihar çarə demək deyil: "İnsanlar gərginlik zamanı öz imkanlarının fərqində olmurlar. Problemlərin ovcunda olarkən insanın, belə demək mümkünsə, beyni pas tutur və çarələri görə bilmir. Düşüncələr daha çox problemə fokuslanır, nəinki onun həllinə. Ona elə gəlir ki, artıq çarə yoxdur, mövcud vəziyyətdən çıxmaq üçün çox gecdir və onun əlindən heç nə gəlmir. Özünü belə bir burulğanın içində hiss edən insan intiharla canını qurtarmaq istəyir. Lakin onunla söhbət apararaq borcunu ödəməyin müxtəlif yolları olduğunu izah etmək lazımdır. Onun kreditləri ödəmək üçün imkanlarının olduğunu nəzərinə çatdırmaq bir növ gözünü açır. Hər bir insanın probleminin həlli həm də onun özündən asılıdır. Sadəcə, həmin anda insanın ağlına gəlmir. O, düşünməlidir ki, əgər mən bu yaşa qədər gəlmişəmsə, deməli, mənim müəyyən sahədə təcrübəm, bacarığım, əldə edə biləcəyim nələrsə var. Deməli, bu vəziyyətdən də çıxa bilərəm. Həmin vəziyyətdə psixoloqa müraciət etmək çox yaxşı olar. Cəmi bir neçə sualla onu mövcud vəziyyətdən çıxarmaq mümkündür".

Psixoloq onu da qeyd etdi ki, burada müəyyən qədər iradə zəifliyi də rol oynayır. Güclü insanlar ən çətin problemlərin belə öhdəsindən gəlməyi bacarırlar. İnsanın xarakterini davranışlar toplusu təşkil edir. Eyni hərəkəti dəfələrlə təkrar etdikdə bu onun xarakterinə çevrilir.

"Biz həyatı necə görürüksə, eyni şəkildə qarşılıq alırıq. Əgər həyatın süründürməçi olduğunu düşünürüksə, elə ömür boyu sürünəcəyik. Yox, əgər onu mübarizə meydanı olaraq görürüksə, daim mübarizədə olacağıq. Həyatı pozitiv görürüksə, elə bütün problemlərin də öhdəsindən bu düşüncə ilə gələcəyik",-deyə R. Nəcəfli bildirdi.

Çarəsizlik çox zaman burnumuzun ucunda olan həll yollarını görməyə mane olur. O qədər fikrə, dərdə qapılırıq ki, problemdən çıxış yollarını görə bilmirik. Halbuki hər yol bir qapıya aparır. Can Allahın insana verdiyi, bütün dəyərlərin daşıyıcısı sayılan bir əmanətdir. Odur ki, bir insanın öz iradəsi ilə özünə qıyması həm də onu yaradana qarşı çıxması deməkdir. İnsan daim ümid içində yaşamalı və sabaha inamla baxmalıdır. Heç bir problem, heç bir borc, heç bir kredit həyatımızdan qiymətli deyil... 
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR