Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Onu biz seçmirik, bizim üçün seçən seçir

Onu biz seçmirik, bizim üçün seçən seçir

Date: 29 December 2015 23:17

Biz öz valideynlərimizi sevmədiyimiz kimi, mənsub olduğumuz xalqı, vətəni də seçmirik. Bizi bu vətənə, bu vətəni bizə bizi Yaradan seçir. 

Vətən sevgisi, dünyaya göz açdığın, ilk xatirələrinin ünvanı, doğmalarının cəm olduğu, səni insan kimi formalaşdıran mənəvi dəyərlərin hakim olduğu yurda, topluma, torpağa bağlılıq müəyyən qədər fitridir, yəni insanın yaradılışında var. Hara getsən də, hansı ölkələri məskən tutsan da, köhnə kişilər demiş, lap Misirə sultan olsan da, ilk gördüyün həyət-baca, ağaclar, insanlar, dağ-dərə, əyri-üyrü cığırlar, yollar ömür boyu səninlə gedir və ən qəribəsi budur ki, qocaldıqca sənə daha da yaxınlaşır, gündüzlər xəyalından, gecələr yuxularından getmir.

İlk sevgi kimidir vətən sevgisi, nə qədər silsən də, sabah görürsən ki, əvvəlki təravətində, əvvəlki görkəmi ilə yenə sənin içində, ürəyinin başındadır.

"Vətən sevgisi imandandır" - buyurur Könüllər Sultanı uca Peyğəmbərimiz (Allahın səlatı və salamı Onun üzərinə olsun!). Yəni, vətən sevmək imanın bir şöbəsidir, mövzunu bir qədər də açmaq istəsək, imanı olan kimsənin vətənini sevməsi təbii haldır.

Sovet hökumətinin qanlı illərində onun antiinsan siyasətini bəyənməyən, qəbul etməyən insanları daha çox iki adla damğalayırdılar: xalq düşməni, vətən xaini. Çox ağır ittihamlardır, eləmi? Amma nə qədər ağır olsa da, əcdadımızın yaşadığı ağır həqiqətlərin nişanəsi kimi qalıb yaddaşlarda. Bu ifadələr əslində sökülüb-dağılmış və istifadəyə yaramayan işğəncə yerləri, həbsxana kameraları kimi qalır dilin bir bucağında. Halbuki onların əksəriyyəti vətənini, xalqını sevən,  dürüst insanlar olublar. Sadəcə, o dövrdə hakim sistem ədaləti, dürüstlüyü həzm edə bilmədiyi üçün onları o adlarla damğalayıb.

Bir həqiqəti unutmaq olmaz ki, ədalət insanı insan edən xarakterlərin tam mərkəzində yerləşir. Əslində ədalət hər kəsi və hər şeyi layiq olduğu məsafədə tutmaq, hər kəsi layiq olduğu qədər sevmək, hər kəsə layiq olduğunu verməkdir. Əgər bir insanda bunlar yoxsa, onun nə vətən sevgisinə, nə xalq məhəbbətinə inanmaq mümkündür. Çünki sevgi ədalətdir, ədalət hər şeyi öz yerinə oturdan möhtəşəm bir sistemdir.

Vətənpərvər olmaq ədalətli olmaqla yanaşı, həm də məsuliyyətli olmaqdır, çalışqan olmaqdır, insanlara daha çox fayda verə bilmək üçün çırpınmaqdır. Sən ha de ki, mənim tarixim bütün xalqlardan daha qədim, mənim şairim daha güclü, mənim mədəniyyətim daha zəngindir... Bunları bir tərəfə qoyaq və hər kəs özündən danışsın. Sən kimsən, nə işin sahibisən, işini adam kimi doğru-düzgün tamamlaya bilirsənmi, gündə neçə dəfə yalan danışırsan, qeybət edirsən, alçalırsan, alçaldırsan, həyat standartını bir az da yüksəltmək üçün neçə cilddən-cildə girirsən, günün iyirmi dörd saatını necə yola verirsən, kiməsə faydan dəyirmi?..

Etiraf edək ki, bu gün dünyada bizim kifayət qədər tanınmış bircə dənə də olsun markamız yoxdur. Bizi, sadəcə, neft ölkəsi kimi tanıyırlar.

Avtomobil almaq istəyəndə alman malı axtarırsan, radiotexnika seçəndə yapon cihazları üstün tutulur, tibb sahəsində Avropaya altdan-yuxarı baxırıq, xaricdən mühəndislər, həkimlər gətirib burada çalışdırırıq... Səbəb? - Özümüzünkünə güvənmirik, çünki onlar qədər bilikli, bacarıqlı deyillər.

Vətənpərvərlik - öz işini ən gözəl şəkildə yerinə yetirməkdir, əl buladığı hər işdə usta olmaqdır, dürüstlükdür, ədalətdir, başqalarına hörmət etməyi bacarmaqdır, savadlı, bacarıqlı, təşəbbüskar olmaq, hər işin daha yaxşısına, daha mükəmməlinə can atmaqdır...

Bunlar yoxsa, heç vətənpərvərlikdən danışmasaq yaxşıdır, çünki nə desək, hamısı boş, hamısı əfsanə...
"Zaman Azərbaycan"


Tags:  Onu biz seçmirik bizim seçən seçir


RƏYLƏR


Top news